ALİ YIRTICI - Danile Kuinin "Ismayıl" romanı barədə Featured

“Ədəbiyyat və incəsənət” portalı tanınmış naşir Səbuhi Şahmursoyun dilimizə çevirdiyi Danile Kuinin “İsmayıl" romanı barədə Taryel Abdullayev məqaləsini diqqətinizə çatdırır. 

 

Həbsdə təkrar oxuduğum ən gözəl kitablardan biri, insan mədəniyyətinə kənar gözdən baxmaq - Danile Kuinin "Ismayıl" romanı. 

Kitab demək olar ki, İsmayıl adlandırlan bir qorilla-insanın insan-təbiət əlaqəsinə dair dialoqlarını ehtiva edir. Qorilla seçilməsinin səbəbi insana yaxın zəkaya sahib, ancaq insan olmayan bir canlı növü ilə insan mədəniyyətinə kənar gözdən baxmaqdir...

Kitabın əsas şüarı belədi: "İnsanlığın kökü kəsildikdən sonra qorilla üçün ümid olacaqmı?"

Kitabın mövzusunu izah etməkdənsə verdiyi mesajların üzərində durmaq daha maraqlı olardı. Məsələn, insanın xüsusi olması. 

Klassik dini düşüncə kainatın insan üçün yaradıldığını deyir. Bir zamanlar insanlar kilsənin əlində bayraq etdiyi antropik qanuna əsaslablr, kainatın, günəş sisteminin yalnız insan üçün var olduğunu düşünürdü. Bu düşüncəyə görə, kainatdakı hər bir varlıq, hər cisim, hər ulduz, hər toz buludu insan üçün xüsusi olaraq yaradılıb. Kilsə düşünürdü ki, onların inancına görə, Tanrının bir növ görünüşü və ruhu olan İsa Məsih dünyada mövcud olubsa, demək ki, insan kainatın yeganə sahibidir və onun mərkəzində olmalıydı.

Lakin sonra Qalilley və Kopernik kimi elm adamları səhnəyə çıxdı və bizə günəş sisteminin mərkəzində yer deyil, günəş olduğunu, günəş sisteminin nəhəng bir qalaktikanın kənarında kiçik bir məhlə olduğunu, qalaktikamızın da kainatı meydana gətirən yüz milyardlarla qalaktikadan sadəcə biri olduğunu göstərdi. Bu fikirlər ilk dəfə irəli atıldığı zaman buna qarşı çıxırdılar. Hətta Kopernik öz qanunlarını ortaya qoyduğunda ona qarşı olan dindar kütlə “Yer Kainatın mərkəzindədir və bütün göy cisimləri onun ətrafında fırlanır. Kopernikin sözləri şeytanın sözləridir və yalandır” deyirdilər.

Danile Kuinin "Ismayıl" kitabının mövzusu ilə bir növ həmin tarixə geri dönürük, bizə bir daha kainatın mərkəzində olmadığımızı, insanın xüsusi növ olmadığını, təbiətdə var olan milyonlarla növdən yalnız bir olduğunu bir qorillanın dili ilə çatdırır.

Tomas Hobbsun bir deyimini oxumuşdum: "İnsan varlığını davam etdirmək üçün daima digər insanlarla savaş içində olur". Məncə, Hobbsun bu yanaşması bir az əksikdi. İnsanın mövcudluğunu qorumaq üçün özü də daxil olmaqla, bütün canlıları istismar edən, məhv edən bir növ olduğunu deyə bilərik. Həqiqətən, insan -  təbiətdəki ehtiyacından daha çox şey təmin edən, kefinə görə öldürən, ürəyi istədiyi hər şeyi edən heyvan növüdür. Aslanın ceyranı təbiətdə öldürməsinin yeganə səbəbi qidalanmaqdı, insan isə kefinə görə qatil ola bilir. Bax Danile Kuinin bu məsələni kitabda qabardaraq insanın bu planetin sahibi olmadığını əsaslandırır.

Kitab oxuduqdan sonra National Geographic sənədli filmlərini fərqli bir gözlə izləməyə başlayacaqsınız. Çünki iki cümlədən biri həqiqəti əks etdirir. İnsanlığın təbiətə qarşı müharibəsi, təbiəti məhv etməsi və qalibiyyəti. Vəhşi meşələr dəhşətlidir, bunun əvəzinə biz istədiyimiz şəhərlərdə yaşıllıqlar yaradırıq. Vəhşi heyvanlar pisdir, buna görə hər biri sayılır, bəziləri zooparkda həbs olunmalı, bəziləri damğalanmalı, insan adları ilə adlandırılmalı və təbiətdə əhilləşdirilmiş heyvanlara çevrilməlidir. 

Bu kitabı oxuduqdan sonra sanki heyvanların bizim haqqımızda nə düşündüyünü öyrənəcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.