“Bir yer göstər gözlərimi asmağa” – Gülnar Ümidin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, Gülnar Ümidin şeirləri ilə tanışlıqdır.

 

 

 

ŞEİR VAXTI

 

 

Gülnar ÜMİD

 

 

ÜŞÜYÜRƏM...

 

Yoxluğun ürəyimə damır,

yoxluğunu toplamağa ürəyimi qoymuşam.

Buludların arxasında gizlənmə, buludları arxanda gizlət!

Üşüyürəm....

 

Səhərimin qapısını zaman döyür,

Aynasından tənhalığım boylanır.

Açıq qapılar qorxulu olur, qapıları bağla, gözlərini aç....

Üşüyürəm...

 

Piyada keçidləri gecədə gündüzün ayaq izlərini günahlarından gizlədir,

Gecə günahlarını görməmək üçün səssiz küçələri qucaqlayıram...

Üşüyürəm...

 

Yenə bu gecə küçənin işıqları ağlayır,

Yuxu getmir gözlərinə.

Ay başını yelləyir, üz döndərib gedir üfüqün otağına.

Üşüyürəm...

 

Dəniz küləyin ayaqlarından yapışıb sahilə qaçır,

amma heç zaman çatmır.

Mənsə hər gün ömrün tamaşasına baxıb,

Üşüyürəm...

 

 

BİR YER GÖSTƏR GÖZLƏRİMİ ASMAĞA

 

Mən sevəndə xatırlamırdım səni,

İtirəndən yaddaşımdan çıxmırsan.

Darıxmaq da ürəyimi kiçildib,

Darıxanda ürəyimə sığmırsan.

 

Gecə ayın göy üzündə kölgəsi,

Günəş çıxar, izi itər hər səhər.

Bir yer göstər gözlərimi asmağa,

Özüm qurudaram hər gün birtəhər.

 

Bir az danışaram, dəniz dinləyər,

Bir az da danlayar Xəzri, Giləvar.

Gecə təkliyinə çəkilər süfrəm,

Səndən söhbət açar çayla gilənar.

 

Onda bax çiynimin yükü yorulub,

Bir az dincəlməkçün dizimə çökər.

Baxar, dinləməyə kimsəsi yoxdur,

Ürək dərdlərini içinə tökər.

 

Bir ümid aparar özüylə məni,

Gəzdirər şəhəri səndən bixəbər.

Xəyal qayığında oturar gözüm,

Kirpiklər yuxumun avarın çəkər.

 

 

KÖÇ QƏLBİMƏ

 

Bəsdir kirayə qaldın,

Yır-yığış et, köç qəlbimə.

Hər yanağa çəkilən təbəssüm isti olmur!

Bir gün boyat yeyirsən,

bir gün də ac-yalavac

gözünü qucaqlayıb,

yuxunun küçəsində əl açıb dilənirsən...

Bir qurtum sevgi qalıb ömrümün fincanında,

Adımı unutduğun dodağının çatına saxlamışam onu da.

Ya gəl islat dodağı,

ya da yad qapıların səksəkəsində boğul...

 

 

DARIXIR, YENƏ DARIXIR...

 

Başın heç çiynimdə darıxmamışdı.

İndi köynəyimdə ilişib qalan

bircə o telindi baxır üzümə, lal-dinməz darıxır,

yenə darıxır...

 

Qucağım qoxunu gizlədir səndən,

gündüzlər geyinir, gecə soyunur.

"Sən"imdə gizlicə pıçıldadığın

qulağım darıxır,

yenə darıxır...

 

Ovcuna sıxdığım yanaqlarımı,

baxışın şəkildən güldürür indi.

Gözümü çağırır görüş yerinə,

xəyalım darıxır,

yenə darıxır...

 

Səni də, məni də ötürən qapı

Bizim arxamızca göz atır hər gün.

Hər gələn qapının tıqqıltısına

addımlar darıxır,

yenə darıxır...

 

 

GƏL

 

Ürəyində əvvəl kimlər vardısa,

Çıx dünənin körpüsünə ötür, gəl.

Dayanacam mən də yolun sağında,

Sən gələndə ürəyimi götür gəl.

 

Sevgi qürur sevməz, amma nankoram,

Sevincin gözünə qərib, həm xoram,

Büdrəməkdən yenə yaman qorxuram,

Yıxılanda kürəyimi götür gəl.

 

Yuxumu yastığa gecə nəm sərdim,

Ürəyimdən duaları kəm dərdim,

Baxıb çarpayıma dedi "sən" dərdim:

Üsüyəndə dur əynimi götür gəl.

 

 

GÖZLƏRİMİN DARAĞI...

 

Gözlərimin darağıyla açıram

Yollarının dolaşmış hörüyünü.

Sən düşmüsən yadıma, yelləyirəm

yuxum ilə gecənin yüyrüyünü.

 

Dilim boğur səssizliyin boğazın,

Qalmır daha danışmağa həvəsi.

Darıxanda nəfəsim də tükənir,

Vallah, olmur darıxmağın nəfəsi.

 

Gözlərinlə öpdüyüm pəncərəmi

Külək örtür, öpür yağışlar indi.

Ömürdən fəsillər töküldü bir-bir,

Nə məni, nə səni bağışlar indi.

 

 

YANAĞIM PAY VERİR SƏFİL GÜLÜŞDƏN

 

Ayrılığın səhəriydi bu səhər,

Görünmürdü göy üzündə bir dilək.

Ağacların yarpağına sığınıb

Üşüyürdü yağış altında külək.

 

Bir-biriylə pıçıldaşıb küçələr,

Məni qınayırdı adam içində.

Enişli yolların izinə düşdüm,

İndi doğmaların yadam içində.

 

Gözlərim gecənin qoynundan çıxıb,

Səhərlərin dan yerini sökürdü.

Dabanlarım təngnəfəs, tələsik

Küçələrin yanağından öpürdü.

 

İndi dizlərini qatlayıb arzum,

Əlləriylə su götürür gözündən.

Dilimdən nəm çəkən ümidlərim də

Quruyub, asılmaz daha sözümdən.

 

İşığı göndərmə daha üstümə,

Ürküb qaranlığım qəfil gedişdən.

Süfrəmə hər gələn qonağa indi

Yanağım pay verir səfil gülüşdən.

 

 

***

 

Hər səhər göz qapaqlarımın arasından bir pəncərə açılır yeni günə.

Ötən yollar zəncirləyir ayaqlarımı,

Qapıları bağlamışam keçmişin açarıyla.

Gələcək üçün yeni ünvanımızın  bütün tədarüklərini görmüşəm,

Seçmişəm səni də, məni də...

Bircə qalıb qapıdan "biz" içəri girə.

Qorxma!

Çətinlikdən  keçmək üçün bağlamışam qorxunun gözlərini

"Sən"ə de ki,  məni də götürüb gəlsin...

 

 

***

 

Yaxın gəl!

Gözlərinə baxıb özümü atmaq istəyirəm ürəyinə.

Nəfəsinlə gözlərimi bağla!

Ürəyində can vermək və ölmək

ən gözəl "əlvida"dır...

 

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)