“Ədəbiyyat və incəsənət” portalının sevilən “Güneydən gələn səslər” rubrikasında portalımızın Güney Azərbaycan təmsilçiləri Əli Çağla və Vida Heşməti oxucularımızı güneyli yazarlarımızla hər həftə tanış edirlər. Bu dəfə sizlərə Hümmət Şahbazinin ədəbi tənqidə aid məqaləsi təqdim edilir.
Hümmət Şahbazi - Şair, yazar, ədəbiyyatşünas kimi tanınmış Hümmət Şahbazi 1971-ci ildə Muğanın Üngüt mahalının Nəriman kəndində anadan olmuşdur. Şeir və ədəbiyyata 16 yaşından marağını göstərmişdir. Onun “Azərbaycan çağdaş şeirinin tənqidi”,”Hekayənin imkanları”, “Modernitə və modernlik”, “Postmodernizmin durumu” kimi kitabları çap olunmuşdur.
Onun məqalələri, tərcümə etdiyi kitablar da nəşr edilmişdir.
Şeirimizdə tanrının halları
Fridrix Nitsşe «Tanrını öldürür». «Tanrının ölümü» ilə «İnsanın dirilməsi»-nə imza atır. Beləliklə, yer üzü tanrısız qalmır, bu dəfə, «insan» tanrı olur. Demək «insan» yeni əsrin həyat fəlsəfəsinə çevrilirdi. Bunun nümunəvi fəlsəfəsini böyük miqyasda «var-oluşculuq» [egzistansiyalizm] da görürük. Bu axımın düşüncəsində insan hətta özündən öncəki fəlsəfədə ən zirvələrdə duran «Tanrı» anlayışıından da yüksəklərə ucalır. Bu, Nitsşenin anlayışında fövqəl-insan (üst-insan) adlanırdı.
Qəza-qədərçi məzmunlu şeirlərimiz daha çox divan şeirindəözünü göstərir. Bu kimi şeirlərin başında «Tanrı» anlayışı durur. Divan şeirində, bugünkü ortalıq anlayışda olduğu kimi, hər bir şey taleyi, tanrıya bağlı qəza-qədərçiliklə
dəyərləndirmə aktuallıq daşıyır.
Tanrıya müraciət etmək dörd istiqamətdə nəticələnir şeirimizdə ümumiyətlə:
A) Tanrı ilə barışmaq
B) Tanrıdan asılı olmaq
C) Tanrıya qəzəblənmək
D) Tanrıya üsyan.
Ara vermədən deyim ki, ilk iki xüsusiyyət ümumiyətlə divan şeirinə aiddir. Hərçənd onun çalarlarını yeni çağ şeirimizdə də görürük. Üçüncü və dördüncü keyfiyyət isə, daha çox yeni çağ şeirimizdə özünü göstərir. Yeni çağda tanrıya qəzəblənmə məsələsi, tanrıdan üz döndərmə məsələsi ilə əvəz olunur. Nəticədə isə «tanrıya üsyan» məsələsi yaranır və «tanrı ilə barışmaq» məsələsi qəza qədərçi anlayışla eyni qapıya çıxır. Bunun əsas motivini insanların əlacsız qalaraq, tanrı qapısına gedib onunla tamami ilə barışmaq təşkil edir. Poetik
nümunələr buna göstərmək istəriksə, divan şeirində olan «münacat»ları göstərə bilərik. Bu kimi janrlarda, şair əlacsız qaldığı məqamı duyduqda sanki tanrı tərəfindən ona yazılan hər bir yazını bir qəza-qədər olaraq qəbul edir və bununla
tanrı ilə barışığa çıxır.
İkinci məsələ isə: Sofizmdə özünü göstərir. Sofilər, hər bir şeyi tanrıdan asılı bilirlər. İnsana aid olan dərd-kədər, həyat-ölüm, qüssə-şən, və... Tanrının bəxş etdiyi gözəlliklərdir. Doğru oxudunuz: Gözəlliklər. Bu məqamda, dərd, ölüm, kədər kimi üzücü hallar insan üçün xoş anlardır. Naqis insan, tanrıdan asılı olan bu sınaqlardan uğurcasına keçdikdə «kamil insan» olur. Bu isə insanın tanrısal məqamı deməkdir. Tanrısal məqam isə, insanı tanrıdan asılı edir. Tanrıya qəzəblənmək isə, şeirimizin bütün hallarında özünü göstərir. Tanrıya asılı
olduqda, hər şey şirindir. Ona görə tanrıya şikayətlənmə yoxdur. Tanrıya qəzəblənmək isə kökü şikayətlənmə ilə başlayır. Özünü yalqız görən, mənəvi tənhalıqda heç bir nəticə ala bilməyən insan, ya özünü qınayır ya da tanrını. Bunların hər ikisinin çıxış yolu isə tanrıya qəzəblənmə ilə nəticələnir. Bu
hallar bəzən yalvarışlı münacatlarda, bəzən zarıltılı sofizmdə, bəzən dünyanın gedişatından narazı qalan bunların hər ikisində və hətta tanrıya üsyan zamanında baş verir.
Tanrıya üsyan etmək isə, ümumiyətlə «aydınlanma» dönəmindən başlayaraq daha çox real faktları məniməsəyərək özünü göstərir. Bu dönəmdə insan nə özünə qapılır, nə yalvarır, nə də qəzəblənir. Sadəcə özünü haqlı bilərək
mövhümatı kanara vurur; və real faktlar üzərində davranmağa çalışır. Bu isə onu çox zamanda tanrının həyatda rolu olmadığı nəticəsinə gətirib çıxarır. Bu, onun dünyaya obyektiv baxışından irəli gəlirdi. Beləliklə dünyanı yenidən qurmaq məqsədi ilə, bütün tarix boyu kökləndiyi özül inancları sındırmağa qəsd etdiyi anda, tanrıya olan özül inancı da sarsıtmağa başladı.
İxtisarla divan-çağdaş şeirimizin dünya görüşlərinin fərqlərini səsləndirmək istəsək belə bir ümumi nəticəyə çata bilərik:
Dünyanı fani sanan şairin son sığınacaq yeri tanrıya üz tutmaqdır. Belə olmadıqda onun əhvalını yalnız ümidsizlik çulğayaraq fərdi duyğularının içinə yuvarlanacaqdır. Bu əski şeir düşüncəsinin özəyi sayılırdı. Dünyanı, həyatı fani sanmaq, ona görə də yalnız tanrının ətəyindən yapışmaq. Çağdaş dönəmdə də xüsusi ilə modernizmin bəzi qollarında səslənən mənəviyyatsızlıq ön sıraya keçir. Ancaq onlar bu bucaqdan həyatı, dünyanı fani bilmirdilər. Elə bu mövqelərinə görə də insanın mənəvi həyatının çökməsinin carçısı olaraq
yaşatmaq istəyirdilər. Daha doğrusu, insana maddi həyatın gərəkli olmasını vurğuladıqları halda, mənəvi həyatın da insan bütövlüyünün yetkinləşməsində önəmli rolu olduğunu da vurğulayırdılar.
Qeyd: Orfoqrafiyaya toxunulmamışdır.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)