“Məndə əzablardı, məndə kir deyil…” Featured

“Ədəbiyyat və incəsənət” Poetik qiraət rubrikasında sizlərə şair Əlizadə Nurinin yeni şeirini təqdim edir. 

 

Bəlkə günah elə baxışlardadı,

Bəlkə də bu dünya heç kifir deyil?

Məni yağışlar da yuya bilmədi-

Məndə əzablardı, məndə kir deyil…

 

Qoy, girim altına- söz də çətirsə…

Yola yol deyərəm, səni gətirsə.

Allah hamımızın içindədirsə,

Onda səhv etmişik- allah bir deyil.

 

Ölü anladanda, diri anlaya,

Gərək pirə gedə, piri anlaya!

Biri başa düşməz, biri anlayar-

Dünyada heç kimsə həmfikir deyil.

 

Baha başa gəlib- bu bahardısa,

Qəmi də dərərlər,qəm də bardısa.

Əgər bu dünyada allah vardısa-

Deməli, dünyada heç nə sirr deyil.

 

Üzünü dəyişsən, üzünə baxmaz,

Tüstün əyri çıxsa, közünə baxmaz!

Bu qələm özgənin sözünə baxmaz-

Sürgünə getsə də, o, əsir deyil…

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)