CƏZADAN QAÇMAQ OLARMI? - Bu gün AYB-də qırğız yazıçısı Sultan Rayevin “Dəlixana” romanı təqdim ediləcək Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Qırğızıstan Xaq yazıçısı, TÜRKSOY prezidenti Sultan Rayevin “Dəlixana” romanının təqdimatı keçiriləcək.

 

Qeyd edim ki, bu son dərəcə oxunaqlı olan roman qırğız, rus və türk dillərində artıq geniş auditoriya qazanıb, indi isə Azərbaycanı fəth etməyə hazırlaşır. 

Ondan başlayaq ki, romanda yüzlərlə il əvvəl ölmüş tarixi şəxsiyyətlərin ruhunu daşıyan yeddi nəfərin başına gələnlər təsvir olunur. Onlar həm özlərinin, həm də ruhunu daşıdıqları şəxslərin yol verdiyi günahların cəzasını çəkirlər.

Əsərin qəhrəmanları özlərindən də, cəzadan da qaçmaq üçün dəlixanadan qaçıb çöllərə düşürlər, Müqəddəs  torpağın axtarışına çıxırlar, Musa peyğəmbərin ardıcılları kimi səhrada dolaşmağa başlayırlar...

Bəşər övladının ruhu da, əzabı da əbədidir. Bədən dünyanı tərk etsə də, ruh cəzasını başqa bədənlərdə çəkməyə davam edir.

Bu yeddi nəfərdən başqa əsərin digər qəhrəmanı da ilanlardır. Günahkarların ruhunu qarabaqara isləyən, cisimlərinə ölüm bəxş edən ilanlar. 

 

Roman Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat Fondu və Hədəf Şirkətlər Qrupunun birgə layihəsi olan “Türk xalqları ədəbiyyatı” seriyasının ilk kitabıdır. Layihə rəhbərləri Ədəbiyyat Fondunun və Hədəf Şirkətlər Qrupunun baş direktorları Varis və Şəmil Sadiqdir. 

Kitabı dilimizə Aysel Oğuz çevirib, redaktorlar tanınmış yazıçı Yunus Oğuz və Cavid Qədirdir. Aysel Oğuz Yunus Oğuzun qızıdır. 

Qeyd edim ki, tədbirdə Azərbaycan ədəbi cameəsinin tanınmış simaları iştirak edəcəklər.

Giriş sərbəstdir.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.