MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Yunus Oğuz, “Cığır” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

NƏSR                                                           

 

YUNUS OĞUZ

 

CIĞIR

(tarixi romandan bir parça)

 

Müharibə isə davam edirdi.

...Neçə gündür gözünə yuxu getmirdi. Ermənilər elə bil Murovdağda onların koordinatlarını əzbər bilir, başlarını qaldıran kimi atəşə tutur, mərmilər atırdılar. Murov zirvəsində onların tutduğu mövqe çox vacib idi. Buradan Kəlbəcərə yol açılırdı. İndi bu yüksəklikdə ilişib qalmışdılar. Buludlar yol göstərənləri, daş-qayalar səngərləri olmuşdu. Başqa yerlərdən, hətta uzaqdakı qaya arxasından da hücuma keçmək istəyəndə də üstlərinə mərmilər yağırdı.

Ara bir qədər sakitləşəndə, o, qayanın dibində oturdu. Buranı nə külək tuturdu, nə güllə. Elə o dəqiqə də göz qapaqları örtüldü. Hardasa general Polad Həşimovun qəbri göründü. General həmişəki kimi gülümsəyirdi. Onun məzarının yanında üstü qara mərmərdən hörülmüş bir qəbir də vardı, amma üstündə şəhid olanın nə adı vardı, nə də şəkli. Öz-özünə sual verdi: “Bu kimin qəbridir?” Cavab tapa bilmir, gözlərini də ünvansız mərmərdən çəkə bilmirdi. Bu zaman Poladın şəkli danışmağa başladı:

-Bu qəbrin sahibinin kimliyini bilmək istəyirsən? - Onu təəccüb bürüdü. Şəkil dil açıb danışa bilərmi, bu olası iş deyil? - Əsgər, hələ tezdir.

İstər-istəməz dodaqlarının arasından sual çıxdı:

-Nə hələ tezdir, generalım?

General yenə gülərüzlə cavab verdi:

-Bu qəbrin sahibinin kim olduğunu bilmək tezdir.

-Niyə?

-Onu özün lap yaxında biləcəksən. Bilirəm Vətən müharibəsi başlayıb. Qarabağ işğaldan azad edilir. Torpaq uğrunda şəhid olanlardan birinin yeri ola bilər, bu qəbir. Ayaqyalın qaçqın düşən körpələr, bu gün Qarabağa tank üstündə, əsgər çəkmələrilə qayıdır...

Cəbrayıl güllə səsinə gözlərini açdı, ancaq generalın gülümsər sifəti gəlib durmuşdu qarşısında, çəkilib getmirdi. “Bu nə sirri-xudadır?”-öz-özünə sual verdi.

O da qaçqın idi, əslən Zəngilandan idilər, ancaq özü Sumqayıtın Corat qəsəbəsində doğulmuşdu.

Birdən elə bil beynində şimşək çaxdı.

- “Dur, dayan! -Ürəyində danışmağa başladı. - General necə dedi? Torpaq uğrunda şəhid olanlardan birinin yeri ola bilər, bu qəbir. Dayan, dayan! O qəbir niyə mənim olmasın, niyə mən şəhid olmayım?”

Ürəyinə elə bil təpər gəldi. Qərarını qəti vermək istəyəndə anasının haradansa səsini eşitdi:

-Cəbrayıl, oğlum!!!

O, istəyini qətiləşdirmişdi. İstəmədən ağzından çıxdı:

-Vətənə canım fəda olsun, məndən nigaran qalmayın!

Xüsusi təyinatlıların yüngül silahları karına gələ bilərdi. Süngü, kiçik avtomat, tapança, əl qumbaraları qəfil hücum üçün ən yaxşı vasitələr idi.

O, dostu Amili əl işarəsilə yanına çağırdı. Amil çox çətinliklə onun yanına gələ bildi. Qaya təbii səngər olduğundan Cəbrayıl uzaqdakı keçidi göstərib dedi:

-Amil, o keçidi görürsən?

Əsgər əlini qaşlarının üstünə aparıb cavab verdi:

-Hə, görürəm, nə olsun?

Cəbrayıl söhbəti uzaqdan başladı.

-Bax, qardaşım! Burada yüz əlli əsgərimiz şəhid olub. Daha heç kimin ölməsini istəmirəm. Mən o dar keçiddən düşmənin arxasına keçəcəm. Onların atəş nöqtəsini susdurmaq lazımdır və mən bunu edəcəm.

Amil:

-Bəlkə bölməni də götürəsən, - deyə soruşdu.

O, qəti etiraz etdi:

-Yox, olmaz! Əgər ermənilər buradan kiminsə atəş açmadığını görsələr, şübhələnəcəklər. Odur ki, siz burada qalın. Bir saatdan sonra atəş səsləri eşitməsəniz, bilin axırlarına çıxmışam. Hə, di gəl vidalaşaq.    

Onlar qucaqlaşdılar, ancaq heç birinin ağlına gəlmirdi ki, bu, vida görüşüdür; bu, son qucaqlaşmadır. Onu sonuncu qucaqlayan isə cənazəsinə bürünəcək üç rəngli bayraq olacaq.

O, çığırla dar keçidə doğru irəlilədi. Bir saatdan sonra düşmənin atəş nöqtələrini susdurmaq, iri çaplı silahları zərərsizləşdirmək lazım idi. “F-5” iki əl qumbarasını hazır vəziyyətə gətirib bir az da yaxınlaşdı. Sonra qumbaraları növbə ilə, birini iki minamyot, birini də iki top duran tərəfə atdı. Qəfil partlayışdan ölən öldü, dağılan dağıldı. Sağ qalanlar isə həyəcanla qışqırdılar:

-Türklər gəldi, türklər gəldi!

Ermənilər hara gəldi güllə atmağa başladılar, amma hədəf kimi heç kimi görə bilmədilər. Güllələr daşa, qayaya dəyib vıyıltı səsləri çıxardırdılar. Və birdən sükut yarandı. Cəbrayıl bundan istifadə edib iki güllə darağını onların üstünə boşaltdı. Daha sonra tapançasını çıxardıb sağ olanların axırına çıxmaq istədi. Amma deyəsən düşmənin sayı çox idi. Onların da gülləsi qurtarmışdı. Qorxularından hara gəldi atıb sərf etmişdilər. Süngüsünü çıxardıb “Ya Allah!” hayqıraraq ermənilərin içinə atıldı. Elə bil dinc vaxtı sakit gəzən, özünə iş axtaran gənc bu deyildi. Ayaqları, qolları, xüsusən də süngünü tutduğu əli avtomat kimi işləyirdi. Düşməni ot kimi biçirdi. Bir də baxdı ki, istehkamın içindədir. Qarşısında iki zabit dayanıb. Deyəsən, yüksək çinli zabitlərə oxşayırdılar, amma gözləri qan çanağına dönmüş Cəbrayıl üçün fərq etməzdi. Zabitlərdən biri əlini qoburuna atıb tapançasını çıxartmaq istədi. Doğrusu, onun əliyalın görünməsi hər iki zabiti təəccübləndirdi. “Bu qədər əsgərin içindən o, necə sıyrılıb bura gəlib?” Cəbrayıl bu sualı hər ikisinin üzündən oxudu. Sərrast bıcaq atışı ilə bir zabiti elə əlini tapança qoburunun üstündə saxladı. Bıçaq düz ürəyinə girmişdi. İndi o, lap əliyalın idi. Qolunu qaldırıb o biri zabitə şapalaq vurdu. Zabit yıxılan kimi onun üstünə tullanaraq iki əlini kəlbətin kimi boğazına yapışdırdı. Çox çəkmədi zabitin ayaqlarının titrəməsi də kəsdi. Ayağa durmaq istəyəndə arxadan güllə açıldı. Cəbrayıl dönüb güllə atana baxdı. Yaralı düşmən əsgəri idi. Sən demə onlardan biri yaralı halda bura gəlib çıxa bilmişdi. Cəbrayılın köksündən dəyən güllə onu yerə çökdürdü, amma son anda hayqıra bildi.

 -Ehey... generalım, gəlirəm!

Amilgilin bölməsi düşmən mövqeyinə girəndə artıq orada heç kim qalmamışdı. Hər yer erməni cəsədlərilə dolu idi. Sonradan bilinəcəkdi ki, Cəbrayıl Dövlətzadənin bıçaqla öldürdüyü zabit polkovnik, əlilə boğduğu isə general imiş...

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.