Sənə görə qaynanam məni yola verməyə başladı... Featured

 “Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Nəcibə Məlikovadır

 

NƏCİBƏ MƏLİKOVA

(1921-1992)

***

“Ögey ana” filmi o vaxt çox məşhur oldu, elə bizi də məşhurlaşdırdı.

Bir dəfə teatrın girişində bir qadınla bir qız uşağının dayanıb məni gözlədiyini gördüm. Məni gördükdə sıxılaraq yaxınlaşdılar. Görüşdük. Qadın çox həyəcanlı idi:

– Dilarə xanım (mənə filmdəki adımla müraciət etdi), çox sağ olun.

– Siz də sağ olun, amma bu “sağol”un səbəbini başa düşmədim.

Qadın sıxılaraq:

– Birinci həyat yoldaşımı cavan itirdim. O, rəhmətə gedəndə, bu qızın 2 yaşı vardı. Bir müddət ailə qurmaq istəmədim, sonra böyüklərin də razılığı ilə ailə qurdum. İkinci yoldaşımın da arvadı cavan ölmüşdü, o qadından bir qızı vardı. Qaynanam nə məni, nə bu tifili qəbul eləmirdi. Günümüz göy əskiyə bükülmüşdü, sizin filmdən sonra arvad məni qucaqlayıb üzr istədi. İndi ana-bala kimi dolanırıq, can deyib, can eşidirik. Buna görə çox sağ olun.

Kövrəldim. Qadını və qızı bağrıma basdım.

***

Bir dəfə də rayonlardan birinə qastrola getmişdik. O vaxt kinoteatrlarda “Ögey ana” filmi göstərilirdi. Axşam mehmanxananın bufetində oturub çay içirdik, bir də gördüm yaşlı aktyorlardan biri bir ayağında qara, o biri ayağında qəhvəyi rəngli ayaqqabı ilə gəlir. Başqalarının da diqqətini çəkməsin deyə, sakitcə xəbər aldım:

– Ayaqqabılarının niyə biri qara, o biri qəhvəyidir?

Aktyor dostum ayağına baxıb, halını pozmadan cavab verdi:

– Özüm də baş açmıram, otaqda daha bir cüt eynən belə ayaqqabı qaldı.

 

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)