Sahildə gördüyüm quyruqsuz və ayaqsız qarğanın balladası - ESSE Featured

Samir Mirhüseynzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Axşam işdən çıxıb başqa bir iş yerinə günlük çalışmaq üçün gedirdim. Nə də olsa, ayaqları üstə duran gənc olmaq asan iş deyil. Gedəcəyim iş yeri sahil ətrafı yerlərdə olduğu üçün yolumu dəniz kənarından, bulvarın neft qoxan dənizi və küləkli sahili ilə salıb, sakit addımlarla işimə gedirdim. Qulağımda oxuyan sakit musiqini dinləsəm də, bir anlıq qulaqcığı çıxarıb sadəcə dənizin və sahildə əyləşən insanların səsini duymağı daha çox istədiyimin fərqinə vardım. Hava çox isti deyildi. Sahildə ailəsiylə və sevgilisiylə gəzən bir çox insan var idi. Havanın dadını çıxarıb, əylənirdilər. Birdən gözüm havada uçan qarğaya sataşdı. Gözüm qarğada ilişib qaldı desəm, daha doğru olar. Qarğanın çox qəribə görüntüsü var idi. Bütün bədən üzvləri yerində olduğunda belə yaraşıqlı olmayan qarğanın nə quyruğu, nə də bir ayağı var idi. Quyruğu tamamən olmayan qarğanın bir ayağı isə bükükdən yox idi. Bədənində yaşadığı bütün  çətinlikləri göstərməyə çalışıb, israrla uçmadan gözlərimin içinə baxırdı. Bu an fikrlərim beynimdə çox sürətlə yerlərini dəyişirdi və qarğa, sanki məni ilk iş günümdə işə gecikdirməyə çalışırdı. Görəsən, onsuz da gözəlliyi olmayan bu qarğanın birdə belə bədbin görsənməsi onu üzürdümü, yoxsa o, uçmağına şükür edərək həyatına davammı edirdi? İki qanadı, iki ayağı olmasına rəğmən uça bilməyən dəvəquşu, ya da pinqvinlər bu qarğanı görsəydilər, nə fikirləşərdilər? Deyərdilərmi “Ay daa, kaş biz də bu qarğa kimi uçaq”? Yoxsa ayaqları olmağına şükür edib, uçmaqdan əl çəkərdilər? Bir anlıq beynimdə empatiya qurmaq istəyi baş qaldırdı və seçim qarşısında qaldım. Seçim haqqım olsaydı, bütün bədən üzvləri olub da uça bilməyən quş olmaqmı istəyərdim, yoxsa bədənimin bir hissəsi olmayıb da uça bilən bir quşmu?! Nə də olsa, quşları ucsuz-bucaqsız səmanın daimi sakinləri kimi tanıyırıq. Uça bilməmək quşlara böyük eyib olardı. Bəs uçmamaq eyibdirsə, dəvəquşu və pinqvin bu eyibləmi dünyaya gəlib? Yoxsa kiminsə eyibini eyib kimi dilləndirib söyləmək eyibdir? Uçmamağı bəlkə də onların xeyrinədir, quyruğu və ayağı olmaması kimi. Kim bilə bilər ki? 

Bu fikirlərlə söhbətləşdiyim an işə getdiyimi xatırladım və artıq 15 dəqiqəlik olan yolum üçün 10 dəqiqə vaxtım qalmışdı. Uça bilməsəm də, qaça bilirdim.

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2024)