“Hər bir işdə ən vacib olanı başlamaqdır” – Qay Kavasaki Featured

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.

 

Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.

Biz öncə peşə fəaliyyətində, biznesdə uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetirək. Bu, o kitablardır ki, onların hesabına bir neçə nəsil uğurlu mütəxəssis və iş adamı yetişmişdir.

Beləliklə ən yaxşı onluq.

10 -5-ci yerlərlə  tanış olmuşduq. Bu gün 4-cü yerlə tanış olacağıq.

 

10-cu yer:

Henri Ford. «Mənim həyatım, mənim nailiyyətlərim»

9-cu yer:

Riçard Brenson. «Çılpaq biznes»

8-ci yer:

Riçard Brenson. «Hər şey cəhənnəmə, giriş və elə!»

7-ci yer:

Robert Kiyosaki. «Varlı ata, kasıb ata»

6-cı yer:

Ayn Rend. «Atlant çiyinlərini düzəltdi”»

5-ci yer

Toni Şey. «Xoşbəxtlik gətirərək. Sıfırdan milyardadək»

-----------

 

4-cü yer

Qay Kavasaki. «Startap»

Bu kitabın alt başlığı belədir: “Apple-in eks-yevangelisti, Çaxmaq daşı vadisinin ən cəsarətli kapitalistindən 11 master-klass“

Qay Kavasaki adı əminəm ki, çoxlarınıza tanışdır. Onun istedadı və peşəkarlığı sayəsində Macintosh kompaniyası adını qızıl hərflərlə tarixə yazdırıb, Apple kompaniyası isə müasir dövrümüzün ən tanınmış brendlərindən birinə çevrilib.

Qiymətli, qızıl məsləhətlərlə bol olan, oxucunun əlindən tutaraq onu biznesdə uğur qazanmağın daşlı-kəsəkli yolları ilə apararaq əsl bələdçilik edən bu kitab təsadüfi deyil ki, ən böyük iş adamlarının stolüstü kitabıdır.

«Əgər sənin devizin «Daha boşboğazlıq və çərənçilik yetər, mənə de ki, mən nə iş görməliyəm» - dirsə, demək sən düzgün ünvanı tapmısan», – söyləyir yapon əsilli havaylı öz kitabı barədə.

O yazır:

 - Hər bir işdə ən vacib olanı başlamaqdır. Unutmayın: hələ heç kəs yalnız planlaşdırma ilə uğur qazanmağa müvəffəq olmayıb.

 - Sizə və sizin kompaniyaya xeyir gətirməklə bütün cəmiyyətə ziyan gətirən fəaliyyətin heç bir dəyəri yoxdur.

 - Özünüzün istənilən hərəkətinizə elə yanaşın ki, sanki onu bütün publika görəcək, sanki o, hər yerdə əks-səda verəcək. Unutmayın, siz nə iş görürsünüzsə, sizin «əl izləriniz» həmişə və hər kəs tərəfindən görünəcək.

 - Hər şey həyata keçməyincə mümkünsüz görünür. Sahibkarlıq fəaliyyəti məhz budur – sən başqalarının qeyri-mümkün hesab etdiyini eləyirsən.

 - Yaponlarda belə bir məsəl var, deyirlər axmaqlar iki yerə bölünür. Birincilər heç vaxt Fudzi dağının zirvəsinə qalxmayanlardır ki, ətrafın gözəl mənzərəsindən zövq ala bilmirlər. İkincilər isə həmin zirvəyə iki dəfə qalxanlardır.

Oxucularıma onu da söyləyim ki, Qay Kavasaki həm də biznesdə yevangelizm təliminin banisidir. Bir baxın, bu insanın təlimi müştəriyə satdığı məhsulun ən yaxşı olması barədə elə bir inam aşılamaqdır ki, müştəri heç bir təlimat olmadan, könüllü şəkildə ətrafdaki insanlara məhz bu məhsulu almağı tövsiyyə etsin!

Təsəvvür edirsiniz, yüz minlərlə müştərilər brendin könüllü təbliğatçısına çevrilirlər, Qay Kavasakinin dühalığı məhz bundadır.

O, inandırmağı gözəl bacarır. Oxucularım, sizi əmin edirəm ki, «Startap»ı oxusanız Qay Kavasaki özünün uğura doğru getmək qaydalarına və şərtlərinə sizləri mütləq inandıracaq.

 

 4-cüyerdəkikitablatanışlıqdabaş tutdu. Bəs 3-cü yerdə hansı kitabqərarlaşıb? Bunu sabah biləcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)