Aramızda yağış var… - Unudulmaz sevgi şeirlərindən Featured

Sevilən şairimiz Əlizadə Nurinin “Aramızda yağış var” şeirini “Unudulmaz sevgi şeirləri” rubrikasında təqdim edirik

 

 

Nə olsun uzaqdasan,

Yoxdu səndən yaxınım.

Ordan əlini göstər-

Qorxuram ki, yıxılım.

 

Kədərlə dost olmuşam,

Hərdən dost olur yağı.

Aramızda yağış var

Yağış da çoxdan yağır…

 

O yandan sərin gəlir-

Bəlkə sən son baharsan?

Silmişəm gözlərimi-

Gələndə daranarsan…

 

Mən səni çağırıram,

Gəlir bu qəm alayı…

Yerdə mənim səsimdi

Göydə durna harayı…

 

Boğuluram elə bil,

Bəlkə durub gələsən?-

Bu leysanı üstümə

Kim göndərib görəsən?

 

Nə yamanmış ayrılıq,

Nə yaman sənsizlədim…

Hara alıb apardın

Bu dünyanı gizlədin?..

 

Deyirlər, yaz gələcək

Bəs haçanmış, haçanmış?

Axşam çıxıb getmisən-

Ömür axşamacanmış…

 

…O yandan sərin gəlir-

Bəlkə sən son baharsan?

Silmişəm gözlərimi-

Gələndə daranarsan…

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)