34-cü Tokio Beynəlxalq kinofestivalı Klin İstvudun "Kişi göz yaşları" filmi ilə açıldı Featured

 

Hər il keçirilən və sayca 34-cü olan Tokio Beynəlxalq Kinofestivalı uikend günlərində Yaponiyanın paytaxtında açıldı. Öncə ulduzlar və qonaqlar ənənəvi qırmızı xalça üzərindən keçdilər, sonra isə rəsmi açılış mərasimi keçirildi. Hər iki tədbirin yayımı YouTube-dakı festival kanalı ilə nümayiş olundu. “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən bildirir ki, açılış törəninə Yaponiyanın Baş naziri Fumio Kisida da qatılmışdı.

 

"Biz bu il festivalı keçirə biləcəyimizdən çox narahat idik. Ancaq koronavirus ilə bağlı vəziyyət yaxşılaşıb və biz bu festivalı tamaşaçılarla birlikdə keçiririk. Bu il biz əsas meydançamızı dəyişdik və indi festivalı Hibiya və Yurakut rayonlarındakı kinoteatrlarda keçiririk ki bu rayonlar da tarixən kinematoqrafla bağlıdır. Ümid edirəm, yaxın on gün kinoşünaslar üçün bol emosiyalı, maraqlı və zəngin təəssüratlı olacaq", - deyə açılış mərasimində kinofestivalın sədri Hiroyasu Ando bildirib.

 

Yaponiyanın Baş naziri Fumio Kisida isə öz növbəsində tədbirin koronavirusa qarşı davam edən mübarizə dövründə keçirildiyini, festivalın özünün də həm adi formatı, həm də onlayn formatı özündə birləşdirdiyini vurğulayıb. Hökumət başçısı həmçinin Yapon filmlərinin və animelərinin nümayişlərinin xarici auditoriyaya yaxşı təsir göstərəcəyinə ümid etdiyini bildirib.

 

Festival proqramı

 

Şənbə axşamı gecə saatlarında "Kişi göz yaşları" (Cry Macho, 2021) böyük anşlaqla nümayiş olunub. Amerika rejissoru Klin İstvudun çəkdiyi bu filmdə əsas rolu da o özü oynayır. Noyabrın 8-də amerikalı rejissor və yazıçı Stiven Çboskinin çəkdiyi "Əziz Evan Hansen" (Dear Evan Hansen, 2021) müziklinin nümayişi ilə isə kinofestival bağlanacaq. Festivalda cəmi doqquz bölmə olacaq.

 

Hazırkı baxışdan əvvəl rəhbərlik proqram direktorunu dəyişib, Takesi Kitanonun filmləri də daxil olmaqla ən məşhur rejissorlarla işləyən  prodüser Sedzo İtiyama bu vəzifəyə təyin olunub. Proqramın özündə əvvəllər olduğundan daha çox dünya premyerası təqdim olunur. Bu, əsasən Asiya filmlərinə aiddir. Tokioda kinoteatrlara gəliş üçün məhdudiyyətlər indi tamaşaçılar üçün işləmir, lakin dəvət olunmuş xarici qonaqlar və kino ulduzları festivalda iştirak etmirlər, çünki Yaponiya indi, demək olar ki, yeni giriş vizaları vermir.

 

Pandemiyanın əsas nominasiyasından imtina etmək qərarına gəlinmiş ötən ildən fərqli olaraq bu il müsabiqə proqramı bərpa olunub. Onun çərçivəsində 15 film nümayiş olunur. Biz azərbaycanlılar üçün sevindirici bir fakt. Əsas mükafata iddiaçılar arasında azərbaycanlı rejissor Hilal Baydarovun "Durna fənəri" (Crane Lantern, 2021) filminin də adı çəkilir. Film hüquq fakültəsinin tələbəsi olan bir qızdan və dörd qadının oğurlanması səbəbiylə həbsə alınan bir kişinin münasibətlərindən bəhs edir.

 

Həmçinin izləmənin əsas mükafatı üçün Qazaxıstandan olan rejissor Darejan Omirbayevin "Şair" (Poet, 2021) filmi yarışacaq. Film XIX əsrdə yaşamış və hakimiyyət tərəfindən edam edilmiş Didar adlı tanınmamış şairin həyat hekayəsini izah edir. Bundan başqa, əsas proqrama Çindən, Cənubi Koreyadan, Yaponiyadan, Albaniyadan, İrandan olan rejissorların əsərləri daxil edilib.

 

Ənənəvi olaraq, Tokio kinofestivalında müasir yapon filmləri və animelər, eləcə də klassik filmlər təqdim olunur. Bu il həmin klassik bölməyə bir neçə film daxil edilib, buraya yapon kult aktrisası Kinue Tanakanın rejissor ampluasında çıxış etdiyi, 50-ci, 60-cı illərdə şəkilmiş 3 film daxil edilmişdir. Bunlar "Hələ ay çıxmadı" (Tsuki vay noborinu, 1955), "Avara şahzadə" (Ruten no ohi, 1960) və  "O-Gin-sama" (Ogin-sama, 1962) filmləridir.

 

Beləliklə, bütün diqqətlər Tokiodadır. Azərbaycan kinosu noyabrın 8-də - Zəfər günündə tarixində ən böyük zəfərə imza atıb Tokio kinofestivalının baş mükafatına sahib ola bilər.

 

Gəlin bunu hamılıqla arzulayaq və həyəcanla gözləyək.