Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq.

 

 

 

42–ci dərc

 

Layiqə diqqətlə məni dinləməyində idi.

-Hələ qapıdan girərkən görüşmək üçün əlini sıxanda Qılıncın necə bir fiziki gücə malik olduğunu başa düşdüm. Elə görüşəndə bir şey də diqqətimi çəkdi. Onun barmaqlarının üstündə spesifik qabar izləri vardı. Fəhləliklə məşğul olan birinin ovuclarının qabar bağlaması normaldır. Ancaq barmaqların üstündəki qabarlar ya əlbəyaxa döyüş növləri ilə məşğul olanlarda, ya da hər an döyüşməyə hazır olmaq üçün özünü fiziki formada saxlayanlarda əmələ gəlir. Hər an döyüşə hazır olmaq heç kimin işi olmayan bir dəlinin nəyinə lazım idi? Dəli demişkən, Matvey Semyonoviç sağlam kimi xəstəxanaya yerləşdirdiyi adamda sonradan doğrudan da psixi pozğunluğun olduğunu aşkar etdiyini demişdi mənə. Diaqnozu isə, çox nadir rast gəlinən bir diaqnoz imiş. Həmin xəstəliyin əlamətləri də müşahidələrimdə mənə çox kömək oldu o iki gündə. Məsələ belə idi ki, əslində mən özünü dəliliyə vurmuş birinin heç də dəli olmamasını, bu adla yaşayıb rahatca cinayətlərini edib şübhələrdən kənarda qaldığını sübut etməliydim. Ancaq Matvey Proxorovun onun diaqnozu barədə dediklərini nəzərə alıb, məhz həmin diaqnozun nadir əlamətlərini tutuşdurmağı qərara aldım. Bu əlamətlərin müşahidə olunması Qılıncın bizə lazım olan adam olmasının daha bir sübutu olacaqdı. Ayrıca, elə həmin psixoloqlara istinadən, Qılıncın mənə lazım olan şəkil albomuna baxmayacağı ehtimalı da var idi. Qoy lap bir faiz olsun. Buna görə də, həmişəki kimi, işimi möhkəm tutub sübutları bir neçə istiqamətdən toplayırdım. Beləcə, Qılınc bağı belləməyə, mən isə altdan-altdan onu müşahidə etməyə başladım. Elə ilk dəqiqələrdən, beli tutmağından onun solaxay olduğu məlum oldu. Axşam yeməyində demək olar ki, kəlmə kəsməyən Qılınc yeməyini qurtaran kimi otağına çəkildi. Onda mən də otağıma qalxıb gizli kameranın monitoru qarşısında oturdum. Bu izləmə gecə saat 3-ə qədər çəkdi. Gecənin yarısına qədər yatmayan Qılınc əvvəlcə rəfdə qoyduğum kitablara baxmağa başladı. Demək olar ki, hər mövzuda olan o kitabları xüsusilə seçib oraya yığmışdım. Mənə onun kitablara diqqət yetirib-yetirməyəcəyi maraqlı idi. Əgər maraqlanarsa, məhz hansı kitabı seçəcəyi isə xüsusilə maraq doğururdu. Bir neçə kitabı vərəqləyən Qılınc, nəhayət, seçimini etdi və yerini rahatlayıb əlindəki kitabı oxumağa başladı. Layiqə, heç vaxt təsəvvür edə bilməzsən ki, o hansı kitabı seçdi. Qılınc, ümumtürk mədəniyyəti xəzinəsində «Tüzüki-Teymuri» - «Teymurun qanun kitabı» kimi məşhurlaşan «Əmir Teymurun vəsiyyətləri»ni seçdi. Ancaq bu məni təəccübləndirmədi. Sonrasını gözlədim. İki dəfə siqaret çəkmək üçün fasilə verməklə üç saat kitabı əlindən yerə qoymadı. Sonra televizoru işə saldı. Kanalları dəyişdikcə onun bu dəfəki seçiminin nə olacağını maraqla izləyirdim. Rusiyanın Birinci kanalında əl saxladı. Orada uzun illərdir gedən bir elmi veriliş var. «Həqiqətlər, müəmmalar» adlanır. O verilişə sona qədər baxdı. Razılaş ki, bu da çox maraqlı seçim idi. İllər əvvəl verilmiş saxta diaqnozu mənə maraqlı olmasa da, onun həqiqətən əziyyət çəkdiyi diaqnozunun əlamətlərini Matvey Semyonoviçdən soruşub yadımda saxlamışdım. Bu əlamətlər təxminən belə idi: «Şizofreniyanın «Hebefrenik» adlanan bu növü on beş-iyirmi beş yaş arasında ortaya çıxır. Belə xəstələr fəlsəfi mövzulara, təcrid olunmağa və heç bir məqsədi olmayan davranışlara  yönəlməyə meyilli olurlar. Davranışları boş və qeyri-sabitdir. Adi həyatda onlar heç nə ilə fərqlənmirlər. Belə adamlar bir ömür yaşayarlar və ətrafdakılar şizofrenik pozğunluqlarının olmasını duymaya bilərlər. Ancaq ayrı-ayrı vəziyyətlərdə onların hərəkətlərini proqnozlaşdırmaq çətin olur». Solaxay olması ilə yanaşı, xəstəliyinə xas xüsusiyyətlər də artıq müşahidə olunmuşdu. Matvey Proxorovun dediyi çox az rast gəlinən xəstəliyin bütün əlamətləri Qılıncda var idi. Belə təsadüflər də az olur. Qılınc ilk cinayətini iyirmi yaşında törətmişdi. Bu, xəstəliyin başlanma dövrünə uyğun gələn yaş idi. Çox güman ki, artıq o zaman o xəstəliyə tutulubmuş. Orta təhsilli olduğu halda, bu qədər kitabın içindən məhz tarixə düşmüş dahi bir insanın fəlsəfi fikirlərə söykənən kitabını seçib saatlarla oxudu. Elmi məzmunda olan verilişə baxdı. Mənimlə ünsiyyətdən yayındı. Ancaq bunlar hər biri ayrı-ayrılıqda ondan şübhələnmək, məhz bizə lazım olan adam olmasını düşünmək üçün birbaşa yox, dolayısı ilə olan arqumentlər idi. Onun qatil olduğuna tam əmin olacağımız əsas məsələ hələ irəlidə idi. Səbrlə Qılıncın nə vaxt göz qabağında olan albomu götürüb vərəqləyəcəyini gözləyirdim. Albom məsələsində özünü doxsan doqquz faiz doğrultmuş psixoloji rəylərə əsaslansam da, belə adamların davranışlarını proqnozlaşdırmağın xeyli çətin olduğu barədə qocaman həkimin dedikləri yadımda idi. Hər-halda nədənsə, uğura çox inanırdım.

Layiqə böyük maraqla məni dinləyirdi, elə təəssürat yaranırdı ki, nəfəsini belə dərmir.

-Qılınc növbəti siqaretini yandırıb ayaqlarını divana uzatdı. Tavana baxa-baxa tüstülətdiyi siqareti çəkib qurtaranda qalxıb yenə oturdu. İşləyən televizorun kanallarını bir neçə dəfə dəyişib maraqlı bir şey tapmayıb söndürdü. Sonra köynəyini çıxardı. Saat 1-i keçmişdi. Onun yatmağa hazırlaşdığını düşündüyüm anda birdən əlini uzadıb albomu götürdü. Bütün diqqətimi cəmlədim. İndi, monitorun heç də iri olmayan görüntülərində onun sifətinin hər əzasının tərpənişini, hər sinirinin belə titrəyişini sezməli idim. Qılınc albomu açdı. Bir qədər baxıb vərəqi çevirdi. Xeyli ikinci vərəqdəki şəkillərə baxdı. İnanmazsan Layiqə, ancaq mən, həmin anda onun bezib albomu bir kənara qoymaması üçün dua edirdim. Albomu axıra qədər vərəqləməsi çox vacib idi. Dediyim şəkillər növbəti, üçüncü vərəqdə idi. Qılınc isə gözlərini alboma dikib vərəqi çevirmirdi. Saniyələr keçirdi. Gözlərimi bir an da monitordan ayırmırdım. Onun bu anda verəcəyi reaksiya ilə yanaşı, sonradan olduqca vacib olan bir şeyi də yoxlayacaqdıq. Alboma qoyduğum şəkilləri görən Qılınc, bağı tərk etdikdən sonra mütləq hərəkətə keçməli idi. Onun ilk görüşəcəyi adam isə, cinayətlərin ən azı birində onunla əlbir olan biri, böyük ehtimalla isə qətlin sifarişçisi olmalı idi. «Bağ əməliyyatı» əsas bu iki şeyin üzərində qurulmuşdu. Nəhayət Qılınc sol əlini uzadıb vərəqi çevirdi. Hər şey indi məlum olacaqdı. Doğru yoldaydımsa, indi hər şey bir anda dəyişəcəkdi. Vərəqi çevirən Qılıncın sol əli göydə donub qaldı. Bir müddət belə qaldıqdan sonra albomu bir qədər də özünə yaxınlaşdırdı və sanki gözlərinə inanmırmış kimi daha diqqətlə baxmağa başladı. Sonra qeyri-ixtiyari əli siqaret qutusuna getdi. Son üç saatda cəmi üç siqaret çəkən Qılınc, sonuncu siqaretin arasından beş-altı dəqiqə keçməmiş birini də yandırdı. Albomu bağlamadan kənara qoyub siqaretinə dalbadal qullablar vurmağa başladı. Onun hərəkətlərini diqqətlə müşahidə edirdim. Qılınc nə baş verdiyini anlamağa çalışırdı. Fikirləşməyi cəmi bir dəqiqə çəkdi. Siqaretini söndürüb yenə albomu açdı və tez-tez vərəqləməyə başladı. O vərəqlədikcə, mən vərəqləri sayırdım. Yeddinci vərəqdə yenə dayandı. Əmirxanın şəkillərindən birini məhz bu vərəqdə qoymuşdum. Bundan sonra albomu axıra qədər vərəqləyib, başqa tanış şəkil tapmayanda yenə kənara qoydu və növbəti siqareti yandırdı. Gizli kamera ilə izləndiyini bilməyən soyuqqanlı qatil hisslərini cilovlamağı lazım bilməyib özünü ələ vermişdi. Planımı baş tutmuş hesab edə bilərdim. Albomdakı digər şəkillərdəkilər kimi, mərhum Əmirxanı və gənc Salamı tanımayan biri, bu albomu sadəcə maraqlı olduğu üçün vərəqləyib bir kənara qoyacaqdı. Qılınc isə, belə etmədi. Məhz lazımi şəkilləri «yem» kimi yerləşdirdiyim üçüncü və yeddinci vərəqlərdə dayandı, gəldiyi andan üzündə və davranışlarında müşahidə etdiyim soyuqqanlılığını itirdi, otaqda tək olduğunu düşünərək hisslərini büruzə verdi. Bir muzdlu qatil üçün belə sadə bir tələyə düşmək bağışlanmaz səhv idi. Heç mənim onu bağışlamaq fikrim də yox idi. Beləcə, qatil müəyyən olundu.

-Bəs sonra?, -Layiqə soruşdu.

-Saat 3-ə qədər siqaret çəkib var-gəl edən Qılınc yatmağa uzanandan sonra otağımın qapısını arxadan bərk-bərk bağlayıb mən də yuxuya getdim. Ancaq həmin gecə çox oyaq yatdım. Hərəkətləri qeyri-adekvat olan bu adamdan hər şey gözləmək olardı. Hər şey təsdiqləndiyindən səhəri gün planın ikinci hissəsini işə saldıq. Qılıncı həbs etdirmək hələ tez idi. Onun ilk görüşəcəyi adamın kimliyini öyrənmək bizim üçün çox vacib idi. Əgər həmin adam, araşdırma dövründə bizim diqqət mərkəzimizə düşənlərdən biri olardısa, bu onun birbaşa qətlin sifarişçisi olması anlamına gələcəkdi. Niyə ilk görüşəcəyi adam deyirəm, bilirsənmi? Mən Qılıncı tarazlıqdan çıxarmağa nail olmuşdum. Bu psixoloji gediş idi və ona qarşı effekt vermişdi. Qılınc sadəcə muzdlu qatildir və kiminsə sifarişi ilə işləyir. Deməli o, sərbəst qərar qəbul etmək səlahiyyətinə malik deyil. Bu halda, ilk növbədə rastlaşdığı anlaşılmaz vəziyyəti bölüşməyə və məsləhət almağa çalışacaqdı. Kiminlə, yəqin ki, özün başa düşürsən. Planın ikinci hissəsi də eynilə müsbət effekt verdi. Bağdan qayıdan Qılınc, elə həmin gecə taksi çağıraraq birbaşa Rəmzinin evinə sürdürdü. Daha qatığın həqiqətən də ağ olduğunu sübut etməyə ehtiyac yox idi. Tarazlıqdan çıxardığım Qılınc, buraxdığı növbəti səhvlə əlbir olduğu adamı ələ vermiş oldu. Onun kimliyini, yaşadığı ünvanı müstəntiq Cavadova ötürməklə işimizi bitirmiş olduq bu məsələdə. «Karat»ın işində nöqtə qoyuldu. Əslində isə, artıq Qılıncın hər iki qətli şəxsən törətdiyi sübuta yetmişdi. Elə Rəmzinin də bu qətllərin sifarişçisi olması daha bəlli idi. «Karat»ın məsələsində, əsas məqsədim əsil qatili tapıb Salamı azadlığa çıxarmaq idi. Buna da nail oldum. Qalan şeylərin axırına istintaqçılar çıxacaqlar. Məsələ bundadır ki, Arif müəllimi məhz dostu İsfəndiyarın oğlunun qətlinin sifarişçisi maraqlandırır. Mənim üçün də təbii ki, də onun mövqeyi prioritetdir. Polkovnik isə, araşdırmanın bu məqamında məni şəhərdən uzaqlaşdırdı. Düşünürəm ki, bu məsələdə, onun mənimlə bölüşmədiyi, ancaq əmin olduğu bəzi şeylər var.

-Mən də elə düşünürəm, şef. Həm də o bildiyi şeyə əsasən atacağı addım, məncə çox təhlükəli bir addım imiş. Ona görə də sizi oraya qatmaq istəməyib.

-Bilirəm, Layiqə, bilirəm. Ancaq sözündən çıxardımsa, Arif müəllim bunu mənə bağışlamazdı. Xasiyyətini bilirəm. Sonra da ki, o mənə atacağı addımlar barədə nə isə deməyəcəkdisə, mənim şəhərdə olmağım nəyi dəyişəcəkdi ki? Hər şeydən xəbərsiz oturub gözləyəcəkdim. O, məni uzağa göndərməklə sadəcə sığortaladı. Mən də çıxılmaz vəziyyətdə qalıb şəhəri tərk etdim. Yaxşı ki, hər şey yaxşılıqla qurtarıb. Arif müəllimin mesajından belə çıxır ki, təhlükə geridə qalıb.

-Şef, mesaj demişkən, bəs Səttarın mesajındakı şifri necə açdınız?

Elə bərk sürməsəm də, xeyli yol gəlmişdik. Şabran rayonunun ərazisi qurtarmaq üzrə idi. Bir azdan Siyəzən rayonunun ərazisinə girəcəkdik. Yolda içmək üçün götürdüyüm plastik qabdakı sudan bir qədər içib davam etdim.

-Səttar ağıllı adam idi. Mesajını da, vəsiyyətini də çox incəliklə seçib hazırlamışdı. Onun, bunları oğlu Teymuru qorumaq üçün etdiyini bilirsən. Teymura etdiyi vəsiyyəti isə təxminən belə idi: «Nə vaxtsa gələcək adama deyərsən ki, mən məni hər gün öldürən sirrimi özümlə qəbirə apardım. Qoy onu yağış, qar yusun, günəş şüaları yandırsın».Bilirsənmi burada hansı gizli məna var?

-Maraqlıdır şef, hansı?

-Heç bir qəbrin içinə nə yağış, qar düşür, nə də günəş şüaları keçir. Səttar vəsiyyətinin mətni ilə sirrin yağışın da, qarın da, günəşin də düşdüyü başdaşında olduğuna işarə verib. Bunu dərhal başa düşdüm. Xudatda olarkən qəbirlərin şəklini çəkmişdim. Başdaşındakı şeirin mətninə Sərdarlı ailəsinin yan-yana düzülmüş dörd qəbrindən birindəki tarixləri düzməklə nə isə əldə edəcəyimi düşünürdüm. Çünki mərhumun həmin şeiri götürdüyü Ömər Xəyyamın kitabında, ayrı-ayrı şeirlərin sətirləri arasında, bəzi hərflərin altında qələmlə nöqtələr, xətlər qoyulmuşdu. Səttar həqiqətən də, məzar daşlarındakı doğum və ölüm tarixlərindən istifadə etməklə xəbər yollamağa cəhd edibmiş. Bu dəqiqdir. Sadəcə alındıra bilməyib. Təəssüf ki, mən də rəqəmlərin üstündə üç gün baş sındırandan sonra bunu anladım. Doğru yolda deyildim və üç günüm boşa getmişdi. Ən sadə bir həqiqəti başa düşməyim üçün üç gün vaxt itirmişdim, Səttar nə qədər ağıllı adam olsa da, xüsusi biliklər tələb edən şifrəçilikdən anlayışı olmayıb və bunu edə bilməzdi. Onda bir gün ara verib növbəti gün yenə şifrin üzərində işlədim. Bu dəfə bütün diqqətimi şeirin mətninə yönəltdim. Ümumilikdə şeirin mətnindən Səttarın həm narahatçılığına, həm də nəyəsə ümid etdiyinə eyham vurduğunu müəyyən etdim. Bunu şifrdən əvvəl də, başqa təhlillərimlə başa düşmüşdüm qismən. Ancaq bu öyrəndiklərim cinayətkarların izinə düşmək üçün heç bir ipucu vermirdi. Onda yenə baş sındırmağa başladım və nəhayət ki, sirri tapdım. Şifrdə Rəmziyə birbaşa işarə var idi.

Söhbətin bu yerində marağı ona güc gələn Layiqə mənə tərəf çevrilib iki əlini də aramızdakı qoltuğa söykədiyim qolumun üstünə qoydu. Ancaq heç nə deməyib söhbətin davamını gözlədi. Gözlərini mənə necə zillədiyini görüb onu çox intizarda qoymamaqçün davam etdim.

-Şeirdə üç yerdə «könül» sözü işlənir, birinci, ikinci və dördüncü sətirlərin sonunda. Əvvəlki günlər bütün diqqətimi rəqəmlərə yönəltdiyim üçün buna əhəmiyyət verməmişdim. Mətni təhlil etməyə başlayanda isə, nəhayət ki, bu məqam diqqətimi çəkdi. Hər şey də bundan sonra yerini aldı. Səttarın çoxdan dünyasını dəyişdiyi həyat yoldaşının adı Könül olub. Bu şeiri seçməklə, narahatçılıq və ümid barədə deyilənlər ilə yanaşı, o diqqəti həm də həyat yoldaşının məzarına yönəldib. Bunu başa düşəndan sonra, onun başdaşını kənara qoyub, həyat yoldaşının başdaşını təhlil etməyə başladım. İlk baxışdan qeyri-adi bir şey yox idi. Adi, hamı kimi, ad, soyad, ata adı, doğum və ölüm tarixləri həkk olunmuş köhnə bir başdaşı idi. Artıq sirrin burada olduğunu müəyyən etmişdim. Ancaq hələ də Səttarın nə demək istədiyini tapa bilmirdim. Yazıları dəfələrlə oxudum və birdən barmağımı dişlədim. Nəhayət, hər şey aydın idi.

Layiqə, hələ də buraxmadığı qolumu iki əli ilə möhkəm sıxdı.

-Yadındadırsa, sənə bütün dahiyanə şeylərin açıqlamasının ən sadə şeylərə söykəndiyini demişdim, Layiqə. Burada da hər şey çox sadə idi. Səttarın həyat yoldaşı Könülün atasının adı Rəmzi imiş. Bu ad, Arif müəllimin ilk gündən yoxlamaq üçün mənə verdiyi siyahıdakı səkkiz nəfərdən birinin adı idi. Neçə yuxusuz gecə baş sındırdığım şifrin açması gözümün qarşısında imiş. Ancaq mən bunu başa düşmək üçün beş gün vaxt sərf etdim.

-Elə deyil, şef. Başqası bunu heç əlli beş günə də tapa bilməzdi.

Layiqənin bu sözünə dodağım qaçdı.

 

 

 “Ədəbiyyat və incəsənət”

(14.08.2023)