Oğlanlarımın üçü Rusiyada, qardaşım oğlanları Ukraynada yaşayır... Featured

 

„Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı Sumqayıta gedərək orada 85 yaşlı ustad şairimiz Əşrəf Veysəlli ilə görüşüb, söhbətləşib. Şair günümüzdən nigarançılığını bu sözlərlə bildirib:

 

„Övladlarımdan və dünyadan nigarançılığım var.  Çox böyük  nigarançılığım var. Oğlanlarımın üçü Rusiyada yaşayır. Qardaşım oğlanları da Ukraynadadır. İndi Ukrayna ilə Rusiya müharibə aparır. Belə çıxır ki, iki qardaş balası bir-birinə güllə atacaq? Bu tərəfdən də İranda cavan -cavan qızları edam edirlər. Xoyda zəlzələ olur, ora yardım göndərə bilmirik.... Güneyli soydaşlarımız əzab-əziyyət içərisindədirlər. İndi də qardaş dediklərimiz əllərinə bir Kalaşnikov alıb, bizə qarşı terror edirlər. Adlarını da din qardaşı qoyublar. Və bu cinayətləri törədən siyasi toplum da, onların siyasət və fitnəsinə inanan içərimizdəki kütlə də  Allahın adından, dindən istifadə edir. Öz-özümə deyirəm ki, bəs bu nə Allahsızlıqdır? Axı insana canı sən verməmisən ki, sən alasan. Bax, belə hadisələr insana pis təsir edir. Lakin neyləyə bilərik, elə hadisələr var ki, bizim bəyənib-bəyənməməyimizdən asılı olmayaraq, oz axarında davam edir, bizə isə zamanı ağrı içərisində seyr etmək qalır. Bir də gücümüz çatsa bir-iki sətir cızma-qara edib, ürəyimizi boşaldırıq. Ona görə də hələ yeriyə bildiyimə, özümü idarə edə bildiyimə görə şükranlıq edirəm. Bu özü böyük şeydir. Bax sən gəlmisən, çox çətinliklə səni görürəm.  Gözlərim işığını itirir yavaş-yavaş... Allah insana nə veribsə, hamısını bir-bir alır. Qurban olum ona. Borc verib də, sonra geri  alır. Bəlkə də həyatın gözəlliyi elə bundadır. Münasibətlər qalır dünyada, yaxşılıqlar qalır dünyada. Yaxşı yazılar, kitablar qalır dünyada...”

Müsahibə ilə tam halda sabah tanış olacaqsınız.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)