Sevinc Nuruqızına təbrik

Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa tanınmış uşaq yazıçısı Sevinc Nuruqızını yubileyi ilə bağlı təbrik edib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda deyilir:

 

“Hörmətli Sevinc xanım,

Sizi - tanınmış uşaq yazıçısı, şair-publisist və tərcüməçini 60 illik yubileyinizlə bağlı təbrik edir, ən xoş diləklərimi yetirirəm!

 

Siz 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2003-2006-cı illərdə Mədəniyyət Nazirliyinin mətbu orqanı “Mədəniyyət” qəzetinin baş redaktor müavini, 2006-2007-ci illərdə “Minamedia” Nəşriyyat Evində “Cırtdan” və “Ümid” uşaq jurnallarının yaradıcı heyətinin direktoru, “İctimai Radio”nun efirində “Çoxbilmiş” və “Nağıl saatı” verilişlərinin redaktoru və aparıcısı, 2015-2021-ci illərdə “Göyqurşağı” uşaq jurnalının redaktoru olaraq səmərəli yaradıcı fəaliyyət göstərmisiniz. Siz həmçinin “Təhsil” və “Aspoliqraf” nəşriyyatlarında böyük redaktor və uşaq ədəbiyyatı şöbəsinin müdiri olaraq öz ictimai və yaradıcı töhfələrinizlə seçilmisiniz. 

Sizin “Qisas” adlı pyesiniz Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının (2006), “Gəlinciklər” adlı tamaşanız isə Salyan Dövlət Kukla Teatrının (2006) səhnəsində uğurla tamaşaya qoyulub.

Azərbaycanca və xarici dillərdə 50-dən artıq kitabınız yayınlanıb. O cümlədən, Güney Koreyada üç dildə – Azərbaycan, Koreya və ingilis dillərində “Sürəyyanın izində”, Türkiyədə “Melisa”, “Gaga və Hamhamın maceraları”, Belarusda “Bazqulaq i parı qoda” adlı kitablarınız gün üzü görüb. 

Siz bəstəkar Oqtay Rəcəbovun “Sərçəcik” və “Bahar qız əfsanəsi” operalarının libretto müəllifisiniz. 

Yaradıcı uğurlarınıza görə bir sıra ictimai ədəbi ödüllərə layiq görülmüsünüz.

Sizi bir daha təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq”!

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2024)