NOBEL MÜKAFATÇILARINDAN – Yəhudi soyadlı fransız yazıçısı Featured

“Ədəbiyyat və incəsənət” portalı Ədəbiyyat üzrə Nobel mükafatçılarının təqdimatını davam etdirir. Rubrikanı İlham Abbasov aparır.

 

 

 

Andre  JİD.  YƏHUDİ  SOYADLI  FRANSIZ  YAZIÇISI

 

         1947-сi ilin ədəbiyyat üzrə Nobel mükafatına namizədlər siyahısında qarşıdakı illərin bir sıra laureatları, o cümlədən bu mükafatı 1948-ci ildə alacaq ingilis yazıçısı Tomas Eliot, 1954-cü ilin Nobel mükafatçısı, ABŞ təmsilçisi Ernest Heminquey, 1958-ci ilin laureatı -- sovet yazıçısı Boris Pasternak kimi görkəmli ədiblər olduğu halda, Nobel Komitəsinin qərarı ilə mükafat “insan probleminin, həqiqətən, qorxusuz sevgi və dərin psixoloji hisslərlə əks etdirildiyi yüksək mənalı bədii əsərlərinə gorə” o dövrdə çox da tanınmayan, yəhudi əsilli Fransa yazıçısı Andre Jidə verildi. Bir insan və şəxsiyyət olaraq son dərəcə ziddiyyətli, bir yazıçı kimi mürəkkəb həyat yolu keçmiş A.Jid özünün bənzərsiz əsərləri ilə ədəbiyyatda gedən yeniləşmə prosesinə güclü təsir göstərmişdi.

         Nobel mükafatçısının familiyasının əsasında duran söz yəhudi dilində onların özlərinə verdikləri “iuda” adından yaranıb. Avropa xalqlarının çoxu şifahi danışıq dilində  bu sözü təhrif edərək “iud” – “jud” – “jid” kimi işlədirlər. Bizim dilimizdəki “ciud” –“cüüd”–   “cuud” –  “cuhud” sözü də həmin kökdəndir. Yəhudilər bu sözü Avropa xalqları arasında geniş yayılmış anti-yəhudi – anti-semit ovqatla əlaqələndirdiklərinə görə ona neqativ münasibət bəsləyirlər. Bizim ölkəmizin tolerant mühitində isə belə bir problem olmadığı üçün Azərbaycanda yaşayan yəhudilər bu sözdən incimir, onu normal qarşılayırlar. 

         İkinci Dünya müharibəsi bitəndən bir il sonra Nobel mükafatını böyük alman yazıçısı Herman Hesseyə vermiş və bununla vurğulamışdılar ki, alman milləti yalnız nasizm ideologiyasının deyil, həm də hamıdan daha əvvəl humanist anti-fasist amalının daşıyıcısıdır. Sonrakı il Nobel mükafatına layiq görülən yazıçı nasizmin törətdiyi dünya müharibəsində başı ən çox bəlalar çəkmiş, ən ağır təqiblərə düçar olaraq soyqırımına məruz qalmış yəhudi xalqının nümayəndəsi idi. Özü də soyadında etnik mənsubluğunun möhürünü daşıyırdı. Çox güman, bu seçim də təsadüfi olmamışdı, Nobel Mükafatları Konitəsi bu dəfə laureatın mənsub olduğu xalqa mərhəmət hisslərini ifadə etmək istəmiş, boyük dünya savaşında bu kiçik xalqın verdiyi qurbanların xatirəsini bu yolla yad etmişdi. Yeni Nobel mükafatçısının milliyyətcə deyil, “əslən” yəhudi olduğunu xüsusi vurğulamağımız heç də təsadüfi deyil. Məsələ bundadır ki, yəhudi (iudey) dininin qaydasına görə, yəhudi (iudey) inancı və yəhudi milləti yalnız bir vəhdət halında mövcud ola bilər, yəni dini inancına görə yəhudi olmayan şəxs milliyyətcə yəhudi sayıla bilməz və əksinə, dini inancına görə yəhudi olan insan etnik mənsubluğuna görə başqa millətin nümayəndəsi hesab edilə bilməz. Kəsəsi, ehkam belə səslənir: “Yəhudi ancaq yəhudi ola bilər.” XVIII-XIX əsrlərdə bir çox Avropa ölkələrində iudey dininə mənsub insanların yüksək mənsəb tutmalarına yol verilmədiyinə görə belə insanların bir çoxu dinini “dəyişib” xristian inancına keçirdi. Məsələn, kommunizm nəzəriyyəsinin banisi Karl Marksın atası Henrix ravvin (yəhudi ruhanisi) ailəsində doğulub böyümüşdü. Hüquq təhsili aldıqdan sonra məhkəmə sistemində işləmək istəmiş, icazə verilmədiyinə görə xristian dininə keçməyə məcbur olmuşdu. Bu halda onun milliyyəti də daha yəhudi sayıla bilməzdi. Beləliklə, yəhudi əsilli vəkil Henrix Marks avtomatik olaraq xristian almana çevrilmişdi. Fransada yaşayan yəhudi professor Pol Jid də bu minvalla fransız olmuşdu. Avropa ölkələrində bu gün də əcdadları yəhudi olmuş alman, rus, fransız, полуак, italyan, ukrayna, çex, ispan və digər millətlərə mənsub miyonlarla vətəndaş yaşayır. Təbii ki, onların arasında adlı-sanlı, məşhur adamlar, o cümlədən Nobel mükafatçıları da az deyil.

         Fransa ədəbi mühitində nasir, publisist və dramaturq kimi məşhur olan Andre Pol Giyom Jid 29 noyabr 1869-cu ildə Fransanın paytaxtında, Paris Universitetinin hüquq professoru Pol Jidin ailəsində dünyaya gəlmişdi. Anası Cülyet Ponda da xristianlığı qəbul etmiş yəhudi ailəsindən idi. Uşaqlıqdan atasını itirmiş Andre kiçik yaşlarını anasının və xalalarının himayəsində keçirmişdi. Özü belə hesab edirdi ki, feminist mühitdə böyüməsi onun psixoloji və cinsi cəhətdən qeyri-normal  tərbiyə almasına və cinsi təmayülünün pozulmasına səbəb olmuşdu. Belə bir mühitdə, nə qədər qəribə görünsə də, hələ ilk gənclik yaşlarından xalası qızı Madlen Rondaya aşiq olur və ilk çap olunmuş “Andre Valterin qeyd dəftərləri” (1890) povestini ona həsr edir. Qnlar 1995-ci ildə qarşılıqlı sevgi əsasında ailə qururlar. Bir neçə ildən sonra rəsmən boşansalar da, mənəvi bağlılıqları Madlen 1938-ci ildə dünyadan köçənə qədər davam edir. Bu nikahdan onların övladı olmasa da, 1923-cü ildə Andrenin Elizabet van Russelberq adlı qadından nikahdankənar qızı dünyaya gəlmişdi.

         Səhhətində problemlər olduğuna görə kiçik yaşlarından sistemli təhsil ala bilməyən Ahdre yeniyetmə yaşlarında Paris protestant liseyində oxumuş, təhsil illərində ədəbiyyata, xüsusən klassik yunan poeziyasına böyük maraq göstərmişdi. O, liseyi bitirdikdən sonra yazıçı olmaq qərarına gəlir. Gənclik dostu yazıçı Pyer Luinin vasitəsilə simvolist yazıçılar çevrəsinə daxil olur. 1991-93-cü illərdə simvolist üslubda şeir və hekayələr yazır. Dövrün ən uğurlu və populyar gənc yazıçıları ilə tanış olaraq dostlaşır.

         Çap olunmuş ilk əsərləri uğur qazanmasa da, gənc yazıçının ədəbi mühitdə tanınmasına şərait yaradır. Yaradıcılığının ilk dövründə simvolizmə meyil edən yazıçının yazıları bu metodu təmsil edən ədəbi dairələrdə təqdir olunur. Tanınmış yazıçı Pol Valerinin müsbət resenziyası onu ədəbi görüşlərini əks etdirən “Nəsr haqqında traktat” məqaləsini yazmağa həvəsləndirir. 1890-cı illərin əvvəllərində ağ ciyər xəstəliyi keçirən gənc yazıçıya həkimlər bir müddət quru iqlim şəraitində yaşamağı məsləhət görürlər. Bundan sonra A.Jid təxminən iki il Afrikanın şimalında – Tunis və Əlcəzairin səhralıq ərazilərində yaşayaraq müalicə alır. Bu müddət ərzində ağciyər xəstəliyi ilə bağlı səhhətində irəliləyiş olsa da, özünün yazdığı kimi, düçar olduğu daha ciddi psixoloji-fizioloji mərəzlə -- homoseksualizmlə bağlı durumu daha da pisləşərək kritik həddə çatır.

         1895-ci ildə yazdığı tədqiqat xarakterli, satirik məzmunlu “Bataqlıq” essesində dövrün ədəbi mühitini, o cümlədən simvolist yazıçıları kəskin tənqid edir. Bu əsər müəllifə yaradıcılıq baxımından uğur gətirməsə də, onun əvvəlki ədəbi həyat çevrəsindən, dəqiq desək, simvolistlərdən ayrılmasına səbəb olur. Həm də sonra gələn gənc yazıçılar nəslinə (o cümlədən fərdi ekzistensialistlərə) insanın mənəvi varlığının azadlığı məsələlərində güclü təsir göstərir. Yaradıcılığının ilkin mərhələsində bütövlüklə insanın daxili aləminin əks etdirilməsi problemləri ilə bağlı olan yazıçı yetkinlik dövründə müasir cəmiyyətdə insanın şəxsiyyət azadlığı məsələsini yaradıcılığının əsas motivi kimi ön plana çəkir. 1897-ci ildə nəşr olunmuş, ritmik nəsr formasında yazdığı “Yerin nemətləri” povesti A.Jidin əvvəl yazdığı əsərləri kölgədə qoyaraq müəllifə ciddi uğur qazandırır.

         Bu romanda yazıçı insanın şəxsiyyət azadlığı ideyasını ilk dəfə açıq şəkildə qoyaraq belə bir qənaətə gəlir ki, cəmiyyətdə insanın sosial ehkamların köləsi olmadan sərbəst ömür sürməsi həyatın əsas məqsədi olmalıdır. Bu barədə düşüncələrini yazıçı əsrlərin kəsişməsində yazdığı “Pis pərçimlənmiş Prometey” (1899) və “İmmoralist” (1902) kimi romanlarında davam etdirir. Problemə estetik və fəlsəfi baxışlarını isə A.Jid publisistik və ədəbi-tənqidi məqalələrinin toplandığı “Millətçilik və ədəbiyyat” (1909) adlı kitabında əks etdirir. Dövrün ədəbi tənqidi bu əsərləri gənc oxucuların ədəbi zövqünə və dünyagörüşünə çox güclü müsbət təsir göstərən nümunələr kimi qiymətləndirir və vurğulayır ki, burada A.Jid ilk dəfə olaraq cəmiyyətin eqoizm normaları əsasında formalaşmış yaşam prinsiplərini cəsarətlə ifşa etmişdir.

         İlk on beş kitabını gələcək Nobel mükafatçısı öz hesabına nəşr etdirir və çətinliklə yayırdı. Yalnız 1909-cu ildə çap etdirdiyi “Dar darvaza” povesti qırx yaşlı yazıçıya ilk dəfə həqiqi məşhurluq və maddi qazanc gətirir.

         Elə həmin ildən yazıçı “Les nuvel revyu Fransez” (“Yeni fransız icmalı”) jurnalını nəşr etdirməyə başlayır. Bu jurnal tək Fransada deyil, bütün Avropada ən nüfuzlu ədəbi dərgilərdən biri kimi populyarlıq qazanır.

         1914-cü ildə nəşr etdirdiyi “Vatikanın zirzəmiləri” romanı A.Jidin yaradıcılığında məzmun və ideya baxımından yeni mərhələnin başlanğıcını qoyur.

         Bu əsərdə qeyri-ənənəvi cinsi münasibətlərin təbliğinə yol verdiyinə görə yazıçı ədəbi və əxlaqi baxışlarında ənənələrə sadiq olan bütün oxucuların, həmçinin kilsə və ictimai təşkilatların kəskin tənqidinə məruz qalır. Buna cavab olaraq 1918-ci ildə yazdığı polemik dialoq formalı “Koridon” əsərində öz mövqeyini israrla müdafiə edir. Nəticədə, demək olar, bütün ədəbi mühit gənclərin əxlaq tərbiyəsini pozmaqda ittiham edərək ondan üz döndərir və kitablarını baykot edir. Yalnız 20-ci illərin sonlarında ictimai rəydə bu məsələyə münasibətin bir qədər liberallaşması vəziyyətin gərginliyini azaldır. 

         Yaradıcılığının ilk dövrlərində sosial məsələlərə, demək olar ki, maraq göstərməyən A.Jid yalnız 20-ci illərdə mövqeyini dəyişərək ictimai problemləri əsərlərinin əsas motivi kimi təqdim etməyə başlayır. Bu meyil onun bir yazıçı və vətəndaş kimi sosialist əqidəsinə bağlanmasına qədər davam edir. 20-30-сu illərdə Qərbin bir çox yaradıcı ziyalıları kimi, A.Jid də SSRİ-yə   kommunist rejiminə maraqla, hətta rəğbətlə yanaşırdı. Bu məsələdə ona böyük dostu, 1915-ci ilin Nobel mükafatçısı, görkəmli fransız yazıçısı, kommunist Romen Rollanın güclü təsiri olmuşdu. SSRİ-nin sosial sahədə həyata keçirdiyi eksperimentlərə uğur arzulayan, apardığı anti-faşist siyasəti alqışlayan yazıçının sosializmə rəğbətli münasibəti 1939-cu ildə Sovet İttifaqına səfərdən aldığı neqativ təəssüratlarla başa çatır. Kommunistlərin qurduğu anti-demokratik diktatura rejimini müşahidə edən, həyata keçirdikləri amansız, anti-insani repressiyalardan xəbər tutan humanist yazıçı “SSRİ-dən qayıdış” publisistik kitabından sonra kommunizmə rəğbətdən həmişəlik üz döndərir. Bununla da A.Jid hər hansı sosial fəaliyyətdən və hətta bədii əsərlərində ictimai mövqe sərgiləməkdən imtina edir. Bundan sonra SSRİ-də şəxsiyyət azadlığının hətta faşist Almaniyasından daha artıq dərəcədə boğulduğunu yazan ədibin kitabları ideoloji cəhətdən ziyanlı sayılaraq 80-ci illərə qədər Sovet İttifaqında nəşr edilmir. Bu səbəbdən Azərbaycan oxucusu da onun yaradıcılığından bixəbər qalır.

         20-ci illərdə Mərkəzi Afrikadakı Fransa müstəmləkələrinə uzunmüddətli səfərə çıxan yazıçı bu mövzuda sosial məsələlərlə zəngin olan “Konqoya səyahət” (1927) və “”Çaddan qayıdış” (1929) adlı publisistik kitablarını çap etdirir. Gənclik dövründə A.Jid Afrika mövzusunu macəra və ekzotika mənbəyi, xoşbəxt insanların sərbəst həyat tərzinin ifadəçısi kimin götürürdü. Son kitablarında isə o, Fransa dövlətinin Afrika ölkələrindəki əməllərini azad insanların kölə halına salınmasına xidmət edən müstəmləkəçilık siyasəti kimi qiymətləndirərək kəskin  tənqid edir.

       A.Jidin dini inancla bağlı mövqeyi sadə deyildi. Onun mənəvi və əxlaqi görüşləri də həyatı boyu ciddi təbəddülüatlara məruz qalmışdı. Dini görüşləri barədə özü belə demişdi: “Mənim üçün katoliklik yolverilməz, protestantlıq isə dözülməzdir. Buna baxmayaraq, özümü xaçpərəst sayır, Allaha inanmaqla xoşbəxtlik arasında fərq görmürəm. Yazıçı dinə münasibətini 1925-ci ildə yazdığı “Haradan gəlirsən?” adlı əsərində qabarıq şəkildə əks etdirmişdir. Elə həmin il yazıçının etiraf xarakterli avtobioqrafik əsəri – “Toxum cücərmirsə” romanı nəşr olunur. Bu əsərdə öz həyatını və həyat haqqında düşüncələrini bütün çılpaqlığı ilə əks etdirən yazıçı qeyri-ənənəvi cinsi baxışlarına görə yenə də ədəbi-ictimai rəyin kəskin neqativ münasibəti ilə üzləşir. Üstündən illər keçdikdən, Fransa cəmiyyətinin mənəvi-əxlaqi baxışları əsaslı şəkildə dəyişərək liberallaşandan sonra bu gün A.Jidin həmin romanı bioqrafik etiraf janrının mükəmməl nümunəsi kimi hətta bu sahədə etalon sayılan J.J.Russonun “Etiraf”əsəri ilə yanaşı qoyulur.

         1926-cı ildə A.Jidin özünün ən yaxşı əsəri saydığı, onun yaradıcılığında, həqiqətən də, əlamətdar rol oynamış “Saxta pul kəsənlər” romanı nəşr olunur.

         Bu roman həcminə görə də yazıçının digər bədii əsərlərindən daha əhatəlidir. Mükəmməl yazı üslubuna və bitkin kompozisiyaya malik olan pomanda məzmunca bir-biri ilə bağlı olan və olmayan bir neçə süjet xətti, geniş hadisələr silsiləsi, personajlar panoramı bəzən bir-biri ilə ziddiyyət təşkil edən baxış bucaqlarından təsvir edilmişdir. Bütün bu keyfiyyətlər sayəsində roman XX əsr fransız dilli ədəbiyyatın ən dəyərli nümunələri sırasında yer tuta bilmişdir.

         Müəllif hadisələrin cərəyan etdiyi vaxtı dəqiq göstərməyib, məkan olaraq isə Parisi və balaca bir İsveçrə kəndini götürüb. Süjet üç qonşu ailənin həyatında baş verən hadisələr əsasında qurulub. Əslində, heç, həqiqətən, saxta pul kəsənlərdən söhbət getmir. Əsərin qəhrəmanlarından biri, yazıçı Eduard insanlar üzərində apardığı həyat müşahidələrini gündəlik şəklində yazaraq bu qeydlərdən gələcək romanı üçün material kimi istifadə edir. O, hər gün gördüyü saxta duyğu və düşüncələrlə, saxta sevgi və nifrətlə, saxta xatirə və arzularla yaşayan, saxta mənəvi dəyərlərə dəyər verən insanları saxta pul kəsənlərə bənzədir.

         Görkəmli fransz tənqidçisi Jan İtye A.Jidin yaradıcılığından bəhs edərkən göstərdiyi kimi, onun, həqiqətən, böyük ədəbiyyat nümunəsi sayıla biləcək iki əsərindən biri gənclik dövrünə aid olan “Andre Valterin qeyd dəftərləri” kitabı, ikincisi isə yetkin çağlarında yazdığı “Saxta pul kəsənlər” romanıdır. Bu roman sayəsində müəllif ilk dəfə həqiqi beynəlxalq şöhrət qazanmış oldu.

         Sonrakı on il ərzində A.Jid ölkəsinin və qitənin ictimai həyatında fəal iştirak edir. Həmin illərdə İspaniyada faşist diktaturasının qurulmasına qarşı aparılan və bütün Avropanın ictimai-siyasi həyatına, ideoloji və təbliğat mücadiləsinə güclü təsir göstərən vətəndaş müharibəsinin gedişində nüfuzlu antifaşist kimi ad çıxarır.  

         Yaradıcılığa simvolist kimi başlayan A.Jid elə gənclik dövründə bu yaradıcılıq metodu ilə vidalağır. Özünü ifadə axtarışları ilə modernizmin müxtəlif yaradıcılıq üslublarına üz tutur. A.Jidin yeni yaradıcılıq mövqeyinin formalaşmasına şeirdə V.Uitmenin, nəsrdə F.Dostoyevskinin, fəlsəfədə F.Nitsşenin həlledici təsiri olmuşdur. Bundan sonra A.Jidin yaradıcılığında insanın şəxsiyyət azadlığı mövzusu aparıcı rol oynamağa başlayır və onun əsərləri fonunda bu ideya 40-50-ci illərdə fransız ədəbiyyatında və ictimai fikrində böyük önəm qazanır.

         1947-ci ildə yazıçının Nobel mükafatına layiq görülməsində bu amilin həlledici rol oynaması inkaredilməzdir. İkinci Dünya müharibəsi illərini şimali Afrika ölkələrində keçirən və burada yazdığı “Tezey” romanını 1946-cı ildə nəşr etdirən ədib elə həmin il Oksford Universitetinin fəxri doktoru seçilir. A.Jidə Nobel mükafatının verilməsi ilə bağlı keçirilən müzakirədə İsveç Akademiyasının üzvü Andres Esterlinq onun yaradıcılığını belə qiymətləndirmişdi: “Andre Jid onu əhatə edən müasirləri arasında dünyanın zidiyyətlərini hamıdan daha artıq ifadə edə bilmişdir. Buna görə də onun əsərləri həyatsevərliklə həyata tərəddüdlü münasibət, mütiliklə sərbəstliyə canatma arasındakı daimi münaqişəni həmkarlarından daha qətiyyətlə əks etdirir”.

         Səhhətində problem olduğundan Andre Jid Nobel mükafatının təqdimat mərasimində iştirak edə bilmir. Onun minnətdarlıq məktubunu Fransanın İsveçdəki səfiri oxuyur. Nobel Komitəsinə və İsveç Akademiyasına təşəkkürünü ifadə edən yeni laureat yazırdı: “Uzun illər boyu mənim səsim səhrada fəryad edən tənha adamın səsinə bənzəyirdi. Lakin bu gün siz öz qərarınızla mənim azsaylı oxucularıma müraciətimdə haqlı olduğumu sübut etdiniz. Siz öz səsinizimənim  əsərlərimin yalnız bədii keyfiyyətlərinəyox, həm də onlarda ifadə olunmuş insanın şəxsiyyət azadlığı ideyasına vermisiniz.”

         1950-ci ildə A.Jid bütün ömrü boyu yazdığı “Gündəlik” əsərinin 1939 – 1949-cu illəri əhatə edən son cildini çap etdirir. Gənclik yaşlarından yazmağa başladığı, demək olar ki, bütün bədii əsərlərinin mövzu və ideya qaynağı olan bu unikal yazı nümunəsini ədib ömrünün sonuna qədər davam etdirmişdi. Görkəmli fransız yazıçısı, 1952-ci ilin Nobel mükafatçısı Fransua Moriak bu əsəri A.Jidin bütün qalan kitablarından daha dəyərli hesab edirdi.

         A.Jidin şəxsiyyəti kimi yaradıcılığı da ikili xarakter daşıyırdı. Onun əsərlərində sadəliyə və aydınlığa meyil, personajların və situasiyaların təsvirindəki həyatilik abstraksionizm və şərtiliklə; insanlararası münasibətlərdəki sinizm və amoralızm mənəvi saflıq və səmimiliklə paralel halda götürülür. Bir müəllif olaraq oxucuya gah bu, gah da digər profildən görünür. Bütün bunların səbəbi ondadır ki, yazıçı bütün yaradıcılığı ərzində qovuşmaz gerçəklikləri qovuşdurmağa, əkslikləri vəhdət halında götürməyə çalığırdı. Tədqiqatçılarından biri onun müəllif simasını ayın çöhrəsi ilə müqayisə etmişdi – heç zaman eyni görünüşdə olmur, amma görüntülərinin heç biri yalan, saxta deyil, hamısı səmimidir, hər yerdə özüdür.

         Andre Jid 1951-ci ilin 19 fevralında Parisdə 81 yaşında vəfat etdi və vəsiyyətinə uyğun olaraq, Küvervil şəhərində, arvadının məzarı yanında dəfn olundu. Görkəmli fransız yazıçısı, 1964-cü ilin Nobel mükafatçısı Jan-Pol Sartr onun vəfatına həsr etdiyi məqalədə yazırdı: “A.Jid yorulmadan bizi öyrədirdi ki, hər şey barədə yazmaq, istənilən fikri təlqin etmək olar, təki bunu yüksək ədəbi formada ifadə edə biləsən.” Andre Jid özü ömrü boyu bunu bacarmış, yazdıqlarının hamısında yüksək ədəbi keyfiyyətə nail olmuşdu.

 

Növbəti gündə sizə Andre Jid aforizmlərindən seçmələr təqdim edəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(23.7.2024)