Bir könül sındırmışıq… Featured

ŞAİR İSLAM SƏFƏRLİNİN 100-cü DOĞUM GÜNÜ SÜKUTLA QEYD EDİLDİ

 

Düzü, vaxtı ilə bu qədər sevilən, şeirləri dillər əzbəri olan, yüzlərlə ruh oxşayan mahnı mətninin müəllifinin 100 illik yubileyi nin bu qədər səssiz keçməsi könül incitdi. 

 

1972-ci ildə bəstəkar Ramiz Mirişli və şair İslam Səfərli tandemi “Bir könül sındırmışam” adlı bir mahnı ərsəyə gətirdilər. O mahnını Şövkət Ələkbərova ifa etdi. Və 50 ildən artıqdır ki, retro şlyageri olaraq həmin mahnı gündəmdən düşmür. 

Cəmi 51 il ömür sürmüş İslam Səfərli bu qısa ömrünə böyük bir sənətkar irsini sığışdırdı,  poetik nümunələrinə 200-ə yaxın mahnı bəstələndi, pyesləri dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyuldu.  “Ulduzlar sönmür” və “Göz həkimi” kimi iki möhtəşəm film ərsəyə gətirdi. 

 

İslam Səfərli 1923-cü il fevralın 12-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində dünyaya gəlib. Naxçıvandakı 1 nömrəli məktəbi bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak edib. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapıb. İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanıb. İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınıb. O, həmçinin tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. O, A.S.Puşkin, M.M.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Koladze, Y.Dolmatovski və başqaları kimi tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr edib.

İslam Səfərlinin adını əbədiləşdirmək məqsədilə Xəzər dənizində üzən gəmilərin birinə “İslam Səfərli” adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub, Naxçıvanda oxuduğu 1 nömrəli məktəbə onun adı verilib.

Özünəməxsus böyük istedad sahibi olan İslam Səfərli ustadı kimi qəbul etdiyi Səməd Vurğun məktəbi ənənələrinə yaradıcı münasibət bəsləmişdir. Əvvəla, o, mövcud şeir məktəbi məkanında oxşar motivlər üstündə yeni mənalar yaratmağı bacarmışdır. İkincisi, İslam Səfərli şeirlərində qələmə aldığı mövzuların, poetik məna verdiyi detalın “öz rəngini, boyasını” ifadə etməyə çalışmışdır. Üçüncüsü, İslam Səfərli şeirlərinə qanadlı, uca fikirlərdən çox dərin bir insani səmimiyyət gətirməyi zəruri saymışdır. Şair bu qənaətə gəlmişdi: “Bil ki, o adamdan sənətkar olmaz, əgər ürəyinə arxalanmasa”. Ədəbiyyatşünaslıqda da İslam Səfərlinin şeirlərində ictimai motivlərdən çox təbiiliyi, səmimiyyəti, duyğu və düşüncələri lirikanı ön mövqeyə çəkməsi diqqəti cəlb etmişdir. Vaxtilə professor Əkbər Ağayev yazmışdı: “Vətən də, onun təbiəti də İslam Səfərlinin tərənnümündə tam bir poeziyadır, incədir, xəfifdir, gözəldir”.

İslam Səfərlinin 18 kitabı işıq üzü görüb. Şair 1974-cü il noyabrın 6-da uzun sürən xəstəlikdən sonra əbədiyyətə qovuşub və Fəxri xiyabanda dəfn olunub.

Ruhu şad olsun! 

 

Mən onu dan ulduzu

Nazlı şəfəq sanardım

Kimə inanmasam da

Bir ona inanırdım.

 

Qəbahətim böyükdür

Ay ellər, dünən axşam

Billur kimi bir ürək

Bir könül sındırmışam.

 

O, bir qaranquş kimi

Qəlbimdə yuva qurdu

Acı dilim qurusun

Dilim onu uçurdu.

 

Saçlarının gül ətri

Titrəyən ovucumda

İntizar baxışların

Ağlar yol ayrıcında.

 

Qəbahətim böyükdür

Ay ellər, dünən axşam

Billur kimi bir ürək

Bir könül sındırmışam.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)