“Nahaq öldürdün məni...” – Sevinc Qərib Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, Sevinc Qəribin şeirləri ilə tanışlıqdır.

 

 

 

ŞEİR VAXTI

 

 

Sevinc  QƏRİB

 

 

NAHAQ ÖLDÜRDÜN MƏNİ...

 

 

İşığın izinə düşmüşdüm,

sərmişdim əllərimi qaranlığın

üstünə,

Günəş kimi gülümsəyirdi içim.

Qoymuşdum buludları yerinə,

sevinc ələnirdi baxışlarımdan.

Az qalırdı ümidlərimi qovan

ayrılığı keçim,

nahaq öldürdün məni...

 

Təzədən uşaq olmuşdum

yaşamadıqlarını yaşayan,

harda bir sevinc görsə,

ürəyinə daşıyan.

Rənglərə boyanmışdı dünyam,

sənin yuva əllərinlə,

bir az ərköyün olmuşdum,

bir az dəcəl qız kimi:

elə öyünürdüm ki, sevdiyin

tellərimlə,

nahaq öldürdün məni...

 

Şeirlərim əlçim-əlçim

arzuya dönürdü,

duaya sarılırdı dilim,

şükran diləklərim xoşuna

gəlirdi Tanrının.

Könül evimdə qəm çırağı

sönürdü,

sətir-sətir sənə köçürdüm,

heca-heca nur hörürdü

barmaqlarım,

nahaq öldürdün məni...

 

Qu quşu nəğməsiydi

dodaqlarımdan qopan ah,

söz dadında öpüşlərin

süzülürdü gözlərimdən

eşq adına.

Ən gözəl musiqi idi səsin,

xoşbəxt olurdu qulaqlarım

pıçıltılarınla,

nahaq öldürdün məni...

 

Vida məktubuydu üzündən

oxuduqlarım,

çəkdi məni xatirələrin qoynuna.

Qarlı gündə qismətin "tor"una

düşmüşdük,

tapılmayan nemət kimi

görüşmüşdük.

O qar bizi isitmişdi,

bu qar üşütdü məni.

Uddum qəhərimi,

asdım soyuqluğundan

son kəlməmi:

nahaq öldürdün məni.

Ölürdü, vallah, ağrılar ölürdü,

nahaq öldürdün məni...

 

 

GEDİRƏM  KÖNLÜYALIN...

 

Yenə yollar görünür sən olmayan şəhərə,

Əllərinin həsrətin şaxtada dondururam.

Gözümdəki buludu yem edirəm qəhərə,

Bu sərçə ürəyimi ovcuma qondururam.

 

Dualar göndərirəm sevginin Allahına,

Ayrılığın ömrünü bir az gödək eləsin.

Qaranlığa əsirdi hər günüm, vallah, inan,

Az qalır ki, öz əlim özümü kötəkləsin.

 

Aydınlığa çıxaram zülməti pusa bilsəm,

Gəncliyinə susayıb qocaltdığım o qız da.

Yaşayardım, bəlkə də, içimdə susa bilsəm,

Demədiyim hər nə var, boylanır ağ kağızdan.

 

Gedirəm könlüyalın, ruhum hicran təlaşlı,

Qorxuları yenməyə tab gəzirəm özümdə.

Hardan əsdi bu külək, ömrüm qəmə bulaşdı,

Gün darayan bəxtimi dərd gətirdi gözümdən.

 

Ağ bayraq qaldırmağa ruhumdan ar edirəm,

Adıma bürünmüşəm əyilmərəm kədərə.

Kif basmış arzuları əlçim-əlçim didirəm,

Yeni ümid əyirib don hörürəm qədərə.

 

 

 

AĞACLARI ZİKR EDİRƏM OVCUMDA PÖHRƏ ARZULAR...

 

Həsrətimin hönkürtüsü buludları silkələyir,

Dağ başında qara dönür yanağımı yuyan yaşlar.

Ayrılığın üzü sərtdi, ümidimi tikələyir,

Vüsalıma qılınc çəkir sükutdan doyan savaşlar.

 

Dizimə dayaq etdiyim təpər əsası çatladı,

Ürəyimi calaq etdim rəngə susamış ruhuma.

Off... uzaqlara yerikləyən duyğularım atlıdı,

Oxuma daha, "olmaz" sətirli nəğmələr oxuma...

 

Ömrümdə məğrur dolanan ölçüsüz qəmə asiyəm,

Könlüm libasın dəyişib sevinc geyinir əyninə.

Yerin-göyün dərd ortağı, daha kimin kimsəsiyəm,

Tanrının xəbəri yoxdu, nə yüklər qoyub çiynimə.

 

Ağrıları sınaq bilib qollarımı qucaqladım,

Ağacları zikr edirəm ovcumda pöhrə arzular.

Soyuq dərd yükünü atıb yuvamda ocaq qaladım,

İlahi, eşq bulağından axar könlümə ruzular?!

 

 

ANA OLURAM MİSRALARIMA

 

Yollar çox yordu məni,

and içdim ayaqlarıma,

daha qəmə bulaşdırmayacam

izlərimi.

Köçürəm kədərin villasından,

bir sevinc daxması tikdim ruhuma.

Qollarımı boşluq zindanından azad edirəm,

qucaqlayıram özümü.

Ölməkmi?

Nə ölmək, yaşamaq lazım, yaşamaq!

Ulduzların öpüşünü təbəssüm

edirəm dodaqlarıma,

bu gecə ay da eşqlə baxır gözümə,

göy üzü ritmini tutur xoşbəxtliyin.

Bəyaz gəlinlik geyinir hisslərim,

duyğularımdan sevgi doğulur,

bətni sevinir ruhumun,

ana oluram misralarıma...

 

 

SƏN EY, İLAHİ ADAM...

 

Cəhənnəmdi hər səhər yoxluğunla oyanmaq,

əllərini arayıb boşa çıxmaq zülümdü.

Bu kədərlə nə etsəm olmur "diri" dayanmaq,

bu ayrılıq deyil ki, bu, bildiyin ölümdü...

 

Yolları yadırğayan izə dönüb gözlərim,

çəkilib uzaqlara, su səpir yanağıma.

Elə taqətdən düşüb qollarınsız dizlərim,

cavab verə bilmirəm özümün qınağına.

 

Qorxuram son nəfəsdə adını sayıqlayam,

diksinib xatirələr dualara qarışa.

Yalanları adlayıb, gerçəyi ayaqlayam,

əcəlin barmaqları xəyalınla yarışa.

 

Yaddaşına sığal çək, gözləyənin var burda,

ruhum əsir üstünə, duymursanmı, sevdiyim?

Qubarında boğulan bu ürək qalıb darda,

Sən ey, ilahi adam, sən ey evim dediyim!..

 

 

BARMAQLARIMIN MATƏM SƏSİ...

 

Ən çox barmaqlarım ağladı

yazılmayan misralara.

Qəfil yaxalandı rütubətin

analıq bəxş etdiyi hüceyrələrə.

Dərd süzülən ovcumda

ağrısını ovudardı, bəlkə də,

ruhumda qırılan səs öldürdü

şeirini itirən barmaqlarımı.

Kötük yükü çəkir indi

qələmə yadlaşan barmaqlarım.

Duyğularım havada asılı qalır,

ağ vərəq kəfən olur çiliklənən hecalara.

"Toppuşluq yaraşır əllərimə" təsəllisi,

bir dəqiqəyə məğlub olur gözlərimə.

Göyərmiş dırnaqlarımın rəng boyası

su dəyənəcəndi əllərimə.

Ümidlərin "bəlkə" qışqırığı

bətninə inam salır çarəsizliyin,

susur gecənin üzünə

barmaqlarımın matəm səsi...

 

 

BİLMƏZSƏN...

 

Bir az unutqanlıq səpələnər çiyinlərinə,

unudarsan saçlarımın döyüş bölgəsində olduğunu,

xatırlamaszan ayaqlarımın yerimədiyini.

Əllərində aha çevrilər dilində susan kəlmələr...

gözlərindən gilə-gilə ayrılıq tökülər.

 

Bir az sıyrılmış dizimin qanı qorxudar səni,

heyfin gələr göyərmiş dodaqlarıma.

Köz arayarsan atəşin söndüyü yerdə,

qığılcıma sarılan hisslərin yaddaşsız doğular,

bilməzsən ocaq öpüşündən alovlanar....

 

Bir az yağışa düşər baxışların,

yanaqlarımın yaşında isladarsan kirpiklərini.

İtirərsən qollarını boynumda,

sığınar köksünə ürək döyüntülərim,

unudarsan bunun qucaqlamaq olduğunu...

 

Bir az aynalarda əksini axtararsan,

üşüdər könlünü yoxluq havası...

Hənirti arayarsan sükut notunda,

pıçıltılar aldadar qulaqlarını...

Duymazsan ruhumun "əlvida"sını,

bilməzsən getdiyimi, bilməzsən öldüyümü...

 

 

BİR QARA ƏL OYNAYIR SEVİNCİMİN İÇİNDƏ

 

Ayrılıqdan vüsala salınıb bu körpülər,

Eh... hələ də uzaqlar yetimlik çəkir orda.

Qorxuram bu yolların etibarı qırıla,

Həsrət yerin bərkidir, təzə ev tikir burda...

 

Körpülərin tağları qırıq bəndə söykənib,

Bir qara əl oynayır sevincimin içində.

Gün təzə boylanırdı duman özün yetirdi,

Yenə yollar üşüyür yiyəsizlik biçimdə.

 

Bir talesiz yurd orda, üstü kədər örtüklü,

Bəxt güzgüsü çatlamış gəlin ömrüdü ömrü.

Çırağının nefti yox, suyu başdan bulanıb,

Ocağı közsüz qalıb, oğurlanıb kömürü.

 

Şeytan quyruq bulayır tüstüsüz bacasında,

Qapısında iblisin nökərləri yallanır.

İlahi göydən baxıb nə düşünür,görəsən, –

O yurdun adamları yenə nəyə aldanır?!

 

Yenə savaş oxuyur meşələrdən gələn səs,

Səbri daha dar gəlir bu torpağın əyninə.

Ağaclar qulağını söykəyib qayalara,

Güllələrin səsini həkk eləyir beyninə...

 

 

YIXILMAZDI ÜRƏYİMDƏN ADAMLAR

 

Bircə adam saxlayaydın gözümdə,

Kiçiltməzdin ucaltdığım “dağlar”ı.

Bircə ümid, bircə inam, tək güvən...

Qaraltmazdın dürr bildiyim “ağlar”ı.

 

Gətirməzdin gözlərimə payızı,

Başlamazdı yarpaq-yarpaq xəzanlar,

Yalanına bulaşmazdı taleyim,

Yıxılmazdı ürəyimdən adamlar.

 

O qadın da yalançıymış, İlahi,

Aldandım şeytanın mələk üzünə.

İblisiymiş, qaranlığın Allahı

İşıq kimi görünürmüş gözümə.

 

O adam da babasıymış günahın,

Savab bilib yar seçmişəm özümə.

Düz sözəydi apardığım pənahım

Güvəndim...aldandım kişi sözünə.

 

Bircə adam saxlayaydın gözümdə,

Bircə ümid, bircə inam, tək güvən...

 

 

MƏNİM ÜRƏYİM

 

Mənim ürəyim sənin ürəyin kimi

çoxotaqlı varlı mənzilinə bənzəməz.

Biradamlıq çarpayıda nəfəsini bölüşən

iki aşiqin eşq hərarəti var mənim ürəyimdə.

Yaşanmayan ev kimi ölü, nəfəs toxunmayan

pəncərə kimi cansız deyil mənim ürəyim.

 

Mənim ürəyimin divarları sevgidən hörülüb

içində olanlar sevgiylə qorunur.

Kasıb komalarının köhnəlmiş damından

yağış daman kimi

göz yaşı damar, ağrı damar mənim

ürəyimdən hərdən.

 

Mənim ürəyim üç-beş dost sığacaq qədər

geniş,

əzablarını içində boğacaq qədər dardı.

Ucsuz-bucaqsız çöllərə layla çalan qatarlar

kimi,

mənim də ürəyimin öz laylası var,

sevgidən başlanır, sevgidə bitir bütün notlar.

 

Birnəfərlik kupe kimidi mənim ürəyim,

bileti əlində qalar, keçməyə həddi olmaz

hansısa sərnişinin...

Sən o balaca otağa necə sığmısan, bilmirəm,

rahatca gəzib dolaşırsan künc-bucağında.

"Zəbt etdiyin" bütünümün evi, yaşamağa

davam yeri olmusan.

 

Mənim ürəyimin mətbəxi, dincəlmək,

yemək hücrəsi

divarlarına hörülən sən adlı sevda çırağıyla

işıqlanır,

acanda xatirələrdən süfrə qurur,

hər xatirənin yanına bir şeir düzür çörək əvəzi.

 

Hər gecə yuxuları aldadıb ürəyimə köçürəm,

səliqəyə salıram dağınıq eşq süfrəsini,

gündüz tökdüklərimi yığıram öz yerinə.

Sonra öpüb gözündən enirəm yatağıma,

gecə də layla çalır dizlərində uyuyan

o bəxtəvər qadına...

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)