Hacıbaba Bağırov xəstəxana palatasından necə qaçdı Featured

 

Yazıçı Əyyub Qiyasın təqdimatında “AZƏRBAYCAN AKTYORLARININ  HƏYATINDAN MARAQLI ANLAR” layihəsində bu dəfə sizə mərhum aktyorumuz Hacıbaba Bağırovun (1932-2006) bir xatirəsini təqdim edəcəyik. Səhnədə daim bizi güldürən komedik aktyorumuz həyatda da zarafatcıl, şən birisi idi, Allah ona rəhmət eləsin.

 

 

 

***

 

Xəstə vaxtlarım idi. Teatrda “Bankir adaxlı” tamaşası gedirdi. Biletlərin hamısı satılmışdı, mənsə xəstəxanada müalicə alırdım.

 

Tamaşaya iki saat qalmış hələ xəstəxanadakı palatamdaydım, qəfil ayağa qalxıb geyinməyə başladım. Həkim içəri girəndə geyindiyimi görüb başını buladı.

 

– Nə edirsiz, Hacıbaba müəllim, sizə ayağa qalxmaq olmaz.

 

Niyyətimi gizləmədim:

 

– Mən teatra getməliyəm, axşam tamaşam var.

 

Həkim narahatçılıqla dedi:

 

– Siz tamaşanı düşünürsüz, biz isə sizi. Olmaz! Ölərsiz!

 

 Mənsə geyinməkdə davam edərək həkimə baxıb gülümsədim.

 

– Öləndə də heç olmasa səhnədə ölərəm, daha xəstəxana palatasında yox, – deyib, xəstəxananı tərk etdim.