MÜTALİƏ MƏDƏNİYYƏTİ –17.Mütaliənin mahiyyəti Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir. 

Azərbaycan Ədəbiyyat Fondu@

 

17.

MÜTALİƏNİN MAHİYYƏTİ

Hər bir mütaliə məhsulunun arxasında onun müəllifi – yazıçılar, jurnalistlər, alimlər, pedaqoqlar, filosoflar, mütəxəssislər dayanırlar, demək, hər bir məhsulun da öz hədəf qrupu, məqsəd və məramı vardır. Mütaliə mahiyyətcə fərdi psixoloji proses olsa da, cəmiyyətin sosial həyatına, ictimai marağın istiqamətlərinə, mövcud maraqların məhsulu olan yeni ideyaların yayılmasına, bütövlüklə hamının malına çevrilməsinə imkan yaradır. Bu qəbildən, mütaliə məhsulları sadaladığımız parametrlərə uyğun olaraq aşağıdakı növlərə bölünürlər:

-əhəmiyyətli və faydalı, 

-öyrədici, 

-asudə vaxtı keçirməyə yönəli, 

-əhəmiyyətsiz.

Təbii ki, bizim mövzumuz özündə yalnız əhəmiyyətli və faydalı mütaliə məhsullarını ehtiva edir. Demək, müəllifin ərsəyə gətirdiyi mütaliə məhsulu bütün müsbət meyarlara və parametrlərə uyğundursa, onun oxunması cəmiyyət üçün faydalı hesab edilir. Beləcə də gəlib çıxırıq məsələnin ikinci tərəfinə. Həmin məhsulun oxucuya çatdırılması və oxunması məsələsinə.

Hədəf qrupumuz yeniyetmə və gənclər olduğundan, onda əhəmiyyətli və faydalı, öyrədici bölümlər bizim prioritetimizdir, burada isə əsas yerlərdə bilik almaq, məlumatlanmaq, tərbiyələnmək, habelə vətənpərvərlik keyfiyyətləri əxz eləmək dayanır.

Kitabları oxunması baxımından üç qrupa ayırmaq olar.

Birincisi, stolüstü kitablardır. Bunlar bir dəfə oxunaraq tərk edilmir, əksinə dönə-dönə mütaliə edilir. Qida kimi hər zaman onlara ehtiyac vardır.

İkincisi, elmi-tədqiqat əsərləridir. Bunlara da lüğətlər, ensiklopediyalar, hər hansı bir elm sahəsinə aid yazılmış kitablar, terminoloji əsərlər və s. daxildir. Bu tip kitablar da dərman kimidir. Ehtiyac duyulduğu zamanlarda oxunulur.

Üçüncüsü də ümumi deyə biləcəyimiz, mədəniyyət, fikir, tarix, ədəbi və s. sahələrlə bağlı olan kitablar, əsərlərdir. Bunlar elmi tədqiqat obyekti olmaqla yanaşı, həvəskarlar tərəfindən də həvəslə oxunulur. Bu cür kitablar adətən ən çox müraciət olunan kitablar olur.

 

Növbəti: 18.Elektron, yoxsa ənənəvi kitablar?

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.