“Vətən mənə oğul desə, nə dərdim” deyən Məmməd Arazın bu gün doğum günüdür

Xalq şairi, Azərbaycanın Dövlət mükafatı laureatı, “İstiqlal” ordenli  Məmməd Arazın bu gün doğum günüdür.
Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov) 14.10.1933- cü ilin 14 oktyabrında Şahbuz  rayonunun Nursu kəndində dünyaya göz açıb. Şahbuzda orta məktəbi bitirdikdən sonra, Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi Ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb, Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini vəzifələrində çalışıb.
1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının (indiki AYB) Poeziya bölməsinə başçılıq edib.
Mənalı, keşməkeşli və şərəfli şair-vətəndaş ömrü yaşamış Məmməd Araz, əsl istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.
Şübhəsiz, poetik ilhama malik sənətkarın yaradıcılığının baş qəhrəmanı Azərbaycandır! Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri Vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir.
Məmməd Araz poemaları ilə də təkrarsızdır. Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən öncə insan mənəviyyatının mürəkkəbliyi, tarix və çağdaşlıq kimi fundamental məsələlərə həsr olunub.
Xalq şairi Məmməd Arazın əsərləri Sovet dövründə də, müstəqillik illərində də kütləvi tirajlarla dəfələrlə nəşr edilib.
Məmməd Araz ədəbiyyat qarşısında xidmətlərinə görə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1975), “Əməkdar mədəniyyət işçisi fəxri adı (1979), “Əməkdar incəsənət xadimi” fəxri adı (1984), Azərbaycanın Dövlət mükafatı (1988),”Xalq şairi” fəxri adı (07.12.1991), Hacı Zeynalabdin Tağıyev adına Milli mükafat (1992), “İstiqlal” ordeni (15.04.1995)
və bir sıra başqa təltiflərə layiq görülüb.
Şair 2004-cü il dekabrın 1-də uzun sürən ağır xəstəlikdən sonra Bakı şəhərində dünyasını dəyişib, Fəxri Xiyabanda dəfn edilib.
Şairin adına “Məmməd Araz” mükafatı təsis olunub.
Paytaxt Bakının Nərimanov rayonunda, eləcə də, Sumqayıt, Naxçıvan, Xaçmaz və Qax şəhərlərində şairin adını daşıyan küçələr var. Doğma Nursu kəndində Məmməd Arazın Ev muzeyi fəaliyyət göstərir.
Məmməd Arazın 80 illik yubileyi Azərbaycan Prezidentinin 27.09.2013-cü il tarixli Sərəncamı ilə dövlət səviyyəsində keçirilib.
Allah rəhmət eləsin!

Vətən desin!
Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! – desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin
Çox yatdıq, çox mürgülədik,
Qoca millət!
Mürgülədik: qoşa-qoşa
Dağlarımız oğurlandı.
Çaylarımız, göllərimiz
oğurlandı.
Düzlərimiz, çöllərimiz
oğurlandı.
Oğurlatdıq!
İndi saysaq saya sığmaz,
Daha nələr, nələr oğurlanıb.
Yer üstündə xəzinələr,
Yer altında dəfinələr
oğurlanıb!
Qoca millət, hər andımız,
Amanımız,
Əgər varsa,
Zərrə qədər imanımız,
İmanımız Vətən! – desin
Hər yaxşımız, yamanımız
Vətən! – desin
Əli kəsik, dili kəsik
Uşaqlar var – hələ dustaq,
Körpə dustaq Vətən! – deyir.
Bu nə külək, bu nə bulud,
Bu nə yağış, bu nə qardı?
Didərginlər üzərində
susub durdu,
Vətən! – dedi,
Mürgülüsən, qoca millət:
Daha möhkəm, daha ötkəm
gəlsin səsin,
Vətən! – desin
Qoca millət, Bu gün gərək
Hər anımız Vətən! – desin.