MÜTALİƏ MƏDƏNİYYƏTİ – Mədəniyyət Nazirliyinin yorulmaz fəaliyyəti Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

6.

MƏDƏNİYYƏT NAZİRLİYİNİN YORULMAZ FƏALİYYƏTİ

 

Kitabın təbliği üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətini də ayrıca qeyd etmək yerinə düşərdi. Paytaxtın füsunkar Ekspo mərkəzində hər il beynəlxalq kitab sərgisinin keçirilməsi, ölkə kitabxanalarının ən zəruri və lazımlı kitablarla təmin olunması, yazıçıların dəyərli əlyazmalarının çapının maliyyələşdirilməsi, beynəlxalq kitab sərgilərində Azərbaycanın təmsil olunması bu sırada dayanan gərəkli işlərdir.

Elə hər dəfə xəbərlər lentində gözlərimiz bu sayaq xəbərləri almağa artıq öyrəşibdir: ...Mədəniyyət Nazirliyinin dəstəyi ilə görkəmli Azərbaycan şairi Səməd Mənsurun yaradıcılığı və əsərlərindən bəhs edən “Şeirlər. Felyetonlar. Pyeslər”  adlı kitab  işıq üzü görüb. Kitaba görkəmli şairin müxtəlif illərdə qələmə aldığı, sağlığında dövri mətbuat orqanlarında çap olunmuş şeirləri, felyetonları və pyesləri ilə bərabər, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan və şairin çap edilmiş kitablarına düşməyən əsərləri də daxil edilib. Kitab “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib.

...Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bərpanəşr” layihəsi çərçivəsində çap olunan “Искусство Азербайджана” adlı kitab nəşr olunub. Kitabda orta əsrlərdə Azərbaycanda yaradılmış görkəmli memarlıq abidələri, musiqi mədəniyyətimizin tarixi və incəsənətimizin zəngin nümünələri haqqında bəhs edilir. Kitab “Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib.

...Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan “Azərbaycan Violonçel İnciləri” adlı kitab Azərbaycan Demokratik Respublikasının 100 illiyinə, Qara Qarayevin anadan olmasının 100 illiyinə və Sabir Əliyevin 90 illik yubileyinə həsr olunub. İki cilddən ibarət “Azərbaycan Violonçel  İnciləri” adlı məcmuənin I-ci cildi ən nüfuzlu müsabiqələrdə ifa olunan, geniş yaradıcı palitranı özündə əks etdirən əsərlər toplusudur...

Bu cür xəbərlərin siyahısı uzandıqca uzanar...

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli vaxtaşırı respublika bölgələrinə səfər edərkən kitabxanaların vəziyyəti ilə mütləq tanış olur, qarşıya çıxan çətinlikləri öyrənir, onların həlli yollarını qısa müzakirədən sonra müəyyənləşdirib icrasını həll edir.

Nazirliyin nəzdində olan Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi “Kitab karvanı: İpək yolu ilə” layihəsini də ayrıca qeyd etməyə dəyər. Bölgələrə səyyar kitabxanaların ayaq açması, oradakı insanların, xüsusən də məktəblilərin maraqlı kitab dünyasına qovuşdurulması olduqca əhəmiyyətli bir işdir.

Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü ildə elan edilmiş qeyri-hökumət təşkilatları üşün qrant müsabiqəsinin prioritet sahələrindən birinin də mütaliə mədəniyyəti sahəsinin olması əlbəttə ki, bu sahəyə yönələn diqqət və qayğının bariz nümunəsidir.

Zəfərdən sonra böyük qayıdışın başlanması fonunda işğaldan azad edilən ərazilərimizin iqtisadi-sosial quruculuğu fonunda mədəniyyətin, o cümlədən kitabların da prioritetlik daşıması isə dövlətimizin kitaba və mütaliəyə olan diqqət və qayğısının növbəti təzahürüdür.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Qarabağ üçün kitabların toplanması və fondun zənginləşdirilməsi istiqamətində aksiyalar təşkil edildi. Medianın qarşısına çıxan mədəniyyət naziri Adil Kərimlinin çıxışı isə, əlbəttə ki, diqqətçəkən idi:  “Azərbaycan xalqı elmə, ədəbiyyata, oxumağa meyillidir və bu sahələr üzrə təşviqedici xalqlar içərisində yer alıb. Sevinirik ki, bu gün istər yeni texnologiya, istərsə də rəqəmsal dünyanın inkişafına baxmayaraq, klassik kitablar yenə də gündəmdədir. Bu da bizim üçün vacib şərtdir. İşğal dövründə azad edilən ərazilərdəki kitab və kitabxanaya ciddi ziyan dəysə də, kitab ənənəsi Qarabağa möhtəşəm formatda qayıdacaq”.

Növbəti: 7. Uğurlu olmaq üçün oxumalısan

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.