Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında nəşriyyat və tərcümə üzrə əməkdaşlıq məsələləri müzakirə edilib

Səudiyyə Ərəbistanının Ədəbiyyat, Nəşriyyat və Tərcümə Departamentinin baş direktoru Məhəmməd bin Həsən Əlvanın Azərbaycanın Krallıqdakı səfiri Şahin Abdullayev ilə görüşündə iki ölkənin müvafiq strukturları arasında nəşriyyat və tərcümə üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

 

AzərTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, görüş zamanı nəşriyyat və tərcümə sahələrində əməkdaşlığın mədəni ünsiyyət və təcrübə mübadiləsi kimi əhəmiyyəti vurğulanıb, həmçinin bununla bağlı bir sıra proqram və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər mədəni və intellektual istiqamətlərdə ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını da müzakirə ediblər. Qeyd olunub ki, Krallığın müxtəlif mədəniyyət və düşüncə məktəbləri ilə Azərbaycanın müvafiq təşkilatları, habelə iki ölkənin ziyalıları, yazıçıları və mütəfəkkirləri arasında əlaqələrin geniş potensialı mövcuddur. 

Tərəflər sözügedən sahələrdə əməkdaşlıq səylərinin intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin həyata keçirilməsinin, mədəni və ədəbi tədbirlərdə iştirakın, bütün bu məsələlərə ümumi baxışların iki xalq arasında anlaşma və yaxınlaşmanın dərinləşməsinə töhfə verəcəyini vurğulayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2024)