“Ehtiyatlı olmaq vacibdir, amma astagəl olmaq təhlükəlidir” - Riçard Brenson Featured

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.

 

Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.

Biz öncə peşə fəaliyyətində, biznesdə uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetirək. Bu, o kitablardır ki, onların hesabına bir neçə nəsil uğurlu mütəxəssis və iş adamı yetişmişdir.

Beləliklə ən yaxşı onluq.

10-cu yerlə dünən tanış olmuşduq. Bu gün 9-cu yerlə tanış olacağıq.

 

10-cu yer:

Henri Ford. «Mənim həyatım, mənim nailiyyətlərim»

9-cu yer:

Riçard Brenson. «Çılpaq biznes»

Tanınmış ingilis biznesmeni, Virgin kompaniyasının sahibi Ser titullu Riçard Brensonun bu kitabı öz biznesinin yaranma tarixinə və onun idarə olunması xüsusiyyətlərinə həsr olunub.

Burada uğura gedən yol hər bir səhvlərlə, nöqsanlarla birgə göstərilib. Kitabın ən dəyərli məziyyəti isə odur ki, o, Ser Riçardın gündəlikləri əsasında yaranıb. Müəllif gündəliklərini necə var, o cür də, bəzək-düzəksiz və ixtisarsız kitab halına gətirərək molyonların ixtiyarına buraxıb. Onun kitabdakı qiymətli sitatları isə beyinlərə çox rahat həkk olunur.

 - Ehtiyatlı olmaq vacibdir, amma astagəl olmaq təhlükəlidir.

 - Hər şeyi mürəkkəbləşdirmək cəhdi sizin düşməninizdir. Mürəkkəb bir  situasiya yaratmağı hamı bacarır. Amma sadə bir şey etmək çox çətindir.

 - Ən nəhəng brend olmaq cəhdi mənasızdır. Daha vacibi ən hörmətedilən brend olmaqdır.

 - Pul müvəffəqiyyətin pis göstəricisidir. Ondan pisi yalnız şöhrətdir.

 - Əsl liderlik keyfiyyəti odur ki, rahat və aydın şəkildə izah edə biləsən ki, nə səbəbə bu və ya digər qərarı qəbul etmisən.

 - Bir dəfə sizi tapmış uğur bütün ömrünüz boyu sizi yemləyə bilməz.

 - Mənəviyyat – biznesdə heç də boş səda deyil. Onda bütün əsas mənalar var.

 - Mənim can atdığım ən vacib şey kiməsə verdiyim sözün üstündə dura bilməyimdir.

 

Bəli, 9-cu yerdəki kitabla tanışlıq baş tutdu. Bəs 8-ci yerdə hansı kitab qərarlaşıb? Bunu sabah biləcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)