Fransada nəşr edilmiş kitabda Azərbaycan tarixi abidələrindən də bəhs olunub

Praktiki Ali Tədqiqatlar Məktəbinin doktoru, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, islamşünas alim Kərim İfrakın “İslamda rənglər fəlsəfəsi” (Philosophie des couleurs en İslam) kitabı işıq üzü görüb.

 

AzərTAC xəbər verir ki, kitabda Azərbaycanın bir çox rəmzi məkanlarından da bəhs olunur. Müsəlman aləmində rənglərin mənası və rənglər vasitəsilə ideyaların ötürülməsindən danışılır. Yaradıcılığında artıq illüstrasiyada rənglərin işlənməsidən bəhs etmiş K. İfrak əlyazmalardakı rənglərdən də söz açıb. Müsəlman dünyasında rənglərin rəmzini açıqlayıb. Rənglərin ümumi qavrayışından bəhs edərək, Şərqdə rənglərin tarix boyu yolunu izləyir.

 

Kitabda Azərbaycanda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəki Xan Sarayında istifadə edilmiş rəngli şəbəkədən, eləcə də Nizami Gəncəvinin “Xəmsə”sindən danışılır, istifadə olunmuş rənglər haqqında məlumat verilir.

 

Kitabda yaşıl rəngin İslamda, xüsusilə də bayraqlarda daha çox işlənməsinə baxmayaraq, mistik göy rəngə, eləcə də qara və müqəddəs hesab edilən ağ rənglərə də üstünlük verildiyi şərh edilib. Müsəlman dünyasının zəngin ikonoqrafiyası və mistik duyğularla ötürülən rənglərin mənasını izah etmək üçün bildirilir ki, suyun rəngi onun qabından asılıdır. Kitabda müsəlman aləmində geometrik xalçaçılıqda da rənglərin böyük məna daşıdığı qeyd olunub.

 

“Ədəbiyyat və incəsənət”

(05.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.