Böyük siyasətçinin məscid rəsminə diqqət artır


Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçil bizim yaddaşımızda 2-ci dünya müharibəsi filmləri ilə qalıb. O, ABŞ prezidenti Ruzvelt və Sovet rəhbəri Stalin faşist Almaniyasını üçlükdə məğlub ediblər. Amma Çörçil həm də gözəl rəssam olub.
“Ədəbiyyat və incəsənət” portalı Rusiyanın “İzvestiya” nəşrinə istinadən məlumat verir ki, bu yay Çörçilin çəkdiyi bir rəsm əsəri Nyu-Yorkdakı hərracda $1,8 mln satılıb, Phillips hərrac evinin saytında bu xəbər yerləşdirilib. Rəsm 1921-ci ilin avqustunda yağlı boyayla çəkilib, ölçüsü 76x63,3 sm-dir.
Kətanda meşə, habelə kiçik bulaq təsvir olunub, Çörçil bu rəsmi naturadan Brekls şəhəri yaxınlığında çəkib. Əsər hərraca qədər yunan sahibkarı Aristotel Onassisin (1906-1975) kolleksiyasının bir hissəsi idi.
Daha öncə - mart ayında məşhur  Hollivud aktrisası Ancelina Coli Britaniya siyasətinin simvolunun rəsmləri üçün ən rekord qiyməti fiksə etdirərək onun rəsm əsərinə görə $11,5 mln. qazanıb. Bu, keçmiş baş nazirin 1943-cü ildə ABŞ-ın sabiq prezidenti Franklin Ruzveltə hədiyyə etdiyi məşhur “Əl-Kutubiya məscidinin minarəsi" əsəridir ki, taleyin hökmü ilə gəlib Anjelina Coliyə qismət olmuşdu. Ancelinadan sözügedən rəsm əsərini alan adı açıqlanmayan bir yəhudi kolleksioner olub ki, sentyabr ayında o, rəsm əsərini yenidən auksiona çıxarmaq fikrindədir.
Olduqca sirli-sehirli aurası olan bu rəsm əsərində təsvir edilən Əl-Kutubiyə məscidi (ərəb dilində kitabçıların məscidi anlamını verir) Mərakeş paytaxtının ən böyük məscididir, 12-ci əsrdə inşa olunub, 69 metrlik minarəsi ona xüsusi gözəllik verir.
Bildirək ki, Uinston Çörçill 40 yaşı olanda rəssamlıqla məşğul olmağa başlayıb. Həyatı boyunca o, 540 rəsm əsəri çəkib ki, bunların əksəriyyəti özəl kolleksiyalarda və ya onun nəsil nümayəndələrinin evlərindədir.
Portalımızın oxucularına “Əl-Kutubiya məscidinin minarəsi" tablosunu təqdim edirik.