Uğura doğru yolun bir şərti də sağlam həyat tərzidir Featured

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

Uğurun bir şərti də sağlamlıqdır.

                                  

Xəstəliyə yenilməyək

Bizim uğursuzluq təsnifatımızda «Xüsusi uğursuzluq» (XU) bölümündə yer alan «xəstəlik» mövzusunda danışmaq zamanı yetişdi. Sağlamlığın fəsadı, orqanizmin fəaliyyətinin pozulması anlamını daşıyan xəstəlik patogen faktorların həmləsi nəticəsində insanın həyat fəaliyyətini pozur, onun əmək qabiliyyətini, sosial faydalılığını əlindən alır.

Hippokrat xəstəliyin səbəbi kimi orqanizmin dörd əsas mayesinin (qan, selik, öd, venoz qan) qeyri-düzgün qarışığında görürdü. Demokrit atomun formasının dəyişməsini və düzgün yerləşməməsini xəstəlik törədən səbəb elan etmişdi. İbn Sina xəstəliyin arıq və kök, gödək və hündür adamların fərqli bədən quruluşunda daha fərqli inkişaf keçməsini mikroorqanizmlər barədə dolayısı ilə danışmaqla izah etmişdi. Sonra zaman-zaman alimlər və mütəxəssislər xəstəliyə fərqli-fərqli səbəblər göstərmiş, təriflər vermişlər.

Görünən dağa nə bələdçi. Gün kimi aydındır ki, hansı tərif verməyindən, yaranmasına nələri səbəb gətirməyindən asılı olmayaraq xəstəlik həyatı büsbütün rənglərindən məhrum edən bir nəsnədir, istər mexaniki, istər fiziki, istər kimyəvi, istər bioloji, istər də psixogen – yaranışı hansı səbəbdən olursa-olsun xəstəlik sonda insanı yataq xəstəliyinədək, ölümədək aparıb çıxara bilir.

Xüsusən ətraf mühitin kəskin hücumunu şərtləndirən (ekoloji tarazlığın pozulması, informasiya-kommunikasiya texnologiyalarının məişətdə hədsiz dərəcədə nüfuzu, kimyəvi qida əlavələri ilə tədrici zəhərlənmələr və s.) hazırkı durumda bu və ya digər xəstəliklərin sürətlə artması, immun sistemi və müqaviməti get-gedə zəifləyən stasistik insanın bu hücuma qalxan qaldıra bilməməsi 3-cü minilliyin insanını fakt qarşısında qoyur. Bu gün insana həm molekulyar, həm xromosom, həm hüceyrəvi, həm orqan xəstəlikləri hərtərəfli basqı edir. Son onillikdə dünyada insan ömrünə son qoyan ən əsas xəstəliklər formalaşıb ki, onların sırasında ürəyin işemik xəstəliyi, insult, aşağı nəfəs yollarının respirator infeksiyaları, ağciyərin xroniki obstruktiv xəstəliyi əsas yer tutur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il dünya üzrə təkcə ağciyər xərçəngindən və diabetdən 4 milyona yaxın insan həyatını itirir.

Bu gün insanların uğursuzluq sindromunda, həyatdan küskünlüyündə xroniki xəstəliklərin böyük çəkisi var. İnsanlar əllərində qorxulu diaqnoz barədə həkim epikrizi, rentgen şəkli tutaraq bəzən, sadəcə, ölümlərinin gəlişini gözləyirlər. Amma bir şeyin fərqində deyillər: hətta müalicəsi tibb elminə bəlli olmayan xəstəliyə belə təslim olmadan yaşamaq və ömür sürmək mümkündür. Əvvəlki hissələrdən birində, xatırlayırsınızsa, sizə 82 yaşında prostat vəzi xərçəngindən qurtulmağı bacaran Uorren Battet barədə yazmışdım. Güc, iradə, dözüm və inam! Bax bunların sayəsində istənilən nəticəni hasil etmək olar.

Xəstəliyə yenilməməyin ən vacib şərti sağlam həyat tərzi keçirməklə yanaşı vaxtaşırı profilaktika üçün həkim qəbuluna getmək də hesab olunur. Sağlamlığına münasibətdə 3 insan tipi müşahidə olunmaqdadır: vaxtaşırı profilaktika üçün həkim qəbuluna gedənlər; xəstəliyin ilk əlamətləri hiss ediləndə həkim qəbuluna gedənlər; xəstəlik tüğyan edəndə həkimə aparılanlar.

Razılaşın ki, 2-ci və xüsusən də 3-cü tipin nümayəndəsi olmaq yolverilməzdir.

 

                               *           *          *

Bu yerdə, əziz oxucularım, mən sizə ən son illərin fenomen bir şəxsiyyətinə çevrilmiş azərbaycanlı İlham Zəkiyev barədə də söz açmaq, onu bir əyilməzlik, sınmazlıq etalonu kimi örnək gətirmək istəyirəm.

1999-cu ildə hərbi xidmət keçərkən İlham Qarabağda, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində erməni snayperinin gülləsinə tuş gəldi. Atəşkəs rejiminə baxmayaraq silahı susdurmayan erməni silahlıları tərəfindən 18 yaşlı serjant ağır yaralandı, güllə onun sağ gicgahından girib sol gicgahından çıxmışdı. 5 gün koma vəziyyətində qalan gəncin sağalacağına heç kəs inanmırdı. Amma o, görmə qabiliyyətini büstütün itirsə də həyat sevgisi hesabına sağaldı, ayağa durdu.

Əlbəttə, 18 yaşında dünya işığından məhrum olmaq bir gənc üçün taleyin ən böyük zərbəsi hesab olunar. Adi bir uğursuzluqdan, kiçicik bir problemdən sınan, həyatdan küsən gənclərimiz məgər azdırmı?

İlhamsa dövlətin hesabına xarici ölkədə müayinə edilib müalicə alarkən görmə qabiliyyətinin bərpasının mümkünsüz olması barədə eşitdiyi xəbərdən belə sınmadı, həyatdan küsmədi, vətəninə yenə də faydalı olmaq, ailəsinə yük olmaqdansa dəstək olmaq düşüncəsi ilə paralimpiya hərəkatına qoşuldu. Cüdo idman növündə axtardığını mütləq tapacağına bir əminlik yarandı onda. Gərgin məşqlər özünəinam hissləriylə, özünəgüvənlə birləşdi, hətta ilk dövrdəki uğursuzluqlar belə onu sındırmadı. 2004-cü ildə İlham Afinada paralimpiya oyunlarında bütün rəqiblərinə üstün gələrək Paralimpiya çempionu oldu, ardınca Avropa və Dünya çempionluqları gəldi.

2008-ci ildə Pekində qəhrəmanımız dalbadal ikinci dəfə Paralimpiya çempionluğu zəfərini yaşadı.

Hazırda İlhamın medal qarderobu çox zəngindir, ikiqat Paralimpiya, ikiqat dünya, altıqat Avropa çempionu, 2015-ci il Bakı Avropa Oyunları çempionu olan, ölkənin  «Tərəqqi» medalına, «Şöhrət» ordeninə layiq görülən İlhamın daha bir qələbəsi ailə həyatı qurmasıdır. İndi İlhamın iki oğlu, bir qızı var.

Müasir dövrdə dünya film industriyası uydurma qəhrəmanlar ixrac edirlər. Bir ucdan detpullar, X-mənlər, hörümçək-adamlar, tonistarklar, klarkkentlər yaranmaqdadır. Zənnimcə, İlham Zəkiyev obrazı canlı, real qəhrəman tapmayan dünya sinematoqrafiyası üçün olduqca cəlbedici ola bilər.

Ey qarşılıqsız sevgi, işsizlik, xəstəlik, maddi çətinlik problemi ilə küskünləşmiş motivasiya axtaran insan! Sənin üçün ən böyük motivasiya  İlham Zəkiyev ola bilər!

Dünyada «dünya işığı» adlandırdığımız görmə qabiliyyətindən gözəl nə ola bilər? Amma bu gözəlliyi itirən, üstəlik, dəhşətli, dözülməsi mümkünsüz ağrılar keçirən bir gənc əgər sınmırsa, əlilliyə və ağrılara meydan oxumaqla həyatın özündən qisas ala bilirsə, qazandığı hər bir parlaq idman qələbəsi ilə ona ölüm hökmü çıxaranları mənəvi cəhətdən min yol öldürürsə, belə bir şəxsdən örnək götürüb öz xırda problemlərinə yenilmə, əziz ümidsiz oxucum!

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2023)