“Xəstəlik kimisən, əzizim, yoluxmaq istəyirəm sənə...” – İlahə Abbasovanın debütü Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Debütdür, Ilahə Abbasovanın şeirləri ilə tanışlıqdır.

 

 

 

DEBÜT

 

 

İlahə ABBASOVA

 

 

YASƏMƏN ƏTRİ

 

Bir hekayə yazmalıyam mən –

Yasəmən ətri verən...

Oxumalısan sən,

Sevməlisən,

Gizlədə bilməyib duyğularını,

Unudaraq soluna qalib gələn sağını,

Üzdə bir az hüznlə,

Təmiz bir təbəssümlə

                     gülməlisən...

 

Düşünməlisən...

Qara qaşlarını çatıb,

Gözəl gözlərini qısıb,

Bəlkə də, sonuncu dəfə

               məni düşünməlisən...

 

Bir hekayə yazmışam mən –

Yasəmən ətri verən...

Oxumamısan sən,

Sevməmisən...

 

 

MƏNİ SƏNSİZ DÜŞÜNMƏ

 

Bir meşə düşün,

      Ağacsız... Quşları nəğməni unutmuş.

Bir dağ düşün,

      Dumansız... Çayları axmağı unutmuş.

Bir dəniz düşün,

      Dalğasız... Balığı üzməyi unutmuş.

Bir sahil düşün,

      Qumsuz... Küləyi əsməyi unutmuş.

Bir səma düşün,

      Buludsuz... Yağışı yağmağı unutmuş.

Bir körpə düşün,

      Gülüşsüz... Ya da ağlamağı unutmuş.

Bir dünya düşün,

      İnsansız... Günəşi doğmağı unutmuş.

Bir də məni düşün,

      Sevgisiz... Nəfəs almağı unutmuş.

Yox...

Məni sevgisiz düşünmə,

Səssiz, nəfəssiz düşünmə,

Ruhu bədənsiz düşünmə.

Sənsizlik öldürər məni,

Öldürürsənsə, tam öldür,

Ölünü kəfənsiz düşünmə,

Gəl məni sənsiz düşünmə...

 

 

YANIMDA OL

 

Xəstəlik kimisən, əzizim,

Yoluxmaq istəyirəm sənə...

Qanım çəkilsin, üzüm solsun,

                amma yanımda ol...

 

Sən torpaq kimisən, əzizim,

Səndən gəlmişəm sanki.

Qayıtmaq istəyirəm sənə...

Nəfəsim kəsilsin, sonum olsun,

                amma yanımda ol...

 

 

DÖZÜR QADIN

 

Baxır qadın...

Gözlərində bir hüzn var,

      keçmişinə baxır qadın...

 

Qarışıb duyğu selinə,

      acı bir göz yaşı olub,

      yad gözlərdən axır qadın...

 

Alışıb bu qaranlığa,

       məna tapıb,

       boş rənglərdən qaçır qadın...

 

İnsanların xaosunda

       tək qalır qadın...

İzdihamdan sıxılaraq

       özünü axtarır qadın...

Xatirələr tonqal olur,

       yanır qadın...

Dərd küləyi dərman olur,

       sönür qadın...

Yaşamağa səbəb tapmır,

Hamı deyir: “ölür qadın”.

Amma ölmür, dözür qadın.

 

 

HEYKƏLLƏRİN RƏQSİ

 

Bir xəyal qur,

Gizlət hamıdan,

Lap qırxlı körpəni bədnəzərdən qoruyan kimi...

Bir xəyal...

Yıxmağa əlin gəlməsin.

 

Bir dilək tut,

Bildirmə özünə,

Lap təmiz... məsum... dərin.

Bir dilək...

Diləməyə dilin gəlməsin.

 

Bir dua yerləşdir köksünə,

Bir varlığın xəbər tutsun,

Bir də səni var edən,

Bir dua...

Lap içdən... məhrəm... gizlin.

 

Bir mahnı dola dilinə,

Sözləri zildən söylənməsin,

Bir az bəmdən... həzin.

Bir mahnı...

Bütün heykəllər rəqs edə bilsin.

 


“Ədəbiyyat və incəsənət”

(27.03.2023)