“Sərhəddə bitən ağac, sən hansı ölkəninsən?” - güneyli şair Əli Cavadpurun şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının sevilən “Güneydən gələn səslər” rubrikasında portalımızın Güney Azərbaycan təmsilçiləri Əli Çağla və Vida Heşməti oxucularımızı güneyli yazarlarımızla hər həftə tanış edirlər. Bu dəfə sizlərə Əli Cavadpurun şeirləri təqdim edilir.

 

 

 

Əli Cavadpur 1973-cü ildə Güney Azərbaycanın Araz sahilində yerləşən Xudafərin bölgəsinin İskanlı kəndində anadan olub.1997-ci ildə Təbriz şəhərində Fars dili və ədəbiyatı fakültəsini bitirib. 2007-ci ildə Təbriz Universetetində “Nazim Hikmət şeirində və təfəkküründə axtarışlar” adlı elmi Tezindən müdafiə etməklə Ədəbiyat üzrə yüksək lisansını alıb. Neçə illər Xudafərin bölgəsində və indi isə Təbriz şəhərində orta məktəb Ədəbiyat müəllimidir. Aşağıdaki kitabların müəllifididr:

 

1-Bəyənsəndə budur, bəyənməsəndə (şeirlər). Təbriz:1998

2-Əsrimizin yuxusunda (şeirlər). Tehran:2007

3- Təbiyət və şeir/Budaqov (köçürmə).Tehran2002

4-Mənim dəli yaşıdlarım (poema). Təbriz:2016

5-Səsində bir hekayə var (şeirlər). Təbriz:2016

 

 

HƏR ŞEY XƏBƏRDİ!..

 

Hər şey xəbərdi,

Hər şey xəbər qədərdi.

 

Yalavaclıqdan baş götürüb

Gəmilərə təpilən mühacirlər

Hər gün qırılmaqdadır.

-Bir xəbərdi.

Havanın soyuqluğu neçə gün davam edəcək.

-Bir xəbərdi.

Səhərdən-axşama dünyada inqilab olur.

-Bir xəbərdi.

 

Diktatorlar həmişə diktə oturarlar

Və dinc oturmazlar.

-Bir xəbərdi.

 

Nobel adına verilən mükafatların kökü

Gedib Bakının neft quyularına dayanır.

-Bir xəbərdi.

Orta doğu bir ağ göyərçinin oxuduğu ağıdır.

Orta doğu qan ocağı, qan çanağıdı.

-Bir xəbərdi.

Ulayan yalquzaqdır,

Oxuyan bayquşdur Ərəb çölləri.

-Bir xəbərdi.

Çoxdandır səndən xəbərim yoxdu,

Necəsən dostum?

-Bir xəbərdi.

Afrika aclıqdan qaça bilər, amma “qaravaclıqdan” qaça bilməyəcək!

-Bir xəbərdi nə vaxtsa eşitmişəm.

Üstəki o “qaravaclıq” sözün özüm düzəltmişəm,

Yalavac sözünə borcluyam bu tapıntını

Təqdim edirəm ağ dərililərə.

-Bir xəbərdi.

Xəbərlərin gözüdür yaşamaq,

Bəbəyinə güllələr xoruzlanır.

Yaşamaq xəbər başlığıdır

Ayaq altında sürünür!

 

Bir xəbərdi:

Hələbin soyulan dərisi

Qarabağın oxunan şikəstəsi.

Urmu gölü bir duzlu xəbəridi

Yellər apardı uzaqlara,

Gətirdi yaxınlara!

 

“İqnosiya” matador xəbəridi Lorkadan.

“Günəş bir gün soyuyacaq” köhnə bir xəbərdi Nazimdən.

Kəndimizdə “Qarağanlı düz “ adında-

Mavi çalmalı, ipək yaylıqlı

Yovşan qoxulu bir otlaq var

Yaz gələndə onun üstündə uzanar, yaşıllanar

İndi loderlər ciyərini sökür

Şirkətlərə qum daşımaq üçün.

-Bir xəbərdi.

 

“İncirli Bulağı”nın üstündə bir bənövşəyə darıxdım

Və burnumun ucu göynədi, bu üzü yaza doğru gedən günlərdə.

-Sən deyən bir xəbər deyil,

Amma xəbərdi.

Artıq xəbərə dönmüşük

Nə var, nə yox, nə xəbər?

Xəbərik, xəbərə yaşayırıq!..

Xəbərəm

Xəbərdi

Xəbərsən,

Hər şey xəbərdi, xəbərin yoxdu!

Xəbər var daha heç nə yox!...

 

 

İTİN BALASI DA BALADIR..

 

Bu qədər it balasına

Kimdir yal verən deyə?!

Beş küçükdən dördünü

Basdırdılar diri-diri!

 

Bir birindən gözəl və totuq idi

İt küçükləri.

Zingiltiləri yandırdı göyü-yeri

İt ürəyi dözmədi, ana ürəyi idi

Eşdi çıxartdı balaların.

Ağzından alıb yenə basdırdılar adamlar!

Ana itin başına hava gəldi

O havada bala səsi var idi

Dilin yelə verə-verə qudurdu

Küçüklərin anası!

Adamların balasına hürdü

Küçüklərin anası!

 

Havalar soyudu, qar yağdı

Hələ dünyanın üzü də ağardı.

Qancıqlar köpəklər uladı yana-yana

Hər şey qarın altında qaldı

Qaldı gün çıxana.

 

 

YOL ADAMI

 

Başının üstündə qaralar bulud

Başının üstündə çaxmaq daşı, od

Başının üstünü sən unut, unut...

Yol adamı.

 

Üzü uzaqlara yol gedən adam

Keçər neçə gündən, kölgədən adam...

Yollar quş dimdiyi

Sən də dən adam

Yol adamı.

 

Yolda ay işığı, qaranlıq da var

İşıqda olmayan qaranlıqda var

Yürü saçlarını darasın rüzgar

Yol adamı.

 

Yeri öz yolunu it hürsün səni

Korlar kərməlikdə itirsin səni

Uzaq işıqlara yetirsin səni

Yol adamı.

 

Hay-haraydan boyu uca bir sükut -

Yol yoldaşın, birdə yolun özün tut

Get...

Get...

Qalan nə var

Unut, sən unut...

Yol adamı.

 

 

İÇİNDƏ BÖYÜYÜR ÇİN DİVARLARI

 

Dünya süd üzüdür, qatıq qaymağı

Sevinci də təzə, qəmi də təzə.

Nə vaxtdır yol gedir dəvənin ağı

Qarası da çatmır hələ Təbrizə!

 

Hardanmı başlayıb haramı gedir -

O dəvəsi ölən Ərəb qardaşım?

Ərzrum gədiyi hələ də qardır

Soyur öz dərisin Hələb qardaşım.

 

Sən deyə bilməzsən, deyə bilərsən

Nə vaxt barışacaq özündən küsən?!

Hələ bir qocanın Quzey Koredə,

Gözündən yaş kimi düşən ümidsən.

 

Yol çəkir gözlərin kəhkəşanlara

İçində böyüyür Çin divarları.

Özündən-özünə bir addım yolun,

Kəsilmir hələ də boranı, qarı!..

 

Qoşmamı yazırsan postmodern qardaş?

Maşınlar götürmür at çapanları.

Əlçatmaz qayadan süzülən ballar

Qaldı dağ ayısına sarı tel arı.

 

Baxtımız düşübdür gündoğanlara

Hələ də göyümüz qıp-qırmızıdır.

Günəşi göylərə doğmaq asandır

Bu çətin ağaran yerin üzüdür.

 

Nə çox qumbarası belində gəzən -

Alan cənnət iyin intiharından.

Dünya süd üzüdür, qatıq qaymağı

Hələ doyan yoxdur dadlı varından

Belə-belə şirin yuxularından...

 

 

SƏRHƏDDƏ BİTƏN AĞAC...

 

Sərhəddə bitən ağac,

Sən hansı ölkəninsən?

Astanada duran dost,

Nədir səni incidən?

 

Bağda dar ağacları,

Ucalır yerdən-göyə.

Boyumuz da çatmadı,

Ordan çiçək dərməyə!

 

Bura ki, qar yağırdı,

Ora gün hardan çıxdı!?

Biz harda durmuşuq ki,

Göy quru, yer palçıqdı!

 

Dağın qaşında duran -

Ay qaraltı, ay adam;

Günəşmi batır bəlkə

Mən belə sayıqlıram!

 

 

YAZIQ

 

Getmək istəmirsə ürəyin sənin

Zorla apardığın, ayaqlar yazıq!

Gedəndə ayağın yolları deyil -

Yazıq ürəyini ayaqlar, yazıq!

 

Başını basdıran çiçəyin, otun,

Payını günəşdən ayırmaq çətin.

Yuxusu dağlardan ağır millətin,

Yükünü daşıyan, oyaqlar yazıq.

 

Bu dünya qurutmaz alın tərini,

Dağıdar, uçurar hördüklərini,

Gündüz gözlərilə gördüklərini,

Gecə yuxusunda sayaqlar, yazıq!

 

İndi arabaya qoşulan atdan,

QırAtlıq umusu çıxıbdı yaddan!

İçini yandıran alovdan-oddan-

Necə qızarmasın, yanaqlar yazıq!

 

 

Qeyd: Orfoqrafiyaya toxunulmamışdır.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)