12 milyardlıq ev? - Dünyanın ən gözəl evləri və onların sahibləri Featured

Türkiyədə baş verən məlum zəlzələ gündəlik həyatımızda öz izlərini göstərməkdədir, ilk növbədə Azərbaycanın daşınmaz əmlak bazarında bina və həyət evlərinin qiymət nisbətində bu özünü göstərir. Uzun illərdir ki, daşınmaz əmlak bazarında çalışan Elçin Nəsirov “Ədəbiyyat və incəsənət” portalının sorğusunu cavablandırarkən bildirib ki, qiymətlər ikincilərin xeyrinə kəskin şəkildə artıb. Yəni, Türkiyə zəlzələsi bina evlərinin qiymətində 10 faizədək azalma, əksinə, həyət evlərinin qiymətində 17-18 faizədək yüksəlmə ilə müşayiət olunub. Üstəlik, tikinti materiallarının qiyməti də 5-7 faiz qalxıb, bu da həyət evləri tikintisinin vüsətinin bir barometridir.

Təbii ki, həyət evləri tikənlər layihələndirməyə baş vurur, daha yaxşı, daha kompakt və daha qənaətcil evlər günümüzdə trend təşkil edir. Bəs nümunə kimi nəyə istinad etməli? Hər şeydən öncə ən yaxşılara. O yaxşılara ki, onlar yüksək zövq formalaşdıra bilir. Bunun üçün “Gözəllik” bölümündə “Ədəbiyyat və incəsənət” vaxtaşırı sizə dünyanın ən mükəmməl dizayna malik evləri ilə tanış edəcək. Hələliksə diqqətimizi Kommersant week-end nəşrindəməşhur dizayner Veronika Tabenskayanın dünyanın ən gözəl evlərindən bəhs etməsi çəkdi. Və biləsiniz ki, dünyanın ən gözəl villası Tabenskayanın təbirincə amerikalı müğənni Alişa Keyzə aiddir.

 

1.

Kaliforniyadakı "Razor House" mülkü, 45 milyon dollar

Memar Uolles Kaninnqemin layihələndirdiyi "Razor House" mülkü 2008-ci ildə inşa edilib. Mülkün bazar dəyəri 45 milyon dollar olub. Müğənni Alişa Keyz bu mülkü ümumi dəyərindən təxminən 10 milyon dollar daha ucuz - 20,8 milyon dollara alıb.

Mülkün əsas özəlliyi və dəyəri müəllifin memarlığı və Kaliforniyada La Jolla qayalığından Sakit Okeana açılan panoramdır. Panoramik şüşələr daxili interyerlə çöl arasındakı xətti silir. Bu evdə hər bir insan özünü təbiətin bir hissəsi kimi hiss edir. Belə arxitekturada mebel bolluğu nəzərə çarpmır, yalnız minimalist notlar qeyd olunur. İnteryerin qiyməti həm də təbii materialların geniş istifadəsi hesabına formalaşıb.

 

2.

Nyuman Rezidensi, 15 milyon dollar

Məşhur kinoaktrisa Dayan Kiton həm də dizaynerliklə məşğuldur. Hətta, memarlıqla desək daha dürüst olar. O, gözü tutan evləri alır, bəzəyir, sonra satır. Adətən o, 20-ci əsrin məşhur memarlarının qələmindən çıxmış evləri alır.  20-ci əsrin böyük memarlarından birinə - Frank Lloyd Rayta aid ev də Dayanın gözünü tutub. Alfred Nyuman melodiyalarını bu evdə bəstələyib, bina xüsusi olaraq məşhur bəstəkar üçün tikilib. Odur ki, ev Nyuman Rezidensi adıyla məşhurdur.

Dayan Kiton iqamətgahın ilkin üslubunu saxlasa da, bir çox detalları yeniləyib. Dekorator kimi o, evin xarici əhval-ruhiyyəsini interyerə ötürməyi bacarıb. Qiymət də buna görə kəlləçarxa çıxıb.

 

3.

Cennifer Lourensin penthausu, 12 milyon dollar

Lourensin Nyu-Yorkda, yaşayış massivinin 30-cu mərtəbəsində yerləşən Hudzon mənzərəli penthausu çox dəyərlidir. Aktrisanın bir neçə il əvvəl 15,6 milyon dollara aldığı ev indi 12 milyon dollara satışa çıxarlıb. 4073 kvadratmetrlik ev 3 yataq otağı, 5 vanna otağı, 2 qonaq otağı, mətbəx və yemək otağından ibarətdir.

 

4.

Bay Yuminin 8 milyonluq evi

Tanınmış memar, Pritzker mükafatı laureatı, daha çox Parisdəki Luvr muzeyinin şüşə piramidası və Honq Konqdakı "Bank of China Tower" layihəsi ilə tanınan Bay Yuminin ölümündən sonra həyat yoldaşı Manhettendə son 45 il ərzində yaşadıqları evi satışa çıxarıb. Bay Yuminin sözügedən evi Viktoriya üslubunda tikilib, interyer isə memarın özünə məxsusdur. Onun rəhbərliyi altında yenidən dizayn edildikdən sonra ev modernist mebellərlə təchiz olunub, memarlıq da qismən dəyişdirilib. Yerdən tavana qədər olan pəncərələr birbaşa Satton Meydanına açılır.

 

5.

Mark Vulfun 6,5 milyon dollarlıq evi

Evi 1961-ci ildə böyük Frank Lloyd Raytın tələbəsi, memar Con Lotner dizayn edib. Müştəri Raytın "Şəlalənin üstündəki ev" əsərinə bənzər bir ev yaratmağı xahiş edib. Con şah əsəri ustalıqla yerinə yetirib. Yeri gəlmişkən, memar film çəkilişləri üçün də olduqca unikal evlər yaradıb. Vulf Rezidensi çox orijinal alınıb, O, müxtəlif dövrlərdə tikilən iki binadan ibarətdir: əsas hissə (154 kv.m.) və əlavə tikili (108 kv.m.).

İndi ev demək olar ki, təmirsizdir, lakin bu, onun memarlığının qiymətləndirilməsinə maneə ola bilmir. Ev rəsmi olaraq Los Ancelesin mədəni irsi hesab olunur.

 

6.

Dayan Kitonun digər,  4,5 milyonluq evi

Frank Lloyd Raydın Cənubi Kaliforniyada inşa etdiyi evi də alan Dayan Kiton onun bərpası ilə özü məşğul olub. Ev Kaliforniyanın tarix və mədəniyyət abidəsi siyahısına daxildir. Kaliforniyanın Los Feliz şəhərində yerləşir.

Dayanın məqsədi orijinal interyeri yenidən yaratmaq və onu yenidən qurmaq idi. Biləsiniz ki, restovrasiya və yenidən qurma sıfırdan ev tikməkdən daha çətin və bəzən daha çox maliyyə tələb edən incə bir işdir.

"Art Deco" üslubu artıq fasaddan görünür. Memar burada yaşaya biləcəyiniz müxtəlif fəaliyyət növləri təklif edir, binanın estetik görünüşü də hərtərəfli düşünülüb. Hovuzda üzmək, qonaq otağında nahar etmək, səhər yataq otağında yuxudan oyanmaq, terrasda səhər yeməyi yemək – nə etməyinizdən asılı olmayaraq, hər zaman təbiətin əhatəsində olmaq evin dəyərini artırır. Pəncərədən açılan mənzərələrin rəsm əsərlərini xatırlatması isə bir ayrı gözəllikdir.

 

Dünyanın ən bahalı evi – Swiss Gold House – 12 milyard dollar

Təbii ki, özünə mülk tikən azərbaycanlının dünyanın ən bahalı evi barədə də təəssüratı olmalıdır. Həmin ev İsveçrədə, İtaliya ilə sərhəddə - təbiətin ən gözəl mənzərəli yerində qərarlaşıb. Bəs ona bu cür astronomik qiyməti gətirən nədir? “Ədəbiyyat və incəsənət”in müxbiri bu səbəbi tapanda hədsiz təəccüblənib. Demək, ümumi sahəsi 725 kv.m. olan, cəmi 8 yataq otağı, qarajı, terrası və hovuzu olan bir mülkə 12 milyard qiymət gətirən onun interyer və eksteryerində 200 ton qiymətli metaldan istifadədir. Məşhur dizayner Styuart Xyuzun ərsəyə gətirdiyi mülkdə qızıl, gümüş, bürünc və platindən bol-bol istifadə də əsas özəllik deyil. İş ondadır ki, qonaq otağındakı bar təbii meteoritdən inşa edilib. Bu material ağlasığmaz dərəcədə bahalıdır. Barda istifadə edilən plastinlər isə 65 milyon il bundan əvvəl Yer üzərində məskunlaşmış raptor dinozavrının sümüklərindən hazırlanıb.

Və onu da deyək ki, bu evi görən bir şəxs də yoxdur, evin ünvanı gizli saxlanılır. Buna görə də İsveçrədə belə güman edirlər ki, Swiss Gold House mövcud deyil, uydurmadır.

Eviniz abad olsun, əziz oxucularımız!

 

Qapaq şəklində: Swiss Gold House

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)