MÜTALİƏ MƏDƏNİYYƏTİ – 14.Mütaliənin hərtərəfli olması qaydası Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

14.

MÜTALİƏNİN HƏRTƏRƏFLİ OLMASI QAYDASI

 

“Nə gəldi oxuma!” – şübhəsiz, bu tövsiyyələri hər biriniz eşitmisiniz. Həqiqətən də, mütaliə zamanı seçim imkanlarından istifadə etmədən kortəbii şəkildə nə gəldi oxumaq əsla yolverilməzdir.

Kitab anlayışına bu formatda çap edilən istənilən çap məhsulu aiddir. Gəlin unutmayaq, heç bir bədii şuradan, senzuradan, yoxlamadan keçməyən, müəllif hesabına çap olunan minlərlə kitablar var ki, onlar oxucu zövqünü korlayır, onlara fayda vermək əvəzinə aqressiya, küskünlük, ətrafdakılara nifrət hissi aşılayır, onları səhv yollara sürükləyir. Dövlətin nəşr prosesinə müdaxilə etməməsi bu cür əyriliklərə, neqativliyə yol açır. Buna görə də müəlliflərin öz məsuliyyətlərini bir kənara qoyub (hər kəs özünü dahi sanır), naşirlərdən maddi gəlir naminə bu sayaq kitablara meydan verməməyi tələb etməyin əsil zamanıdır.

Biz seçmələdik və ziyanlı kitabları yox, faydalılarını seçdik. Bu, işin birinci tərəfidir. Bəs bu faydalıları necə gəldi, hansı ardıcıllıqla oldu oxumağımız düzgündürmü? Bu isə işin ikinci tərəfidir.

Təsadüfi deyil ki, mütaliəni məktəbə bənzədirlər. Hər bir məktəbin dərəcəsi, öz sinifləri olduğu kimi, mütaliənin də dərəcəsi və sinifləri vardır. IX sinif proqramını mənimsəməmiş şagirdin X sinfə keçməsi mümkün olmadığı kimi, oxucunun bilik səviyyəsinə uyğun gəlməyən kitabı mütaliə etməsi də ona lazımi fayda verə bilməz.

Çox kitab oxumaq heç də əsas şərt deyil. Əsas şərt oxuduğunu başa düşmək, dərk etmək, ondan nəticə çıxarmaqdır.

Mütaliənin müəyyən sistem üzrə aparılması şərtdir. Pedaqoq və alimlərdən bir çoxu bədii ədəbiyyatı tarixi xronoloji qayda ilə mütaliə etməyi məsləhət görür. Əvvəl keçmişi, sonra müasiri.

Əks xronoloji qayda da var, əvvəl yaxın dövrləri, get-gedə uzaq dövrləri.

Belədə adi oxucu uzun müddət müasir ədəbiyyatdan uzaq düşür. Digərində isə klassiklərdən bixəbər olur. Bəs qızıl qayda hansıdır? Oxucu bədii əsərləri paralel olaraq iki istiqamətdə mütaliə etməlidir. Yeni və keçmiş. Çünki yenini mütaliə etməyən müasir həyatdan ayrı düşür, keçmişi mütaliə etməyən isə mədəni inkişafdan geri qalar.

Sadə şəkildə şərh edilən kütləvi kitablardan başlayıb tədricən elmi kitablara keçmək məsləhət görülür. Oxucu birdən-birə çətin kitablara müraciət edərsə başa düşməz və onun mütaliəyə olan marağı sönər. Bacarıqla seçilmiş kitab mütaliənin müvəffəqiyyətli olmasını təmin edir.

Əsəri öyrənmək məqsədi ilə oxuyan oxucunun mütaliəsi onu poetik əsər kimi oxuyan oxucunun mütaliəsindən fərqlənir. Makedoniyalı İskəndər Homerin “İlliada”sını Axilles surətini bir ideal sayaraq dönə-dönə oxumuşdur.

 

Növbəti: 15.Mütaliəyə ayrılan zaman

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.