Nassim Taleb qaçqınlıq fəlsəfəsi barədə Featured

 “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk

Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs etməkdəyik. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı. Nassem Talebin açmaq istədiyi mövzuya aid gətirdiyi faktlar çox maraqlı və düşündürücüdür. Onlarla tanışlığınız davam edir.

 

QAÇQINLIQ FƏLSƏFƏSİ

Qaçqınlıq fəlsəfəsinə aid gətirilən fakt da çox maraqlıdır: 1960-cı ildə Kastro rejimi hakimiyyətə gələndə kubalı qaçqınlar müvəqqəti, bir neçə günlük Mayamiyə köç etmişdilər, çamodanlarının üstündə oturmuşdular ki, bu gün-sabah geri dönəcəyik. Onlar, onların sonra doğulan nəsilləri hələ də Mayamidədirlər. Və yaxud, 1917-ci ildə Rusiyadakı bolşevik inqilabı zamanı ölkəni tərk etmiş bir çox rus mühacirlər dərhal geri dönəcəklərini zənn edirdilər. Yazıçı Vladimir Nabokov geriyə dönüşü çox da uzun olmasın deyə yaxın Berlin şəhərini özünə məskən seçmişdi, daimi mənzil də almırdı, kirayə mənzillərdə, otel otaqlarında yaşayırdı. Beləcə o, geriyə dönüşü olmadan bütün həyatını başa vurdu, «Montre-Palas» hotelində gözünü əbədi yumdu. Ümidlər insanların gözlərini bəzən bax beləcə kor edir.

Yeri gəlmişkən, mən özüm şəxsən Qarabağ müharibəsinin evsiz-eşiksiz qoyduğu 800 min nəfərə yaxın qaçqın ordusunun neçə-neçə nümayəndəsində bu «uğursuzluq sindromu»ndan gec-tez qurtulacağına, vətəninə dönəcəyinə olan 25 illik inamın hələ də öləzimədiyinin şahidi olmuşam.

 

 “Ədəbiyyat və incəsənət”

(12.06.2023)