Nassim Taleb gözlənilməzliyin təntənəsi barədə Featured

 

 “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk/

Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs etməkdəyik. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı. Nassem Talebin açmaq istədiyi mövzuya aid gətirdiyi faktlar çox maraqlı və düşündürücüdür. Onlarla tanışlığınız davam edir.

 

GÖZLƏNİLMƏZLİYİN TƏNTƏNƏSİ BARƏDƏ

Nassimin gətirdiyi başqa bir fakt – qeyri-adiliyin, gözlənilməzliyin, yeniliyin təntənəsi barədədir. O, öz qəhrəmanını – Yevgeniya Nikolayevna Krasnovanı təqdim edir. Beş il öncə heç kimin tanımadığı bu xanım - fəlsəfəyə böyük marağı olan nevroloq öz düşüncələrini müxtəlif avtobioqrafik şərhlərlə zənginləşdirib vərəqə köçürməyə başladı. Bunları çap etdirmək istəyəndə heç bir nəşriyyat onu ciddiliyə almadı, hətta bəziləri belə cızma-qaralar yazdığına görə onu təhqir də etdilər. Nəhayət, Yevgeniya «Rekursiyanın tarixi» adlandırdığı kitabını internet şəbəkəsində yerləşdirdi. Orada bu xanımın kiçik bir oxucu auditoriyası peyda oldu. Aralarında olduqca kiçik bir nəşriyyatın sahibinə də rast gəlindi ki, həmin nəşriyyat sahibi də Yevgeniyaya kitabını çap etdirmək təklifini verdi. Beş il ərzində öz məqsədyönlülüyü, əməksevərliyi ilə silahlanan Yevgeniyanin kitabı populyarlıq qazandı, ədəbiyyat tarixinin ən gözlənilməz müvəffəqiyyəti hesab olundu, milyon tirajlarla satıldı, ədəbi tənqid tərəfindən vəsf edildi. Kitab 40 dilə tərcümə olundu, Yevgeniyanın şəkilləri küçələri bəzədi. Həmin o kiçik nəşriyyat isə böyüyüb nəhəng korporasiyaya çevrildi. Və həmin nəşriyyatın belə bir devizi də yarandı: «Kitab oxumağı sevən uzun məsafələrə iri yük maşını sürənlər (dalneboyşiki) heç vaxt məhz yük maşını sürənlər üçün yazılan kitabları oxumurlar».

 

 “Ədəbiyyat və incəsənət”

(13.06.2023)