Bu gün İlin axır çərşənbəsidir Featured

Bu gün torpağın və həyatın oyandığı  İlaxır çərşənbə dediyimiz ilin axır çərşənbəsidir - Torpaq çərşənbəsidir. İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. Üçünü yola saldıq, bu da dördüncü. “Ədəbiyyat və incəsənət” portalı olaraq sizləri təbrik edirik, əziz oxucularımız!

İlaxır çərşənbədə səhər ertədən başlayıb bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Və yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, inanca görə, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

Qeyd edək ki, Novruz bayramı axşamı martın 20-nə təsadüf edəcək.

Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.

 

İndi isə ilaxır çərşənbə barədə daha geniş:

Bu çərşənbəyə xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" və ya "Torpaq çərşənbəsi" də deyilir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq bütün canlılara həyat verir və uca Allahın yaratdıqlarının hamısı, o cümlədən insanlar onun qoynuna sığınırlar.

Uzun qış aylarında insanların evlərində saxladığı ərzaqlar tükənir. Əfsanəyə görə adamların əziyyət çəkdikləri bu gündə Su, Od, Yel və Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir və burada yatmış Torpağı oyadırlar. İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpməyə başlayırlar. İnsanlar havanın mülayimləşməsinə, suların donunun açılmasına, çayların suyunun artmasına və torpağın canlanmasına sevinib, bu təbiət hadisəsinin hər birini (çərşənbələri) müxtəlif mərasimlərlə qeyd edirlər.

Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə isə xalqımız tərəfindən böyük coşqu ilə qeyd edilir. Ölkəmizin bəzi bölgələrində İlaxır çərşənbə hətta Novruz bayramının özü qədər təntənəli keçirilir.

İlaxır çərşənbədə öncə qeyd etdiyimiz kimi, həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. Həmin gün küsülülər barışmalıdırlar. Qapıpusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu gün də yaşadılır.

Həmçinin bu günün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ruhuna Quran oxunar, dua edilər. Axşam isə tonqalın üstündən yeddi dəfə o yan bu yana atılar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, xəstəliklərdən qorunacaqlarına inanırlar.

İlaxır çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər - qoz, fındıq, iydə ilə yanaşı, həm də meyvə quruları da qoyulur və şamlar yandırılır.

İlaxır çərşənbələr müxtəlif mərasim ənənələri ilə zəngindir. Ev adətləri ilə bağlı ən əsas adətlərdən biri ev təmizləmədir.

Bu tipli yenilənmənin – təmizlənmənin əsas vasitələrindən biri üzərlikyandırmadı. Üzərlikyandırma Novruz mərasim kompleksində təmizlənmə – yenilənmə ilə bağlı icra olunan ayinlərdəndir. İnsanlar Novruz tonqalına üzərlik atar, bununla da ev-eşiyə, mal-qaraya, ev sakinlərinə yönəlmiş hər hansı mənfi nəzərin təsirini aradan qaldırarmışlar. 

İlaxır çərşənbənin və ümumiyyətlə, 4 çərşənbənin hər birinin ən ayrılmaz və əvəzolunmaz atributu tonqalqalamadır. Xüsusilə ilaxır çərşənbədə tonqal qalanır, insanlar “ağırlığım-uğurluğum bu odda qalsın” deyib onun üzərindən tullanırlar. Bu zaman nəğmələr də oxunur. 

Axır çərşənbənin əsas adətlərindən biri “qurşaqatdı” adətidir. Buna bəzi yerlərdə qurşaqsallama, şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. Məzmunu axır çərşənbə gecəsi evlərə papaq atıb, pay istəməkdir.

İlaxır çərşənbənin ayinləri çoxdur. Bunlardan bəziləri səməni ilə bağlıdır. Onlardan biri də “səməni nəziri” adətidir. Qəlbində bir niyyəti olan adam böyük tabaqlara buğda töküb göyərtdirirdi. Sonra cücərtiləri əzib şirəsini çıxarır, şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadırdılar. Ona qoz-fındıq ləpəsi qatır, sonra xonça sinilərinə töküb yayırdılar. Xonçaları evə aparmayıb, həyətdə saxlayırdılar. Gecə yatmayıb niyyətin qəbul olması haqqında dua edirdilər. Səhər bişmişin dadına baxırdılar. Əgər bişmiş şirin çıxırdısa, demək, nəzir-niyyət qəbul olunub. 

“Barışıq” adəti çox mühüm adətdir və insanlar buna böyük əhəmiyyət verirlər. “Bayramlaşma” adəti isə çox geniş tərkibli mərasim aktıdır.

İlaxır çərşənbələrdə icra edilən oyunların bir çoxu heyvanlarla bağlıdır. Məsələn, “Xoruzdöyüşdürmə”, “İtboğuşdurma”, “Qoçdöyüşü” oyunları. “Xoruzdöyüşdürmə” oyunu Novruz bayramı günlərində, adından da göründüyü kimi, xüsusi cinsdən olan və xüsusi bəslənmiş xoruzların döyüşdürülməsidir.

Novruz bayramının ən mühüm və geniş yayılmış oyunlarından biri “Yumurta döyüşdürmək”dir. Bu oyunda yumurtalar bir-birinə vurulur, sınan yumurta məğlub tərəf olur. Qeyd etmək lazımdır ki, bu oyun tarixən çox geniş yayılmış, kütləvi xarakter daşımışdır. Keçmişdə dövlət başçıları da bu oyuna biganə qalmamışlar. Burada döyüşdürülən yumurtalar iki dünyanın – qışla yazın, soyuqla istinin mübarizəsini nümayiş etdirməkdədir.

 

Novruz falları

“Qulaq falı”, “qapıpusma”, “qulaqpusma” adları altında qeyd olunan falabaxma Azərbaycanın hər bir bölgəsində geniş yayılmışdır. 

Axır çərşənbənin məşhur fallarından biri “üzüksalma” adlanır. “Bundan irəli ilaxır çərşənbədə ərgən qızlar bir otağa yığışıb dilək tası qurardılar. Ortalığa dərin bir mis qab qoyar, sonra hər qız öz üzüyünü həmin qabın içinə atardı. Üzükləri qabın içində iki-üç kərə qarışdırıb, balaca bir oğlan uşağını da gətirərdilər yığnağa. Uşağa başa salardılar ki: – Bax, indi biz növbə ilə bayatı oxuyacağıq. Hər dəfə bayatı oxunub başa çatanda, sən gedib tasın içindəki üzüklərdən birini götürərsən. Biz də baxıb görərik üzük kimindir. Bayatıdan sonra kimin üzüyü qabdan çıxarılsa, onun diləyi həmin bayatıdakı mətləbə yaxın bir axarda yozulardı.

İlaxır çərşənbənin fallarından biri də güzgü ilə falabaxmadır. Məsələn, Naxçıvan və Dərələyəz bölgələrində ilaxır çərşənbədə qızlar əllərində güzgü tutarlar. Ayın şəkli düşər güzgüyə. Şəklin içində oğlan əksi görünsə, “sevdiyi oğlana gedər” deyərlər. Burada iki əsas element var: güzgü və ay. Məlumdur ki, güzgü ruhlar aləmi ilə bağlıdır. Bu halda oğlanın şəklinin güzgüdə görünməsi onun ruhunun görünməsi deməkdir. Ay obrazına gəlincə, onun oğlan obrazı ilə bağlılığı diqqəti çəkir.

Ümumiyyətlə, Novruz falları say və məzmunca zəngindir. Bu fallar məzmunca maraqlı olmaqla yanaşı, bir sıra hallarda çox açıq şəkildə əski təbiət kultları ilə bağlı təsəvvürləri özlərində əks etdirir.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)