“Mənə tərbiyəsiz aktyor lazım deyil ” Featured

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Elxan Qasımovdur.

 

 

ELXAN QASIMOV

(1945)

***

 

“Əhməd haradadır?” filminin çəkilişlərinə hazırlıq dövrü idi. Kimsə nazirlikdən zəng vurub cavan qohumlarından birinin filmə çəkilməyini Adil müəllimdən xahiş etmişdi. Təsadüf elə gətirdi ki, həmin cavan aktyor gələndə mən də onun iş otağında idim.

– Salam, qadam, harada işləyirsən? – xəbər aldı.

– Mədəniyyət evində bədii rəhbərəm. 

– Lap yaxşı, hansı rollarda oynamısan? Hansı kinolara baxmısan?

– Nə rol oynamışam, nə də kinoya baxmağa həvəsim var. Toylara gedib mahnı oxuyuram. Yaxşı səsim var.

– Lap yaxşı, qadam, bəs hansı xanəndəni xoşlayırsan, kimə qulaq asırsan?

Cavan adam:

– Elə özümə qulaq asıram, – deyəndə, Adil müəllim əsəbiləşdi. Əlini masaya vurub dedi:

– Onda get öz mədəniyyət evinə, çıx səhnəyə özün oxu, özün də qulaq as. Mənə tərbiyəsiz aktyor lazım deyil.

Oğlan şəstlə ayağa qalxıb arxayınlıqla:

– Bəs dayıma nə deyim? – soruşdu.

– De ki, Adil müəllim dedi, səndən adam olmayacaq!

Oğlan suyu süzülə-süzülə çıxıb getdi.

 

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2023)