“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Nəsr vaxtıdır, İlhamə Nasirin hekayəsi ilə tanışlıqdır.
NƏSR
İlhamə NASİR
BİR KƏLMƏ SÖZ
Həmişə etdiyi günahlaragörəonu bağışlamışdı. Bağışlamağı qalsın bir qırağa, ona o qədər inanırdı ki, gördüklərinə görə öz gözlərini, eşitdiklərinə görə isə qulaqlarını qınayardı. Bütün günahı da özündə axtarardı günahsız olduğunu bilə-bilə. Çətini bir dəfə Oqtayın onu qucaqlayıb, qulağına “sən mənim hər şeyimsən” deməyiydi. Qollarının arasındaca şam kimi əriyib axardı. Oqtay onun zəif damarını çoxdan tutmuşdu, bilirdi işini. Bilirdi ki, Dilbərçox safdır, onun hər kəlməsinə inanandır. Nə hoqqadan çıxsa da, bağışlanacağına arxayın idi. Amma bu dəfə etdiyi özünə görə nə günah idi, nə də hoqqa.Heç bağışlanmasının da marağında deyildi. Evli olduğunuda unutmuşdu. Demək olar ki, Dilbər onun gözündə tamamən görünməz olmuşdu. Gecələr evə gəlməməyi, evdə olarkən dəonun yanında telefonla danışıqları, soyuq rəftarı normal gəlirdi özünə.
Elə bil bir vaxtlar Dilbərdən başqa heç kimi görməyən gözlər indi onun deyildi. Dilbər isə... Elə əvvəlki sevgisiylə onu sevirdi. Düzdür, inciyirdi, küsürdü, əsəbiləşirdi, öfkəsi içini söküb dağıdırdı, amma ondan ayrılmağını qəti ağlına gətirə bilmirdi. Elə bilirdi həyatı Oqtayın üzərində qurulub, ayrılsa, bu onun sonu olacaq. İlahi, insan öz qanından, öz canından olmayan birini necə bu qədər sevə bilər, necə ona bu qədər bağlana bilər axı?!
Bəs Oqtayı ondan uzaqlaşdıran nə idi? Həmin cazibəsi, həmin mülayim xasiyyəti, həmin sevgisi, həmin saflığı... axı hər şey yerində idi? Tapa bilmirdi səbəbi Dilbər. Bilsəydi, o saat dəyişdirərdi özünü, tam Oqtayın istədiyi kimi. Axı kimdir ondan daha üstün olan? Cazibəsini bir az da artırdı: donlarını azacıq qısaltdı, saçını kəsdirdi, boyadı, evin içində belə makiyajla gəzdi, hətta diqqət cəlb etməkdən ötrü telefonu dəqiqələrlə qulağına tutub kiminləsə danışır kimi özünü şübhəli apardı... Ərindən heç bir reaksiya görmədikdə son varianta əl atdı – özünü xəstəliyə vurdu. Bir neçə dəfə tappıltıyla yerə sərildi, guya başı gicəllənib yıxıldı. Nə isə... qadınlığın bütün hiylələrinə əl atsa da, heç bir köməyi olmadı, əksinə, özü öz gözündən düşdü. Yoruldu, çarəsizliyinə təslim oldu. Bir həftədir güldanda qalıb ətrini itirmiş, solmaqda olan çiçəklərə bənzətdi özünü. Nə vaxtsa o çiçəklər kimi atılacağından qorxdu.
Hardan ağlına gələrdi ki, nə vaxtsa xoşbəxtliyi ondan üz döndərəcək, sevib-sevildiyi, inandığı adam belə soyuqlaşacaq, ürəyi bu qədər daşa dönəcək. Vaxtıyla bircə kövrəlməsiylə ipəyə dönən ürəyə indi yalvarışlı baxışları, haldan-hala düşmələri belə təsir etməyəcək. Hardan bilərdi axı? Bəlkə, bilsəydi, bu qədər sevməzdi, bu qədər bağlanmazdı. Amma birtərəfli sevgi olmamışdı onlarınkı. Oqtay da onu sevmişdi, həm də lap çox. İllərlə ilan kimi arxasınca sürünəndən sonra qazanmışdıbDilbərin sevgisini. Bir tədbirdə görmüşdü onu. Fərqli universitetlərdə oxusalar da, Oqtayın günü Dilbərin oxuduğu universitetdə keçirdi. Universitetdə hər kəs tanıyırdı onu, demək olar ki. Özünü Dilbərə sevdirməkdən ötrü dəridən-qabıqdan çıxardı. Qız onu qapıdan qovanda bacadan girərdi, bacadan qovanda qapıdan girərdi. Beləcə Dilbərin sevgisini qazana bilmişdi sonda. Həm də ilk sevgisini. Universiteti bitirməsini də gözləməmişdi. Axırıncı kursda evlənmişdi onunla.
Ən gərgin iş vaxtında belə bir dəqiqəlikdə olsa, zəng edib Dilbərin səsini eşidərdi. Dilbərin ona dediyi bir kəlmə sözü vardı ki, onu eşitməkdən yorulmazdı, əksinə, canına bir rahatlıq çökərdi eşidəndə. Bəzən yataqda qulağına pıçıldayardı, bəzən yanından ötüb keçəndə astadan mızıldanardı, bəzən də göz-gözə gələndə sakitcə üzünə deyərdi. Oqtay da hər dəfəsində “sənin bu sirli-sehrli sözün məni yaralayır, canımı alır. Fələyin gücü çatmaz mənə nəsə etməyə, nə edəcəksə, sənin bu bir kəlmə sözün edəcək” deyərdi. Oqtayın zarafatla dediyi bu sözə Dilbər özü də inanmışdı.
Bəs nə oldu? Kim aldı o sevgini onlardan? O sirli-sehrli sözüindi kim təsirsiz etdi? İndi niyə yaralamır o bir kəlmə söz Oqtayı?
Bir gecə Oqtay telefonla danışarkən Dilbər otağın qapısını qəfil açıb içəri girdi. Keçib qarşısında dayanıb qəzəb dolu baxışlarını onun gözlərinə tuşladı. Oqtay özü də mat-məəttəl qaldı. Bəlkə də, bunu heç vaxt gözləmirdi ondan. Telefonun o başında dayanmadan nəsə deyib gülən qadının səsini eşitdikcə əsəb Dilbərin beynindən axıb ovcuna doldu sanki. “Bəsdir, sənin qadının mənəm, əl çəko fahişədən!” bağırıb, yumruqlarını Oqtayın sinəsinə çırpdı. Bu vaxt bilmədi araya sakitlik çökdü, yoxsa qulaqları eşitməz oldu. Sağ əli ixtiyarsız gizildəyən sifətini örtdü. “Heç olmasa qürurun olsun!” Bu söz uğultuyla qulaqlarına doldu, keyiyib qaldı. Qapının çırpılmasına diksindi. Sifəti göynəməyə başladı. O sözlərdənmi, yoxsa şillədənmi? “Qürurun olsun!” “Bəli, qürurum olsaydı, sənin yanında bu cür sevgi dilənçisi olmazdım, alçaq!” – ağladı. Əslində, özü də qürursuzluğunun fərqindəydi, amma bilə bilmirdi bu onun xarakterində sonradan yaranmışdı, yoxsa elə anadan bu cür doğulmuşdu.
Keçib güzgünün qarşısında dayanıb diqqətlə özünə baxdı. Sevgisini nifrətə çöndərəcəyinə söz verdi. Daha heç nəyi vecinə olmayacaq, yeməyinə-içməyimə fikir verəcək, bir də ağlamayacaq, hətta onu bir ər kimi saymayacağına da söz verdi. Dərindən nəfəs alıb gülümsədi. Güzgüdə elə qəribə görsəndi ki, az qala tanımadı özünü. “Sən bu qədərmi qətiyyətlisən?!” –içindən kimsə pıçıldadı. Bu vaxt qapının kilidinin səsi onu necə ürkütdüsə, cəld çarpayının üstünə atılıb, özünü yuxuluğa vurdu. Bir anda ona elə gəldi ki, güzgüdə çaş-baş qalmış əksi arxasınca şaqqanaq çəkib güldü. Utandı, yastığı üzünə sıxdı. İstədi durub güzgüyə desin ki, məni qınama, bunu mənə məcbur edən içimdəki o boğa bilmədiyim,öldürə bilmədiyim “o gələcək, utana-utana əlini uzadıb başımı sığallayacaq, kövrək səslə “məni bağışla” deyəcək" ümidimdi. Hə, vallah, bir “bağışla” sözü hər şeyi həll edəcəkdi. Axı bu söz niyə belə əlçatmaz oldu ki? Bircə kəlmə “bağışla” desəydi, guya Dilbər onu bağışlamayacaqdı ki? Bir az kövrələcəkdi, ağlayacaqdı, sonra gözlərini silib xəfifcə üzünə gülümsəyəcəkdi. Sonra da heç nə olmamış kimi “çay içirsən?” soruşub mətbəxə keçəcəkdi. İçindəki bütün sıxıntılar bir andaca sovrulub yox olacaqdı.
Amma o, yataq otağının qapısını da unutmuşdu, Dilbəri unutduğu kimi. Hər dəfə divarın o tayında uca səslə danışıb-güldükcə bu tayda ovuclarında üzünə sıxılmış yastığının bir küncü islanırdı Dilbərin. Sağollaşmalarından sonra qəribə bir rahatlıq çökürdü içinə. Elə bil həzin bir meh içindən əsib hər şeyi soyudurdu, olanlar o dəqiqə unudulurdu, ürəyi yumşalırdı. Üzünə yetim bir təbəssüm qonurdu. Çox vaxt bu, səhərə yaxın olurdu. Səhər açılan kimi içindəki ümid ondan tez oyanırdı. Görünür, ona olan sevgisiyorğun mənliyini, ölmüşqürurunu tapdalayıb keçə bilirdi hər dəfə. Dəfələrlə sevgisini işgəncə ilə öldürməyə çalışsa da, onu əsəbinin dar ağacından assa da, gecələri göz yaşında boğsa da, hətta kəfənini də biçib hazırlasa da, hər dəfə necəsə xilas ola bilmişdi o sevgi. Bu qədər əzaba dözüb ölməyən sevgi... Sevgisiylə gerçəkliklər arasında əriyirdi Dilbər. Naməlum duyğular içini qovururdu.
Oqtayla danışmasa da, onun paltarlarını yuyub-ütüləyər, səliqəyə salardı, yeməyini hazır edərdi. Elə bil bu onda bir adət halını almışdı. Arada ona dəyən şilləni, o sözləri, küsülülüyünü yadından çıxardıb köynəyini ütüləyərkən burnuna sıxıb dərindən qoxlayırdı.
Bir gün gecə saat 4-ü keçsə də,Oqtay hələ gəlməmişdi evə. Yuxusu çəkilmişdi Dilbərin, həm də başını qatacaq nəisə tapa bilmirdi evdə. Hər şey onun üçün marağını itirmişdi. Onsuz da son vaxtlar zövqsüz bir həyatın monoton günlərini yaşayırdı. Otağın işığını söndürüb pəncərədən çölə baxırdı, kimisə gözləyənlər kimi. Bu vaxt ev telefonuna zəng gəldi. Anidən o olduğu ağlına gəldi. Bir dəfə onunla barışmaq üçün belə etmişdi Oqtay. Gecə yarıya qədər kafedə oturub içmişdi, sonra zəng edib “Sənsiz bacarmıram, məni bağışla, səni çox sevirəm” – demişdi. Və o sözləri evə çatanda qapının arxasından zəng edib demişdi. Bilirdi Dilbər o sözlərin qarşısında acızdir. Bilirdi içinə yığdığı bir neçə günün dağ boyda həsrəti elə həmin andaəriyib yox olacaqdı.
Bu dəfəki zəng də içindəki sıxıntının zəncirlərini doğrayıb tökdü yerə bir andaca. Neçə vaxdır ki, qırıq-qırıq aldığı nəfəs indi geninə-boluna doldu ciyərinə. Zindanda ölüm cəzasını gözləyən birinin qəfil azadlıq xəbəri alması təsiri yarandı onda. Yumulmuş əllərinin arxasını gözlərinə sıxıb ağlayacaq qədər uşaqlaşdı. Tez qaçıb dəstəyi götürdü. Yenidən həmin sözləri eşidəcəyinə dözməyən göz yaşlarını tutub saxlaya bilmədi. Kövrək səslə:
– Alo, -dedi.
– Oqtay gəldi evə? – qadın səsiydi.
– Nə?.. Yox, – sözlər kilidləndi boğazında.
– Gələndə onun köynəyinin varatnikini yaxşı-yaxşı yu, təmizlə (ucadan gülüb otboy verdi).
Dəstək elə qulağına sıxılı qalmışdı. Ya yerinə qoymağı unutmuşdu, ya da qoyacağı yeri itirmişdi. Fikirləri düyün düşdü beynində sanki. Nə illah elədi, o düyünləri çözə bilmədi. İçində baş qaldıran fırtınada gəmiləri bir-bir batmağa başladı. Bayaqdan tuta bilmədiyi göz yaşları da elə bil çəkilib gözlərinin dərinliklərində gizləndi. Heykəl kimi tərpənməz qaldı. Bir az keçmişdi, Oqtayın bir qaraltı kimi dəhlizdən otağa keçdiyini hiss elədi. Qapını nə vaxt açıb evə girdiyindən xəbəri olmamışdı. Heç özünün də onun qarşısına keçib dimdik durmağından xəbəri olmadı. Gözləri ilk baxışda ərinin köynəyinin varatnikindəki qırmızı pomada ləkəsinə tuşlandı. Özündən ixtiyarsız “mən boşanmaq istəyirəm” dedi. Bu söz özünü urkütdü. “Boşanmaq, ondan ayrılmaq, ona bir daha sahib olmamaq... İlahi, mən neylədim? Necə yəni boşanmaq? İndiyə qədər susmuşdumsa, indi niyə susa bilmədim? Məgər o zəngə qədər olanlar mənə bəlli deyildimi?” Bəlkə də, ipin lap nazilən yerində yenə susmalıydı. Dediyinə peşman oldu. Oqtay elə bil bu sözə bənd imiş kimi “yaxşı, necə istəyirsən” deyib hamama girdi.
Divarlar dilləndi sanki: "al, bu da sənə susmamağının haqqı".
Məhkəmənin qoyduğu tarix gəlib çatdı. İçində ona olan bütün duyğularını öldürməkdən başqa çarəsi qalmamışdı Dilbərin. Oqtaysızlığa hazırlayırdı özünü. Daha təmkinli olacaqdı. Yalvarsa belə, onu bağışlamayacaqdı. Onu bağışlayarsa, o zaman özünü bağışlamayacaqdı.
Məhkəmədə ilk sual Dilbərə verildi. “Siz boşanmaya razısınızmı?” İlahi, boşanmaya, yəni hər şeyin bitməsinə razı olduğumumu soruşdu məndən?Diliondan icazəsiz “yox” dedi, ona düşünməyə belə macal vermədi. Yenə lənətə gəlmiş bu nədir axı?
Oqtay hakimin ona verəcəyi sualı gözləmədən, tez ayağa qalxıb “Bəli, mən razıyam” dedi. Hakim vaxt vermək istəsə də, o, bunu qəbul etmədi.
Beləcə onlar boşandı, həm də çox asan, evlənməklərindən də asan. Elə məhkəmə zalındaca özüylə daşıdıqları töküldü yerə– istək, sevgi, ümid, şiddət, savaş, nifrət,.. İçində böyük bir boşluq yarandı.
Oqtay elə məhkəmə zalındaca zəng edib qadına “boşandım, məni təbrik elə!” – dedi. Həm də Dilbərin qulağı eşidə-eşidə. Hətta Dilbər qadının ucadan gülərək sevinməsini və onu təbrik etməsini də eşitdi. Məhkəmə zalından çıxanda qapıda bir anlıq göz-gözə gəldilər. Dilinin, ürəyinin, ümidinin, sevgisinin yanında pərt olan Dilbər özündən ixtiyarsız astadan:
– Səni məhv edəcəyəm!
– Nə? Necə? Bir də de, eşitmədim – əlini qulağına apararaq güldü.
– Bir kəlmə sözümlə... Çaşdı, dodaqlarını dişi ilə sıxıb dayandı. Dediyi sözağzından ondan ixtiyarsız, pıçıltıyla çıxsa da, Oqtay eşitdi.
– De, vallah?! Hansı sözünlə? – gülə-gülə qapıdan çıxdı.
"İlahi, heç olmasa son anda məni bu qədər alçaltmazdın! Düz deyir, hansı sözümlə? Pərt olduğundan çox, gülünc bir vəziyyətə düşdüyünə görə özü özündən iyrəndi".
Xeyli müddət keçmişdi. Yavaş-yavaş Oqtaysızlığa öyrəşdirirdi özünü. İşə düzəlmişdi. Yeni həyata başqa biri kimi başlayacağına çalışırdı. Bir gün işdə təzəcə tanış olub, rəfiqəlik etdiyi Günel onu ad gününə dəvət etdi. Bir dəstə gül alıb onlara getdi. Evdə Güneldən başqa bir neçə qonaq da vardı. Yenicə süfrə başına oturmuşdularki,qapının zəngi çalındı. Günel gedib qapını açanda qapının ağzından gələn təbrik səsləri Dilbərin bütün varlığını titrətdi. Elə bil bədəninin hər bir nöqtəsi bu səsə baş qaldırdı. İçində çaxnaşma düşdü. Ürəyi elə bil ondan qopub hardasa gizli bir yerdə döyünməyə başladı. Bilmədi ayağa qalxsın, yoxsa otursun. Əvvəl donub qaldı, sonraqarışıq-dolaşıq fikirlər bir andaca beynini zəbt etdi. Oqtayın burada nə işi ola bilər axı? Bəlkə... Amma yox... Axı Günel haradan bilə bilər ki, o, mənim ərim olub. Mən ki ona bu barədə heçnə deməmişəm.
Əvvəl qapıdan içəri kölgəsi düşdü, amma kölgə tək deyildi. İçəri girən kimi gülən sifəti payız havası kimi qəfil dəyişdi. Çaşbaş qaldığını büruzə verdi o dəqiqə. Yanındakı qadının əlini buraxıb stulu çəkib oturdu. Qadın da Dilbəri görən kimi duruxdu. Diqqətlə Oqtayın üzünə baxıb bir söz demədən oturdu. Yəqin ki,o da Dilbər kimi alaşıq-dolaşıq fikirlərə ilişib qalmışdı. Rəng verib, rəng alırdı. Bəlkə də,onunku çaşqınlıqdan deyil, əsəbdəniydi. Hiss olunurdu ki, içində doğub çoxalan suallar gözlərindən güllə kimi çıxıb Oqtayın sifətinə dəyərək yerə tökülürdü. Oqtay isə başını aşağı salıb sakitcə oturmuşdu. Qadınstulunu bir az da yaxına çəkib ona daha sıx oturudu. Deyəsən, özü də bilmədən elə elədi. Keyiyib qalan Dilbər özünü mütləq ələ almalıydı. Onlarla bir süfrədə oturmaq ağır gəlsə də, özünü o yerə qoymamalıydı. Çünki Günellə rəfiqə olmağa başlasalar da, həyatında baş verənləri bildirməmişdi ona. Ümumiyyətlə, şəxsi həyatını kimlərləsə bölüşməyi sevmirdi. Günelin qadınla rəftarından başa düdü ki, onlar köhnə tanışdırlar. Dilbər Günelə kömək etmək bəhanəsiylə durub mətbəxə keçdi. Amma əllərinin əsdiyindən bir stəkana belə toxuna bilmədi. Mətbəxdəki kiçik divanda oturub bir az özünə gəlməyini gözlədi. Günel masaya əlavə boşqab apararkən ona tərəf çöndü.
– Niyə gəldin, keç otur içəridə, –deyib əlindəki boşqablara nəzər sala-sala içəri keçdi.
– Eybi yox, bir azdan keçərəm, –arxasınca mızıldandı.
Sakitləşməyə çalışırdı ki, bu vaxt Oqtayın qonaqlar olan otağın açıq qalmış şüşə qapısına düşən əksi onu özündən aldı. Diqqətlə ona baxdı; həmin sifət – azacıq tüklü, həmin saç stili – alnına tökülü, həmin baxışlar – qaşının birini azacıq yuxarı qaldırılmış.... Hər şey həmin idi. Bir yasaq istək baş qaldırdı içində, gözləri ixtiyarsız gülümsədi. Elə bil saçları ondan icazəsiz qollarını açdı Oqtayın şüşədə görsənən əllərinə tərəf, dili itirdiyi kəlmələri tapıb-toplayıb nəsə demək istədi. Başını silkələyib özünü ələ almağa çalışdı. Olanları yadına salıb, onu öldürmək istədi içində. Amma bacarmadı. Gözləriylə onun şüşədəki əksinə "Kaş ki birdəfəlik silinəydin yaddaşımdan, kaş ki birdəfəlik gedəydin məndən, həm də iz buraxmadan. Amma sən məndən getməyi bacarmadın, sən tərk etməyi belə bilmədin. Hələ də varlığım sən qoxuyur, alçaq!” – dedi. Baxışlarını ondan çəkə bilmirdi. Bir anlıq gizli varlıq olub Oqtayın ürəyinə girmək istədi, görsün orda onun qırıqlarından qalıbmı? Düşüncələrinə girib baxmaq istədi, görsünhələ də orda ona aid nəsə varmı?
Günelin əlindən yerə düşüb çiliklənən stəkanın səsinə ayıldı, ondan ayrılıb getmiş “özü”nü özünə qaytardı. Günel qonaqlara çay süzmək istəyəndə cəld onun əlindən alıb “xahiş edirəm, ver mən süzüm” – dedi. Çayları süzdü, Oqtayın çayını onun istədiyi kimi süzdü – kəmrəng və stəkan axıra qədər dolu. Oqtay həmişə deyərdi ki, çayın rəngini az elə, onsuz da çaya rəngi, dadı sənin barmaqların verir, stəkanı da axıra qədər doldur ki, doya bilim.
Güneldən də xahiş etdi ki, bu stəkanı Oqtayın qarşısına qoysun. O da sağ olsun, bir şey soruşmadan Dilbərin dediyi kimi elədi.
“Ümid” burda da gəlib Dilbəri tapdı; bəlkə, Oqtay çayının fərqli olduğunu görüncə...Yanındakı qadına “sən mənim ailəmi dağıtdın” deyib bağıracaq...və sonra... sonra gəlib qolundan tutub “gəl evimizə gedək” deyib onu məcburi çəkib aparacaq...
Olacaqmış kimi o qədər xəyal qurdu ki... Və qurduğu xəyallara aldanıb xoşbəxt olmaq istərkən qadının otaqdan gələn çılğın gülüşü qəfil o xəyalları ürküdüb pərən-pərən saldı və yenidən yerinə acı gerçəklik və çarəsizlik doldu.
Onlar çaylarını içdikdən sonra durub getdilər. Elə bil kimsə Dilbərin əlindən tutub pəncərəyə tərəf apardı. Pəncərədən, pərdənin arxasından onlara baxdı. Qadın maşında qabaqda –onun yerində oturdu. Qəhər boğmuşdu onu, amma büruzə vermək istəmədi. Gözdən itincə maşının arxasınca baxdı. “Bəlkə o, gətirilən çayın başqa çaylardan fərqli olduğunu, yəni onun sevdiyi kimi olduğunu görüncə təsirləndi deyə,tez durub getdi? Bəlkə, barmaqlarımın rəngini, dadını yenidən çayında hiss elədi? Bəlkə, peşmandır, əməllərindən utandı? Bəlkə, o qadını elə bu gün rədd edib yenidən mənə qayıdacaq? Bəlkə, sirli-sehrli kəlməmi yenə eşitmək istəyəcək məndən? Bəlkə...” düşündü, daha doğrusu, heçnə düşünə bilmədi... İçindəki ümid o qədər şişib böyüdü ki, hər şey altında qalıb əzildi;mənlik, qürur, bütün yaşananlar... Özündən ixtiyarsız Oqtayın nömrəsini yığdı. Əlləri əsdi, ürəyinin çırpıntısı az qala qulaqlarını batıracaqdı. Elə ilk çağırışa cavab verdi.
– Bəli.
Bir anlıq susdu. Nə deyəcəyini bilmədi. Sonra udquna-udquna:
– İçdiyin çaydabir dad hiss etdin? – Gözlərini yumub istədiyi cavabı gözlədi və sehrli kəlməsini dilinin ucunda hazır saxladı
– Nə?
– Mən... –otboy oldu.
Sözü ağzında yarımçıq qaldı. Pərt oldu, özünə hələ bu cür nifrət etməmişdi.“Qürurun olsun!” Ona elə gəldi ki, otboy səsindən tutmuş, gözünə görsənən evin bütün əşyalarınacan hər şey bağıraraq bu sözü dedi. Bəlkə, Günel gəlməsəydi, ikiəlli öz başına bir qapaz da vurardı. İnsan da bu qədər özünü ucuzlaşdırarmı? İmkanı olsaydı, özü öz üzünə tüpürərdi. Günel gəlib, yanında dayanıb pəncərədən baxdı. Dilbər ağlamamaq üçün özünü güclə saxlayırdı. Oqtayın ondan bu qədər uzaqlaşmağını, hətta onu qorxunc bir qadın bilib ehtiyat edəcəyini heç vaxt ağlının ucundan belə keçirməzdi. Özünü inandıra bilmirdi ki, Oqtay, oradan, sadəcə onu görməmək üçün çıxıb getdi.
Günel pəncərədən baxa-baxa:
– Bilirsən onlar kim idi?
– Yox... – “yox”u güclə deyə bildi.
– O qadın mənim keçmiş iş yoldaşımdır. O günü yolda görüşdük, dedi, ad günün yadımdan çıxmayıb, mütləq gələcəm. Biz əvvəl onunla yaxın rəfiqə olmuşuq, amma sonralar etdiyi hərəkətlər onu gözümdən saldı. Bax o yanındakı oğlan var haa, o, sevgilisidir, əslində, əri var onun. Amma əri çox vaxt işinə görə orda-burda olur deyə, yazığın heçnədən xəbəri olmur.
Günelin “ər” dediyi bir andaca Dilbərin gözünün qabağında canlandı. Çox yazığı gəldi ona.Özünə oxşatdı; yazıq, qürursuz, ucuz... Astadan “Allah bəlanızı versin“dedi. İlk dəfə idi bəd dua edirdi. İndiyə qədər ondan nə qədər acı çəksə də, ona heç vaxt qarğış etməmişdi. Bunu da o bədbəxt “ər”ə görə etdi. O ərdə özünü görürdü çünki.
Məclis qurtardı, Dilbər də durub evə gəldi. Gecə saat bir-iki arasıydı. Yatağında olsa da, yata bilmirdi. Elə hey fikirləşirdi, kaşki ora getməyəydi,onları görməyəydi. Elə bu vaxt telefonuna zəng gəldi.
– Salam, xanım! – kişi səsiydi.
– Salam!
– Bu nömrəyə axırıncı dəfə sizdən zəng gəlib, –Oqtayın nömrəsini dedi.
– Bə-li, – çaşqınlıqla dedi.
– Siz onun nəyisiniz?
– Yoldaşı... Yox, yox.... mən onun nəyiyəm? Bilmirəm.
– Bilirsiniz, o, qəzaya düşüb, Semaşko xəstəxanasına gətiriblər. Sizinlə danışan reanimasiya şöbəsinin növbətçı həkimidir.
Beyni dondu bir andaca. Həkimin axırıncı dediyi sözlər uzaqdan gələn bir cızıltıya döndü qulaqlarında. Keyiyib qalmışdı. Nə illah edirdisə, ayıla bilmirdi. Handan-hanaözünü ələ alaraq əynini geyinibevdən çıxdı. Başını itirmişdi, küçənin ortası ilə hara getdiyini bilmirdi. Maşınların siqnal səsləri, sürücülərin atmacaları onu yavaş-yavaş ayıldırdı. Yanında gəlib dayanan taksi sürücüsünə güclə xəstəxananın adını yadına salıb deyə bildi.
Xəstəxananın həyətinə girəndə gələn hönkürtü səsinətükləri ürpəşdi.Kişi səsiydi. Ayaqları güclə gedirdi Dilbərin. Divardan tuta-tuta içəri keçdi. Dəhlizdə bir nəfər xərəkdəki üzüörtülü, ancaq saçları görsənən birini qucaqlayıb hönkürtüylə ağlayırdı. Yanından keçəndə nə edəcəyini, nə soruşacağını bilmədi. Özündən asılı olmayaraq “Oqtay” deyib qışqırdı. Səsinə çıxan tibb bacıları onu sakitləşdirərək həkimin otağına apardılar. “Oqtay hardadır, nə olub ona?” deyib həkimə tərəf getdi.
Həkim ayağa qalxıb:
– Qorxmayın, o, ölüm təhlükəsini adladı. Amma...
– Amma nə? – bütün varlığıyla həkimin dodaqlarından çıxacaq sözə köklənmişdi.
– Amma çox təəssüf, ayaqlarının ikisini də itirdi. Əməliyyat elə indi qurtardı.
– Bəs qadın? – onu niyə soruşduğunu özü də anlaya bilmədi.
– Qadın elə hadisə yerindəcə keçinib, çox təəssüf...
Deməli, dəhlizdə xərəkdəki həmin oqadın imiş, onu ağlayan da “yazıq ər”.
– ...(susdu)
– Siz onun nəyisiniz? (yenə soruşdu)
– Mən... Oqtayın...
– Bilirsiniz, Oqtayı gətirəndə huşu başındaydı, danışırdı. Dediyi ancaq bu idi ki, çayına zəhər qatıblar. Özünü tez xəstəxanaya çatdırmaq istəyirmiş.
Həkimdən nə qədər xahiş etdisə, yalvardısa, onu içəri – Oqtayın yanına buraxmadılar. Damarından Oqtayın damarına köçürüləcək qanına təkrar-təkrar pıçıldayırdı: Heç də hər şey sən düşündüyün kimi deyildi, mən, sadəcə, telefonda sənə bir kəlmə sözümü deyəcəkdim... bir kəlmə söz...
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)