Ayna Əhmədlinin debütü Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Bakı Dövlət Universiteti, filologiya fakültəsinin 3 kurs tələbəsi Ayna Əhmədlinin debüt hekayəsini sizlərə təqdim edəcəyik.

 

 

DEBÜT

                                                                                                                                              Ayna ƏHMƏDLİ

 

ÜMİDLƏRİN YENİDƏN DOĞULDUĞU GÜN – ZƏFƏR GÜNÜ

 

Bu gün o gündü, zəfər günüdü, zəfər günümüzdür. Arzuladığım gündür, 27 il əvvəl verdiyim sözü yerinə yetirdim. İndi qollu-budaqlı ağacın altında oturmuşam. Dərindən, doyunca  nəfəs alıram. İndi anlayıram, yaşamaq bu imiş. Sanki 27 il heç yaşamamışam. Mən nə zaman unutdum yaşamağı? Mənim üçün zaman o gün dayanmışdı,  o  qara xəbərin gəldiyi gün... O gün içimdə qarışıq hisslər vardı. Atam gələcəkdi, çəkdiyim şəkilləri ona göstərəcəkdim, durmadan sual verəcəkdim, olub-keçənləri həvəslə danışacaqdım. Amma evimizdə qəribə bir sükut vardı,  bu sükut məni qorxudurdu. Hər kəs bizə gəlməliydi, çünki  o gün atam cəbhədən gələcəkdi, mənə cəbhədən, müharibədən, evimizi necə xilas etdiyindən danışacaqdı. O, mənə  söz vermişdi, “oğlum, evimizi almamış qayıtmaycam” – demişdi. Sonra birlikdə evimizə qayıdıb xoşbəxt həyatımızı yaşayacaqdıq.

Qapı döyüldü, ürəyim əsdi,  gələn atam olmalıydı, amma atam gəlmədi, onun qara xəbəri gəldi...

Birinci sinfə getdim, atam gəlmədi, məktəb bitirdim, atam yenə gəlmədi. Mən hələ də atamın gələcəyinə inanırdım. Axı qəhrəman atam məni qoyub gedə bilməzdi. Sonralar özümü inandırdım ki, bəlkə, atam mənim ən xoşbəxt günümdə gələcək. Ali məktəbə daxil oldum. Hər kəs xoşbəxt oldu. Hər kəsi xoşbəxt etdim, özüm xoşbəxt olmadım. Çünki atam yenə gəlmədi. O gün  atamın artıq gəlməyəcəyinə inandım. O soyuq gündə ayaqyalın qaçarkən məni tək qoymayan atam gəlmədisə... Bilirdim, atam ölmüşdü, artıq gəlməyəcəkdi, amma mən hələ də gözü qapıda qalıb atasını gözləyən o uşağıydım. Mənim həyatım o gündə qalmışdı, atamın qara xəbəri gəldiyi gündə. Özümə söz vermişdim, atamı məndən alanları, ailəmi ayaqyalın, başıaçıq yurdumdan qovanları yurdumdan qovacaqdım.

İndi böyük ağacın altında dayanmışam, müharibə bitib, zəfər sevincini yaşayırıq. Atamın yarımçıq qalan arzusunu yerinə yetirmək üçün müharibəyə könüllü getdim. Qəhrəman oğullarımızla çiyin-çiyinə yurdumuzu, elimizi, evimizi azad etdik. Bu gün o gündü, yarımçıq qalan arzuların həyata keçdiyi gündü...

Ümidlərim yenidən doğulub!

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)