“Mənim hekayəm” - Xatirə Səfər

“Ədəbiyyat və incəsənət” portalı Oxucularımızın yaradıcılığı rubrikasında sizlərə Xatirə Səfərin “Mənim hekayəm” hekayəsini təqdim edir. 

 

Əslində çox qorxurdu... 

Ancaq içindəki burulğanına savaş açmaq  üçün yeganə çıxış yolu bu idi. Evlərindən körpüyə qədər olan yolu km-lərlə ölçə bilməsə də, təxmin etmişdi. Bu təxminlərində saysız hesabsız şəkildə var-gəllərini nəzərə alsaq ora tez çatmağı düşünürdü, həmçinin nədənsə gizlincə indiyə qədər inandığı, tutunduğu müqəddəslərin hamısının bir- bir adını çəkmiş, dönməsi üçün hərəsinin ətəyindən yapışmağa çalışmışdır. Fəqət tək gedəcəyi gerçək yer Rəbbinin hüzuru  olduğunu dərk edə bilməmişdi təəssüf ki.. 

Ona görə də anlaya bilmirdi, hərəkəti onu hansı uçuruma apara bilər, sezə bilmirdi ürəyinin qaranlığında itib-batmış, yox olmuş ümidin iynə ucu qədər də gerçek olmasını...

Bəlkə də hiss edirdi, içindəki qərarın son mənzil üçün beynini  gəmirdiyini, onun ruhu çoxdan qəbul etmişdi bu ayrılığı, sadəcə  cismi qaldığı üçün nigaran idi və O, bu səfər  artıq cismini də qurban verərək  adlayacaqdı, azadlıq naminə. Ömür boyu onu içində sıxıb, tənə ilə hər dəfə üzünə  vurub günahlandırdığı bu səhv, bu yanlış bəlkə də ədalətli idi.  

 

İntizarın  addımları  tez-tez dayanır, gah itiləşir, gah da hansısa qüvvə tərəfindən  geri gedirdi, sanki məcburən ilahi qüvvə onu çəkindirməyə çalışırdı, həyatın necə gözəl olduğunu, xüsusilə gecələr həyatın daha başqa, əsrarəngiz sehrə malik olduğunu  göstərmək üçün isti avqust ayının ən orta günlərində, daha dəqiq desək 22-ci  günündə, öz 35 illik həyatının ən qaynar çağında verdiyi qərarı əsən bir yay mehi , səmalardan baxan günahkar və günahsız ruhlardan ibarət ulduz tavanı və indiyə qədər heç kimin toxuna bilmədiyi o füsunkar zərli libası pozmağa çalışırdı. 

Artıq gec olduğu üçün körpünün üstü ilə heç bir avtomobil gözə dəymirdi. İntizar sağındakı və solundakı ömürlük yandaşları ilə birlikdə addımlarını sayırdı. Hərdən onların mübahisə etməyi belə onu aldığı qərarlı düşüncədən əl çəkməyə kafi deyildi. 

Qəfildən qarşıdan gələn avtomobilin qabaq işığı sanki İntizarı qorxunc yuxudan oyadırmış kimi diksindirdi. Avtomobil gözə görünməz hadisə nəticəsində çevrildi və tüstüləməyə başladı.

Öz-özünə deyinərək dodaqaltı   dondquldamağı sevirdi.  Deyinə-deyinə yavaş-yavaş maşına doğru getdi. Gördüyü mənzərə qarşısında nitqini yay gecəsində necə şaxta vurdusa, orda olsaydın düşünərdin ki, sanki 26 fevral Xocalı faciəsində əli, ayağı, dili, dodağı donmuş biçarə , zavallı körpə kimidir.Heç bir həyat nişanəsi  qalmayan... 

Tərsinə çevrilmiş  avtomobilin tüstüsü getdikcə çoxalır, ön hissəsi  sanki alışacaqmış kimi hiss etdirirdi İntizara.. 

Cəld yubanmadan içəriyə baxdı, 3 nəfər  gördü, artıq ikisi ruhunu tapşırmış, biri isə mədət umurdu sağ qalmaq üçün. Bir anlıq , hətta 1 dəqiqə belə çəkmədən insan ömrünün tükdən asılı olması vəziyyəti  İntizarın içindəki intihar qorxusunu yenməyə başlayırdı. Zaman avtomobilin içindəki insan ömrünün  əleyhinə  işləyərkən, İntizarın  həyat eşqinin yenidən doğulmasına səbəb olurdu. İndi hər cəhdlə o, içəridə qalan adamı xilas etmə dərdində idi, çunki 1 neçə dəqiqə sonra onların ikisi üçün də, orada qalmaq həqiqətən də  təhlükəli  ola bilərdi. İllərlə  varlığına inanmağa cəhd göstərməyə çalışan İntizar son məqamda  "Allah " deyərək göy üzünə baxdı: "mənə güc ver " deyib avtomobilin qapısını dartdı. 

Göylərin bu iki insan üçün hansı planları var olduğunu bilmirəm, amma görünür onları birləşdirən hansısa səbəb İntizara daxili inamını, itirdiyi imanını və ağrıdan qıvrılan adama isə ikinci yaşama şansını  geri qaytardı..  

Gözlərini  açdıqda bəyaz bir tavanla üz-üzə gəldi.

Yavaş-yavaş ətrafa göz gəzdirdi,  bura necə düsdüyünü  qısa-qısa kino lenti kimi xatırlamağa çalışdı. Fikirlərdən bir səs onu ayırdı. 

"-İntizar, qızım !  Hər şey yaxsi olacaq"  -deyə ağsaçlı bir kişi onun sistem qoşulmuş əlini tumarlamağa  başladı.

Yaşadığı hadisənin qaynar, odlu- alovlu 

nəticəsi  İntizarı və xilas etdiyi gənci bir müddət ayrı-ayrı otaqlarda məhkum etmişdi.. 

"Göndərən Allah isə hər bir dərdi 

Demək könlümün şəfasını səninlə verdi" 

...deyə bir mahnı oxunurdu dəhlizdə... Və onların ikinci dəfə rastlaşması, üz- üzə gəlməsi xəstəxanada olsa da, duaların ən çox edildiyi yerdə olması, ən səmimi, ən içdən edilən dualara şahid olmuş bu xəstəxana nəyəsə işarə idi.. 

Bir müddət keçdi və İntizar xəstəxanadan evə yerləşdikdən sonra yanına bir neçə özəl saytlardan və qəzetlərdən müxbirlər gəlmişdilər, hadisə ilə maraqlanırdılar. İntizar olduqca heyrətlənmisdi ki, nə üçün onunla tanışlığa bu qədər can atırlar. Müxbirlərin orda olduğu müddətdə karqo vasitəsi ilə İntizarın ünvanına büyük qızıl gül dəstəsi  göndərilmişdi. Gül dəstəsinin üzərindəki not təsadüfi  bir mehlə qopub jurnalistin üstünə yapışdı. Qeyri-ixtiyari də olsa nota göz yetirən jurnalist artıq hər şeyi bilib təsdiqləmiş halda həmkarlarına işarə etdi.  (Can həkiminin İntizara olan böyük məhəbbəti artıq sirr deyildi ). Onların hər birinə çox qəribə və inanılmaz gəlirdi dünyaca şöhrətli bir can həkiminin öz qəlbini  öz xəstəxanasındakı həyatını xilas etmiş İntizar adlı  sadə, düşüncəsi bəsit,  iradəsi zəif, fəqət cahanın özü boyda ürəyə sahib olduğu bir qıza verməsi...

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)