Leypsiq kitab yarmarkası bərpa olunur Featured

Pandemiya həyatın bir sıra sahələrini iflic etmişdi, o cümlədən böyük mədəniyyət tədbirləri də bir müddət qapanmalı olmuşdu.  Leypsiq kitab yarmarkası da həmçinin. Almaniyada böyüklüyünə görə Frankfurt kitab yarmarkasından sonra ikinci olan Leypsiq yarmarkası maraqlıdır ki, 17-ci əsrdən mövcuddur, 1963-cü ildən bəri hər il keçirilir, dörd gün davam edir. Almaniyanın kitab paytaxtı sayılan Leypsiq 2020-ci ildən bu foruma həsrət idi. Həsrətin ömrü bitdi. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” worldexpo.pro mənbəyinə istinadla xəbər verir. Bu il sərgi aprelin 27-dən 30-dək keçiriləcək. Leypsiq yarmarkasının direktoru Oliver Sillenin sözlərinə görə, sərgiyə 130 min ziyarətçinin gələcəyi gözlənilir. 2019-cu ildə, pandemiyaya qədər yarmarkanı 216 min nəfər ziyarət edib. Sille vurğulayır ki, belə uzun fasilədən sonra əvvəlki səviyyəyə qayıtmaq üçün vaxt tələb olunur. Əgər bu il böhranaqədərki göstəricinin 60 faizini əldə etsək, o halda bu, şübhəsiz uğur olacaq. 

Ötən il bir çox nəşriyyat koronavirus infeksiyasından ehtiyat edərək yarmarkada iştirakdan imtina etdilər. Lakin artıq indi təşkilatçılar 2019-cu illə müqayisədə təqribən 75 faiz eksponentdən iştirak üçün müraciət alıblar. Onlar Leypsiqə gəlməyi arzulayanların sayının artacağına ümid edirlər. 

Yarmarka çərçivəsində həm sərgi ərazisində, həm də şəhərin özündə çoxsaylı müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. Bundan başqa, 200 qiraət zalı açılacaq. Kitab barı da yeniliklərdən birinə çevriləcək, yarmarkada əsərləri təqdim olunan yazıçılarla ziyarətçilərin görüş və diskussiya yeri olacaq.

Çox təəssüf ki, Azərbaycan yazıçılarının maddi təminatları o səviyyədə deyil ki, onlar da bu sayaq kitab bayramlarına qatılsınlar. Ölkəmizi yəqin ki, yenə də ən yaxşı halda ya nazirlik, ya səfirlik bir neçə siyasi təbliğat kitabıyla təmsil edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)