“Çoxdandır səni görmürdüm, bugünə şükür, xoş gördük!” Featured

“Ədəbiyyat və incəsənət” portalı Bədii Qiraət rubrikasında şair Yusif Nəğməkarın “Xoş gördük” şeirini təqdim edir. 

 

Çoxdandır səni görmürdüm,

Bugünə şükür, xoş gördük!

Bəlkə yuxuna girmirdim?..

Etdinmi fikir, xoş gördük?!.

 

Gözdən qaçan uyquların --

Həsrətimə sayqıların...

Gördüm kövrək duyğuların

Qəlbində çökür, xoş gördük!

 

Kaş biləydin ki, qarşımda

cəlladımdı yaz, qışım da...

Yoxluğun dərdli başımda

necə turp əkir, xoş gördük!..

 

Yada düşdü şux olaylar...

Umulu-küsülü aylar...

Xəzəl payızlar, od yaylar

yola göz dikir, xoş gördük!

 

İpəyim, süsənim, sövqüm,

Səbrim, tabım, təbim, şövqüm,

Ləlim, zərim, əlvan zövqüm,

İncəm, İncim, dürr, xoş gördük!

 

Deyiləsi nağılım bol;

Məni -- məndən -- bir halı ol --

ayrılığın gündə yüz yol

kəfənə bükür, xoş gördük!

 

Sevgim Allaha, həm sənə!

Yaxın düşməsin qəm sənə!

Safım, ülvim, tək kimsənəm,

Covrü məlhəm, sirr, xoş gördük!

 

Gümanım kəsilmiş tamam,

Xatirən -- canımı uman...

Qarşında sevincim haman

göz yaşı tökür, xoş gördük!

 

Yarsız oldum yarı, bekar,

Gecə-gündüz dərdə şikar...

İndi bildinmi Nəğməkar

sənsiz nə çəkir, xoş gördük?!.

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)