Mübariz Cəfərlinin kərtənkələlərə ithaf olunan hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Nəsr vaxtıdır, Mübariz Cəfərlinin “Oyanma” hekayəsi  ilə tanışlıqdır.

 

 

NƏSR

 

 

Mübariz CƏFƏRLİ

 

        

OYANMA

 

 

Kərtənkələlərə...

 

        

           Yataq otağınının tavanındakı çilçırağın səkkiz lampasından bircəciyinin işığı yanır. Taxtda yanaşı uzanmış cavan kişi və qadın yatmayıb. Kişi əllərini başının altında çarpazlayıb diqqətlə yuxarı baxır, qadın yerinin içində dikəlib taxtın yanındakı beşikdə uyuyan körpəyə nəzər salır və uşağın dünyadan xəbərsiz uyuduğuna bir daha əmin olunca özü də başını yastığa qoyur.

         – Bəlkə, bir çay gətirəsən? – kişi gözlərini tavandan çəkib qadına çəpəki baxır.

– Gətirməyəcəm... – hikkədən çox şıltaqlıq, qayğısızlıq duyulur qadının səsində. – Qoy o gətirsin...

– Başlama yenə... Ucundan tutub ucuzluğa getmə... O, mənim keçmiş nişanlımdı... Özün hər şeyi yaxşı bilirsən axı... Hərdənbir zəngləşirik, bayramdan-bayrama, təsadüfən görüşürük...

– O zəng eləyir, ya sən?

– O da, mən də... Ad günümüzdə bir-birimizi heç olmasa telefonla təbrik eləyirik... Burda nə var ki? Düşmən-zad deyilik axı...

– Təsadüfən də görüşmək olar?

         – Şəhər fındıq boydadı də, neyləyim?.. İndi mən durub sənə yalan deyəcəm? Ya elə bilirsən, sənin yerini keçmişdən gələn kimsə tuta bilər?.. Keçmiş keçib gedib, sənnənsə yoxdu... – kişi qadının qara saçlarını sığalladı.

– Bu istidə neynirsən e çayı? – qadın deyinə-deyinə ağ bayrağı qaldırdı.  – Yaxşı, indi gedib qoyaram çayı qızmağa... – desə də, qalxmayıb yanındakına qısıldı. – Amma əvvəlcə ondan danış...

– Kimdən?

– Keçmiş nişanlından... Necə oldu ki, ayrıldız?

– Yüz dəfə danışmışam... O, məndən varlısına rast gəldi, nişanı qaytarıb başqasına getdi, vəssalam... Dedi ki, məni düzgün başa düş, mən atasız, çətinliklə böyümüşəm, çox əzab-əziyyət çəkmişəm, indi qabağıma dövlətli bir adam çıxıb, yəqin, bu, mənim qismətimdi, şansımdı ki,day ömrümün axırınacan kasıb yaşamayım...

– Sən də heç nə demədin ona?

– Nə deyəydim? Gedənin yolunu kəsəydim? Ya yalvarıb ayaqlarına düşəydim?Əslində, onun açıq danışmağı xoşuma gəldi... Dost kimi ayrıldıq.

İnanmıram, sən kasıb-zad idin bəyəm?

– Eh, mən kiməm ki... Ərə getdiyi kişi çox varlı idi... Mal-mülkünün sayı-hesabı yoxdu. Bir də ki, nə qədər pul-para yığırsan-yığ, adamın nəfsi ac olanda var-dövlətdən doymur...

– Bəs ərindən niyə ayrıldı? Sənə görə?..

– Yox... Bu hardan ağlına gəldi?.. Bəlkə də, harınlıqdan... Əri indiyəcən qoymur qızı ilə o korluq çəksin, hər şərait yaradıb onlara, ayrılsalar da, bir əli arvadı ilə qızının üstündədi...

– Yaxşı, gəl bir-birimizə keçmişimizdən danışaq... Əvvəl sən başla, sonra mən...

– Oho!.. Sağ ol... Qara qızın dərdi varmış... Yəni sənin də həyatında kimsə olub?.. – kişinin gözləri bərəldi.

– Yavaş danış, güclə yatızdırmışam, uşaq oyansa, səhərəcən ağlayacaq... – əli ilə yanındakının ağzını tutdu. – Niyə olmayıb, mən adam deyiləm? Məni də o qədər oğlan istəyib ki... Mən korolmuş da aləmin gözünü çıxardıb səni seçmişəm... Düz deyiblər e, sevənin gözləri kor olur... Hə, başla...

– Nədən başlayım?..

– Nəyini sevirdin onun? Görmüşəm də, uzundırazın biridi, zürafəyə oxşayır...

– Nə bilim... Mənim istədiklərim həmişə boy-buxunlu olub... Elə sən özün də məndən hündürsən...

– Allah boy-buxun paylayanda sən dala qalmısan də...

– Mən dala qalmamışam e, siz qabağa qaçmısız...

– Hə, düzünü de, sənə görə ərindən boşandı o?

– Mən hardan bilim... Mənə görə niyə?.. Özü dedi ki, bir dəfə ərim nəyə görəsə hirslənib qızımı vurdu mənim yanımda... Ona görə ürəyim sındı... Çünki o vaxtacan o uşağa heç kəs əl qaldırmamışdı, o uşaq bizə çox güvənirdi. Ağlına gətirmirdi ki, haçansa, kimsə onu vura bilər, vurmaq nədi, onun ustünə çımxıra bilər, qışqıra bilər... Bəlkə, elə ona görə çox ağladı ilk dəfə atası onu vuranda... Kiridə bilmirdim onu. Yavaşca vurmuşdu uşağın başına... Hansı ata öz uşağını bərk vurar axı? Uşaqsa ağladıqca ağlayırdı... Yəqin, ağrıya görə yox, güvəncinin iki paralıq olmağına görə kirimək bilmirdi, canım qurban... Mən də elə ordaca sildim ərimi, sonralar neçə dəfə ayağıma düşüb yalvarsa da, bağışlaya bilmədim onu...

– Hə... – qadın fikirli-fikirli beşiyə baxdı. – Sən mənim uşağımı vurarsan? Qıyarsan bu balacanı vurmağa?

– O, sənin niyə olur, dədən evindən gətirmisən? O, bizim uşaqdı... – kişi qadının səhvini düzəltdi. – Siz arvadlar nə vasvası olmusuz, uşağı vuranda qızılı gedir? Biz özümüz döyülə-döyülə böyüməmişik?.. Yadımdadı, bir dəfə məhəllə uşaqlarına qoşulub siqaret çəkmişdim, ağzımdan iy gəldiyindən atam bildi məsələni. Kişi mənə bir şillə vurdu, düz bir ay sol qulağımın uğultusundan düz-əməlli heç nə eşidə bilmədim...

– Neçə ildi şəhərdə yaşayırsan, ancaq kədçisən ki kədçi... – qadın acıqlanmaq istəsə də, gülümsündü. – Axırıncı dəfə haçan görmüsən onu? Bax, düzünü de, yoxsa çay-zad gətirməyəcəm...

– Bir ay olar... Maşınımı palirovkaya vermişdim,piyada idim. Onda... Yolun qırağında dayanıb taksi gözləyirdim. Qəfil qarşımda saxladı maşını ki, hara gedirsən, otur aparım... Oturmaq istəmirdim...

– Gopa basma... – qadın onun sözünü kəsdi.

– Vallah! – kişi ürəkdən and-aman elədi.

– Yavaş danış, uşaq durar... – qadın çəkinə-çəkinə beşiyə baxdı. –  Niyə oturmaq istəmirdin?

– Bilirdim ki, forsundan, özünü göstərmək üçün maşını dəli kimi sürəcək. Allah eləməmiş, bir şey olsaydı, yox yerdən, mən özüm də əzilib xəşilə dönərdim...

Qorxaq... – qadın xısın-xısın güldü.

– Gülmə... Qurban olum ağlıma, zaman göstərdi ki, elə düz fikirləşmişəm...

– Necə yəni? Qəza oldu? – qadın maraqla qulaqlarını şəklədi.

– Yox... Heç beş addım getməmişdik ki, yol polisi maşını saxladı. Dedi ki, xanım, asta sürün maşını, ehtiyatlı olun, qəza şəraiti yaratmayın... Ağsaç,nurlu bir kişi idi yol polisi. Onun sürücülük vəsiqəsindəki səklinə baxıb qəfil qayıtdı ki, xanım, siz Əhməd Əhmədovun qızısız?  O da başını tərpətdi ki, hə... Yol polisinin çöhrəsi kölgələndi,kədərli-kədərli: “Yaxşı yol,” – deyib bizi yola saldı.

– Əhməd Əhmədov kim idi ki?

– Onun atası... Amma atası çoxdan ölmüşdü. O, balaca olanda... Nə isə, məəttəl qalmalı iş idi...

– Söhbəti fırladıb sözünün canını demədin e...

– Nəyi demədim?

– Onun nəyini sevirdin?..

– Bilmirəm... – kişi çiyinlərini çəkib anicə fikrə getdi. – Çox hazırcavab idi...

– Məsələn...

– Nə məsələn?..

– Bir misal çək də onun hazırcavab olmağından...

– Maşında gələ-gələ zarafata saldım ki, elə bizim evlənməməyimiz yaxşı oldu... Səninlə evlənsəydim, mən maşın sürə bilməyəcəkdim...

– Hə, hamı mənim kimi dilsiz-ağızsız deyil ki... – qadın gileylənib özünü bilici kimi göstərmək istədi. – Maşını alacaqdı da sənin əlindən...

– Bax sən belə fikirləşirsən, o isə elə o saat qəhqəhə çəkib tamam başqa çür cavab verdi...

– Nə dedi?

– Dedi ki, elədi, buynuzların qoymayacaqdı səni maşına oturmağa... Maşın sürmək cəhənnəm, gərək metroya, avtobusa da ehtiyatla minəydin...

– Aaa... – qadın heyrətləndi və dodaqları qaçdı.

– İndi də sən öz keçmişindən danış...

– Nə keçmiş? – qadın başa düşmədi.

– Şərtləşdik axı, əvvəlcə mən danışacam, sonra sən...

– Eee... Sənin dediklərinin çoxunu bilsəm də, özüm səni danışdırmaq üçün elə deyirdim, mən sənin tayın deyiləm ki...Mənim keçmişimdə heç nə olmayıb... – qadın əlini yelləyib cəld dikəldi. – Əl çək, gedirəm çayı qoymağa...

– Gərək vaxt eləyib sənə maşın sürməyi öyrədəm, – kişi astaca mızıldandı.

– Çoxdan öyrətməli idin... Axır ki, mən deyənə gəlirsən, – taxtdan düşmək istəyəndə  duruxub sevinclə dilləndi.

– Elə əsl məqamı indidi... Başqa çarəm yoxdu,başım qaşınır yaman...

– Başın bura nə dəxli? – qadın anlamadı. – Dünən çimmisən ki,başın kirlidisə, get gir hamama, saçlarını yu də.

– Yox, mənimki çimməkdən keçib... Deyəsən, buynuzlarım çıxır mənim...

          ...Qadın lapdan qəhqəhə çəkdi, beşikdəki körpə diksinib oyandı və bərkdən ağlamağa başladı...

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.