“Soyub talasa da onu yağılar. Qəhrəman yurdumuz sarsılmamışdır…”

 

Bu gün Xalq şairi Hökumə Billurinin goğum günüdür

 

Bəli, bu gün - Ümumdünya Yazıçılar Günü bir mərhum xalq şairimizinin doğim günü ilə üst-üstə düşür. Bu gün Xalq şairi Hökumə Billurinin anadan olmasının 97-ci ildönümüdür. O Hökümə Billurinin ki, ikiyə bölünmüş Azərbaycan nisgilini tək poeziyasınada çəkməyib, həm də taleyində çəkib. “Ədəbiyyat və incəsənət” portalı olaraq bu faktı diqqətinizə yetirib mərhum xalq şairimiz barədə daha geniş danışmaq öncəsi istəyərdik onun “Ana” şeirini diqqətinizə çatdıraq.

 

Təbriz kədərliydi, sən ağlayırdın,

Gecəydi biz səndən ayrılan zaman.

Pərişan görkəmin, o son sözlərin,

Bir an xatirimdən çıxmamış, inan.

Adını dilimə gətirəndə mən,

Sanki alov yaxır dodaqlarımı.

Yaxın gəl, yaxın gəl öpüm üzündən,

Öpüm rəngi qaçmış yanaqlarını.

Elə məlul-məlul baxma üzümə,

Baxışın qəlbimə od saçır, sənin.

Sən yalqız deyilsən, sıxma qəlbini,

Böyük bir xalqın var, böyük vətənin.

O xalqın, o elin qızısan, sən də

Onun qüdrəti də, şöhrəti də var.

Qəhrəman yurdumuz sarsılmamışdır,

Soyub talasa da onu yağılar.

Bilirəm, çox sıxır səni ayrılıq,

Əsarət dünyası başına dardır.

Lakin unutma ki, hər bir gecənin,

Min bir şüa saçan gündüzü vardır!

“Əlimdən nə gəlir?”, demə bir daha

Demə ki, qocayam, saçlarım düm ağ.

Vətən öz qəhrəman oğlu, qızını

Hər zaman, hər zaman gənc saxlayacaq.

Alnının xətləri, bəyaz saçların,

Keçmiş həyatından bir yadigardır.

Hörmət o saçlara, nifrət keçmişə:

Bu günün öz adı, mə’nası vardır!

Qalx ana, qalx ana, səni döyüşə

Çağıran öz qızın, öz vətənindir!

Bax, yanır odlarda Odlar Diyarı,

Bu vətən, bu torpaq, bu el sənindir!

 

Hökumə Billuri 1926-cı il martın 3-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Zəhmətkeş dəmirçi ailəsində böyüyüb. İlk şeirlərini orta məktəb illərində yazıb. Qələmə aldığı “Fəhlə”, “Göyərçin”, “Sübh açıldı” adlı ilk şeirləri “Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan” jurnalında dərc olunub.

Seyid Cəfər Pişəvərinin lideri olduğu Azərbaycan Demokrat Partiyasının Zəncan Vilayət Komitəsində rəhbər vəzifələrdə çalışıb.

1946-cı ilin dekabrından Şimali Azərbaycanda mühacirətdə yaşayıb. Həmin vaxtdan fəal bədii və elmi yaradıcılıqla məşğul olub, dövri mətbuatda müntəzəm çıxış edib. 1952-ci ildə ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirib. “İran Azərbaycan realıst demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib. Filologiya elmləri namizədi elmi dərəcəsini alıb. Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.

1955-ci ildə “Şeirlər”, 1963-cü ildə “Azadlıq baharı”, 1970-ci ildə “İthaf”, 1980-ci ildə “Sənin könül otağın” və s. kitabları Moskva və Bakıda rus dilində nəşr olunub.

Əsərlərində Azərbaycanın ikiyə bölünməsi faciəsini bir daha yaşayır. Təbrizi gecələr yuxusunda görüb, amma yuxuları heç zaman çin olmayıb. Güney dağlarından bir udum hava, meşələrindən bir tək yarpaq diləyib, vətənin suyundan bir ovuc içmək və Arazın o tayına qədəm basmaq həsrətini çəkib. 

Təsadüfi deyil ki, Hökumə Billurinin şeirlərinin böyük bir hissəsi milli faciənin doğurduğu yaşantılar olub. Şəxsi ağrılarından doğulan şeirləri oxucu qəlbini riqqətə gətirir, kədərləndirir və gözlərini yaşardır. Təsadüfi deyil ki, onun əsərlərində Təbriz, Araz, Vətən, ayrılıq ən çox təkrarlanan sözlərdir. 

Ovqatının ən xoşbəxt cağında da yurd həsrəti ona qənim kəsilib. Bəlkə də onun qəfil ölümü də bu Vətən dərdindən rişələnib.

Kəşməkəşli həyat yolu keçən şairə 2000-ci il noyabrın 22-də Bakıda vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)