“Ədəbiyyat və incəsənət” portalının sevilən “Güneydən gələn səslər” rubrikasında portalımızın Güney Azərbaycan təmsilçiləri Əli Çağla və Vida Heşməti oxucularımızı güneyli yazarlarımızla hər həftə tanış edirlər. Bu dəfə sizlərə Məhsa Əbdüləlizadənin hekayəsi təqdim edilir.
Məhsa Əbdüləlizadə 1990-cı ildə Xiyov şəhərində anadan olmuşdur. 2011-ci ildən ədəbiyyata maraq göstərmiş və “Paysız Yalqız” təxəllüsü ilə şeir və hekayə sahəsində fəaliyyət etmişdir. Məhsanın yaradıcılığı 20-dən 23 yaşına qədər olmuşdur. O, 2016-cı ildə gənc ədəbiyyatşünas və etimoloq kimi tanınan Şahin bəy Muradi ilə ailə qurmuşdur. Amma 2018-ci ilin payız fəslində ömrünü xəzana çəkib, beyin infarktı səbəbindən altı ay xəstə olduqdan sonra, nəhayət 27 fevral, 2019-cu ildə dünyasını dəyişmişdir. Məzarına nur dolsun.
Yenə səslərini başlarına atıblar. Heç gecə-gündüz də düşünmürlər. Beynimi kazarma edib hər an parad getməkləri əsəblərimi qarışdırır. Səsləri anamla atamın savaşdıqlarını anımsadır. Sanıram atam yenə patı çəkib anamın canını əlinə alıbdır. Kölgəsi artıq qısalmış, gözyaşı otağımın divarına hopur. Kölgənin anam olduğunu, atamın şilləsini, saçının otağımda tapılmasından sezirəm. Atamdan sonra kimsə onu belə vura bilməzdi. Anamın səsi divarların arasından gəlir, düşünürəm.
Kölgələr otağımdakı divarlarda savaşanda, heç görmədiyim sinemada oturub, sonu yox bir filmə baxıram sanki. Yaxınlaşdıqca yerimin içində sıxılıb, uşaqlıqda həsrətində qaldığım qırmızı neylon topa oxşayıram.
Kölgələr savaşırdılar. Əsəblərim bir-birilərini bıçaqlayırdılar. Anamın qarnından damcılayan qan, alnımın ortasına sıçrayır. Diksinib atamın əlindən bıçağı alıram. Eləyə bildiyim qədər çığırıb divara sarı yürüyürəm.
Anam divara sərilir. Divarı qucaqlayıb uca səslə ağlayıram. Əllərimi anamın qarnında gəzdirdiyimdə qarnımın içi gicişir. Bıçaqla qarnımı qurdalayıb içimdəkiləri tökməyim gəlir. Əlim bıçağa sarı getdikdə kölgəsinin divara əsməsini duyuram. Əlimi kəpənək edib kölgəsi ilə oynamağım gəlir.
Patı çəkənlər adamları olduqları kimi görmürlər. Dünən tərəvəz arıtladığımda qəzetdəki titri zığ bürümüşdü. Əlimlə təmizləyib oxumuşdum. "Bir kişi 12 yaşlı uşağını meymun gördüyünə başını kəsdi!"
Anamın kölgəsinin qıçından yapışıb, son gücümlə silkələyirəm. Boyumun qıssa olduğundan gözlərinə baxa bilmirəm.
Otağın guşəsindəki çarpayını gətirib üstünə çıxıram. Özümü onun gözlərinə soxuram. İllər boyu ürəyimə yığdığım sözləri deməyim gəlir. Əlindəki qanlı bıçağın kölgəsindən qorxub, "Səndən zəhləm gedir" - deyə bilmirəm.
Baş barmağımı gözünə soxub, çıxardır. "İndi de görüm məni nə cür görürsən?" Çığırıram. Səsim otağıma yayılır. Səsim təzə yetkinlik yaşında olan oğlanların səsinə oxşayır. Səsimdən qorxub pişik kimi divarı cırmaqlayıram. Çarpayıdan yerə axınıram. Alt köynəyim masanın qırağına ilişib cırılmağının səsi qulağıma dolur.
Atam iki-üç il öncə çarpayının üstünə çıxıb, zirzəmidə özünü asmışdı. Anam yeralma-soğan gətirməyə ora getməsəydi, indi neçə kəfən çürütmüşdü. Çığırmağını eşitdiyimdə "Yəqin yenə siçan ya pişik ölüsü görüb ha..." - deyib, zirzəmiyə qaçdım. Atamın üz-gözü göyərmiş, zirzəminin ortasında böyürü üstdə qalmışdı. Boğazında kəndirin izini gördüyümdə, bir an xəfələnib, örtüyümün düyününü boşaltdım. Anam məni görcək üz-gözünü didib "Yeri qonşulara hay sal, yox ey, əminə zəng vur" - deyib, yaşı min yerdən tökürdü. “Bu kişi hər kim olsa da, uşaqlarımın atasıdır” - deyə ömür boyu yaşayırdı. Qırmızı kəndir ilan kimi atamın gövdəsinə yayılmışdı...
Əlimi arxama uzadıb, köynəyimin harası cırıldığını axtarıram. Kürəyim göynəyir. Baş barmağımda bir damcılıq qan izi qalır. Divardakı kölgələrin filmi bitmiş kimi, səslərin freskanı azalmışdı.
Atamın sələmçidən pul götürdüyü gündən hər nə başlamışdı. Borclular həyətin ortasında yaxasından yapışıb, pullarını istəyirdilər.
Bizə xor baxanda cınqırını çıxarda bilmirdi. Nənə-bacı yamanını eşidəndə, həyətə çıxıb abırını tökməyim gəlirdi. Oyuncaq kimi qucaqdan qucağa atılırdım demək. Sanırdım uşaqlıq etmədən, boy atıram. Uşaqlara qoşulmağım gəlmirdi artıq. Gözümün qabağında onların oynadıqları oyunların anlamını unudurdum.
Ayın işığı otağın ortasında, sanki LED çırağı yanırdı. Bacım yuxudan durmasın deyə çarpayını yavaşca yerinə qaytarıram. Dil-dodağım quruyub. Otaqdan çıxıram. Yavaşca otağa gedirəm. Soyuducunun qapısını açdığımda sarı işıq ayağımın altından otağın divarına sarı süzüb bacımın sifətində dayanır. Dodağının üstündəki qara xala dalıram. Sanki anamın başını kəsib onun sinəsinə qoyubdurlar. Üzdə qara saçını darayıb hörüyümdə hıçqırığımı udub gizlədirəm. Haçansa "Yenə ağlayırsan" - sorğusunu soruşanda bir cavab tapa bilmirdim.
Soyuducunun içindəki düzülmüş araqların qoxusu burnumu gicişdirir. Qonşuların anama "Bu kişidən sənə bir şey aid olmaz, boşan, çıx get" - söz yadıma düşür. Xəyal quşum ərik ağacımızın budağında oturub mən ilə bacımın hovuzun başında ağladığımıza baxır. Anam çadrasını başına atır. Qolumdan yapışır. Həyətdən eşiyə çıxırıq. Seyid Əmi küçədə anamın qabağını alıb onu danlayır. Danışarkən əlini oynadanda təsbehinin səsi qulağıma dolur. Özü öldükdən sonra təsbehi arvadının əlindən düşmür. Yekə muncuqlu göy rəngli təsbehdir. Anam evlərini təmizləyəndə gizlicə götürüb baxmışdım. Muncuqların üstünə Allah, Məhəmməd yazılmışdı. Arvad deyirdi qayın atam bunu Kərbəladan gətirmişdi. Qurban olduqlarım qəbirlərinə sürtülüb deyəndə küçənin arvadları təsbehi gözlərinə Qoyub öpürdülər. Böyük nənəm gilə yetişənədək anam dodağının altında danışırdı. "Biqeyrət kişi, təkcə arvad almağın qalmışdı." Eşitdiyim sözlərin anlamını düşünmədən yaşımı gizlətmək üçün dostlarımdan ayrılıram. Atamın hər günki işi idi. Ayın başı gəlmədən anamın gözünün altında badımcan əkib onun aylığını verirdi. Dırnaqlarımı anamın yayın istisində düzəltdiyi sarıkök bəstəsi kimi dərmədən yeyirdim.
Dayılarım onu arvadı ilə gördüklərini anama deyən gündən evdən eşiyə çıxa bilmədim. Dostlarımın məktəbdən gələndə səslərini küçədən eşidirəm. Eşiyə çıxa bilmədiyimə dişlərim bir-birinə sürtülürdü. Daha ən yaxın yoldaşım atamın hər günki cibimdən oğurladığım siqara və böyük anam düzəltdiyi taxta matışqası olmuşdu. Səhər bacımı qabağıma qoyub eyvanda darıxmalarımı onunla paylaşırdım. Ağlayarkən dodağım əsəndə Səhər ovunurdu. Güləndə təzə çıxmış iki dişi görsənirdi. Yatağından tutub "Dovşanımsan" - deyirdim. Anam evdə olmayanda daha çıxıb məktəbdən gülə-gülə gəldiyimiz yola donuxub bir bucağa sıxılıram. Siqaraya qullab vurub, atam kimi hər nəyə xəyalsız olmaq istəyirdim.
Siqara çəkdiyim gündən anam ilə də ara açırdım. Qorxurdum məni qucaqlayıb üzümdən öpəndə siqaranın qoxusunu paltarımdan duysun. Həyətimizdə əkdiyim qızılgüllərini yeyirdim. Evdə az danışırdım.
Soyuducunun içindən su parçını götürüb nənəliyimin vasvası olduğunu vecimə almadan başıma çəkirəm. Hər gün həyətdən tualetin kafelinədək təmizləyir. Atam evə gələndə həyətdəki hamama saldırmayınca evə qoymur. Suyun soyuqluğu beynimdəkiləri doldurub məni sitildədir. Nənəliyimin yuxu davaları ərinin araq şüşələri kimi soyuducuda sıralanmışdı. Əlimi uzadıb birini götürürəm. Minlər fikir beynimə gəlir, gedir. Anamın kölgəsi aşpazxananı canına çəkir.
Qabaqlar qonşumuzun qızı bu davalardan qaçmaq üçün, özünü damdan atıb öldürmüşdü. Yazıq atası zorla ərə vermək istəyirdi. Nənəsi hamıya "Qızımı ərim öldürdü. Yoxsa on beş yaşında bir qız nə bilir özünü öldürmək yəni nə?" - deyirdi.
Anam bu sözü eşitdiyi gündən tualetə də gedəndə bizim arxamızca gəlirdi.
Davanı o qədər əlimdə sıxmışdım, ovcumdakı tər muncuq kimi üstündə qalmışdı. Onu yerinə qaytarıb otağa qayıdıram. Atamla arvadının üst qatdan gülüşmələrinin səsi qabaqkı evimizin tavanı kimi başıma yağır. Köhnə yaralarım göynəyir. Anamın bir dəfə əri ilə ürəkdən gülmə səsi arzusunda qaldığı yadıma düşür. Dişlərimin qıcıldamasından tüküm biz-biz durur. Sanıram atam yenə patı çəkibdir. Nənəliyimin gülməsinin səsi daha ucalır. Divarların dörd bir yandan gövdəmi sıxmasını hiss edirəm.
Addımlarımı otağa sarı atıb qapının astanasından Səhərə baxıram. Üstü açıq qalmış yerinin içində neylon toplara oxşayır! Yuxu davalarını atmaq fikri gözlərimdən axan yaş kimi beynimə axır. Atamla arvadının səsi ilan kimi içimə süzülürlər. Fısıltılı səsi ürəyimi sancır. Ağ mələfəni Səhərin üstünə çəkdiyimdə sanki ölü birisinin üstünü çəkdim. Üşüyürdüm. Yuxum gəlmədən yatmaq istəyirdim. Səhəri qucaqlayıb öpmədən sarı işığın yolunu tutub gəldiyim yolu geri qayıdıram...
Qeyd: Orfoqrafiyaya toxunulmamışdır.
“Ədəbiyyat və incəsənət”
(21.02.2023)