“Mütaliənin faydaları və kitabların sağaldıcı təsiri" Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı dünya və insanlıq sevgisiylə dolduracaq"

(M. Qorki) 

 

İstərdim bu gün bir qədər mütaliənin faydaları və kitabların sağaldıcı təsirindən danışaq.

Mütaliə bir çox yerdə bizim əlimizdən tutur. İnsanlarla daha rahat ünsiyyət qurmaq, daha aydın və effektli nitq söyləmək, özünü daha yaxşı ifadə etmək lügət ehtiyatını zənginləşdirmək, asudə vaxtını ən faydalı şəkildə dəyərləndirmək, hər gün yeni biliklər öyrənmək və dünyagörüşümüzü genişləndirmək üçün, deyə bilərəm ki, ən gözəl yol mütaliədən keçir. 

Kitab oxumaq elmimizi, biliyimizi artırmaqla  bərabər, həm də ruhi və zehni sağlamlığımız üçün də çox faydalıdır.

Çünki kitab oxumaq həmçinin bir terapiya (müalicə) üsuludur.

Daha aydın desək kitab, "Biblioterapiya"  adlanan və kitab oxunmaqla həyata keçirilən bir müalicə üsulunun əsasıdır.

Biblioterapiya qədim yunan sözü olub tərcüməsi "kitabla müalicə" deməkdir.

Psixoterapiyanın bir forması olan biblioterapiyanın tarixi çox qədim dövrlərə gedib çıxır.

Belə ki, mənbələrə görə Misir fironu II Ramzesin kitabxanasının girişində üzərində "Qəlb üçün dərman" sözləri yazılmış lövhə asılmışdır.

Qədim yunan filosofu və riyaziyyatçısı Pifaqorun da bir sıra xəstəliklərin müalicəsində musiqi ilə yanaşı kitablardan da istifadə etdiyi bildirilir.

Orta əsr mənbələrində qeyd olunduğuna görə 1272-ci ildə Qahirədə Əl-Mənsur  xəstəxanasında Qurani-Kərimdən  müalicə üsulu kimi istifadə olunmuşdur.

Avropada isə biblioterapiyanın əsası ilk dəfə kilsə kitabxanalarında qoyulmuşdur. 

Yəni hələ uzun illər öncə, ta qədim zamanlarda belə kitablar insanlar üçün bir müalicə vasitəsi olub.

Biblioterapiyanın ilk dəfə  bir termin kimi işlənməsi isə Samuel Mc Chord Crothersin adı ilə bağlıdır.

Bibloterapiyanın insanın psixoloji sağlamlığına bir çox faydası vardır.

Biblioterapiya şəxsin yaşamaqda olduğu problemin yalnız onun başına gəlmiş bir problem olmadığını, bir çox insanın da bənzər çətinliklər yaşadığını görməsini təmin edir.

Kitabı oxuyan şəxs özünü tam olaraq qəbul etməyə başlayır. Həmin insanda vaxt ötdükcə özünə qarşı inam hissləri daha da artır. 

Kitablar həm də bir qaçışdır deyərdim, qaçmaq və səni heç kəsin tapa bilməyəcəyi özünəməxsus gizli bir dünyaya sığınmaq.. Çünki, insan kitab oxuyarkən qısa bir müddət belə olsa, uzun-uzadı onu düşündürüb üzən şeyləri unudur. 

Kitab oxumaq insanın əsəblərini sakitləşdirir və bir kitabı oxuyub bitirdikdən sonra insan özünü çox daha yaxşı hiss edir.

Mütaliənin stresi azaltdığı elmi araşdırmalar nəticəsində də sübut olunmuş bir həqiqətdir.

Kitab oxumaq insanda önyarğı vərdişinin tərbiyə olumasına və empatiya qurmaq vərdişinin inkişaf etməsinə kömək edir.

İnsan bəzən günlərlə oxuduğu bir kitabın təsirinə düşür, bəzən bəzi obrazlara əsəbləşib, bəzilərini doğması kimi çox sevir. 

Kitab oxumaq insanın dünya görüşünün inkişafında yeni üfüqlər açır. Kitablar eyni zamanda bizə istər maddi istər mənəvi olaraq müxtəlif dünya və zamanlara səyahət etmək imkanı təmin edir. Kitablar ən ucuz, ən sərfəli və ən rahat səyahət vasitəsidir.

Əsəbi və ya məyus olduğunuz anlarda əlinizə bir kitab alın, əvvəl qoxusunu çəkin ciyərlərinizə, karbon qazıyla birlikdə içinizdəki mənfi enerjini də qovub çölə atın və sonra oxumağa başlayın. Vərəqlər bir-birinin arxasınca qaçmağa tələsdikcə və siz sətirlərin içində daha dərinlərə qərq olduqca hirsiniz üzərinə günəş şüası düşmüş buz parçası kimi əriyib yox olacaq və siz özünüzdən xəbərsiz rahatladığınıza şahid olacaqsız.

Kitablarda yazılmaz bəlkə bu, amma, hər nə qədər özündə ağrılı həyat hekayələrini daşısalar da kitablar sağaldır.

Dünyaya qarşı özünüzə kitablardan ibarət bir mütaliə divarı hörün!

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.