Ukrayna KİV-də Azərbaycan şairi və tərcüməçisi Abbas Abdulla haqqında məqalə dərc edilib

YUkraynanın nüfuzlu “Çıtomo” ədəbi-internet nəşrinin saytında görkəmli Azərbaycan şairi və tərcüməçisi, Ukrayna ədəbiyyatının tədqiqatçısı, diplomat Abbas Abdulla haqqında geniş məqalə dərc edilib.

 

Həmin məqalənin müəllifi Marına Qonçaruk yazır ki, Abbas Abdulla (1940-2019) Azərbaycanın görkəmli və məhsuldar tərcüməçisi, Ukrayna ədəbiyyatının tədqiqatçısıdır. O, Ukrayna ədəbiyyatı nümunələrini ən yüksək ədəbi səviyyədə orijinaldan Azərbaycan dilinə tərcümə edib.

Marına Qonçaruk yazır: “Abbas Abdulla Gürcüstanın Bolus Kəpənəkçi kəndində dünyaya gəlib. O, 1958-1959-cu illərdə doğma kəndindəki məktəbdə müəllim işləyib, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində qiyabi təhsil alıb (1958–1963). Bundan sonra o, həm də Bakı Neft Emalı Zavodunda fəhlə, eyni zamanda, fabrikin çoxtirajlı “Neftayıran” qəzeti redaksiyasının əməkdaşı vəzifəsində çalışıb. Yalnız Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra aspiranturaya daxil olmağa hazırlaşanda, gələcək Ukrayna ədəbi irsinin tərcüməçisi o vaxt gürcü ədəbiyyatının tədqiqatçısı olmağı planlaşdırır, çünki o, doğma Azərbaycan dili ilə yanaşı, gürcü dilini də bilirdi. Bununla belə, işlər başqa cür oldu. Onun ixtisas imtahanını Azərbaycanın tanınmış dövlət və siyasi xadimi, filologiya elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsinin müdiri Şıxəli Qurbanov götürüb. O, Abbasın Ukrayna ədəbiyyatı üzrə mütəxəssis olmasında təkid edib: “Gürcü ədəbiyyatı üzrə çoxlu mütəxəssislərimiz var, yaxşıları da kifayət qədərdir. Hətta lazım olduğundan da artıq. Amma böyük xalq var, İttifaqda ikinci ən böyük - əlli milyonluq millət, lakin bizdə, təəssüf ki, onun ədəbi irsinin bir nəfər də tədqiqatçısı yoxdur... Faydalı məsləhətimə qulaq asın, Ukraynaya gedin. Müvafiq sənədləri alacam” deyən Şıxəli Qurbanovun dəstəyi ilə Ukrayna ədəbiyyatının görkəmli tərcüməçisi özünün tədqiqatçı və tərcüməçi yoluna qədəm qoyub. Belə ki, Abbas Abdulla 1964-cü ildə iki il müddətinə Kiyevə köçüb və orada Ukrayna SSR Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Şevçenko irsinin tədqiqi şöbəsində təcrübə keçib. O, Ukrayna dilini öyrənib, dissertasiya yazıb, sonra isə Ukrayna ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə bədii tərcüməsinə başlayıb. Abbas Abdulla Ukrayna xalqına, onun mədəniyyətinə böyük məhəbbət bəsləyib, hərçənd, onun sonrakı həyatı sürətlə dəyişib, inkişaf edib və görkəmli ziyalı Azərbaycanın nəinki ən böyük şairi, tərcüməçi və ədəbiyyatşünaslarından biri olub, həm də nüfuzlu ictimai-siyasi xadimə çevrilib, diplomat kimi fəaliyyət göstərib. Bununla belə, Ukrayna onun həyat eşqinə çevrilib və Abbas onun ədəbiyyatını, mədəniyyətini Azərbaycan xalqına yüksək bədii səviyyədə tanıda bilib. O, 100 il ərzində (1840-1940) Azərbaycan-Ukrayna ədəbi əlaqələrinə dair 200-dən çox əsərin və bir neçə monoqrafiyanın, Azərbaycan “Şevçenkiana”sı haqqında məlumatların və Bakıda inqilabdan əvvəlki Ukrayna “Prosvita” cəmiyyətinin fəaliyyəti haqqında tədqiqatların müəllifidir. Abbas Abdulla, həmçinin bir neçə orijinal şeir almanaxı, o cümlədən “Ata yurdu” (1970), “Ağlı-qaralı dünya” (1980), “Sübhlə üz-üzə” (1984), “Sonsuzluğa gedən karvan” (1987), "Ukrayna naxışları" silsiləsini, Ukrayna mövzularına həsr olunmuş şeirləri də ərsəyə gətirib”.

Tərcüməçi və tərtibçi kimi o, Ukrayna poeziyasının iki antologiyasının – “Bayraq və Günəş” (1978), “Körpülər”, həmçinin T.Şevçenkonun “Fikirlərim, düşüncələrim” şeirlər külliyyatının, “Qızıl buğda” Ukrayna nəsr məcmuəsinin (hamısı – 1979) yaradılmasında mühüm yaradıcılıq səyləri göstərib. Abbas Abdullanın tərcüməsi ilə İvan Kotlyarevskinin “Natalka Poltavka”, Lesya Ukrainkanın “Rusalka” məcmuəsi, Maksım Rılskinin “Susuzluq”, İvan Draxın “Qəlbin görkəmli yerləri” və “Şeirlər və poemalar” əsərləri nəşr edilib. Abbasın bir neçə əsərlərini isə Ukrayna dilinə Nikolay Miroşnıçenko, Pavlo Movçan, Dmitri Pavlıçko, Petro Perebiyinis və başqaları tərcümə ediblər.

Müəllif qeyd edib ki, Abbas Abdulla Ukrayna ədəbiyyatının Azərbaycan dilinə yüksək bədii tərcümələrinə görə 1984-cü ildə M.T.Rılski adına Ədəbiyyat Mükafatının (Ukraynanın tərcüməçilərə verilən ən yüksək dövlət mükafatı) laureatı olub.

 

(AzərTAC-ın materialı əsasında hazırlanıb)

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.