Müharibə iştirakçıları və şəhidlərin şeirləri yer alan “İgidlərin sözü” layihəsinə start verildi

Rate this item
(0 votes)


Vətəni şəhidlər, qazi, döyüşçü qanı müqəddəs edir. Azərbaycan Ordusunun müzəffər oğulları həm döyüşməyi, həm də söz deməyi bacarırlar. 30 ildir ki, canlarını “uf” demədən Vətənə qurban edən həmin oğulların adları Vətən tarixinə qanları ilə yazılıb. Onların arasında sözü ilə də tarixləşən, yaddaşlarda qalan şəhidlərimiz, qazilərimiz, Vətən müharibəsi iştirakçılarımız vardır.
“Söz” ədəbi layihəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə tezliklə  “İgidlərin sözü!!!” adlı antologiya  işıq üzü görəcək. Bu gündən etibarən layihə çərçivəsində döyüşən əsgərlərimzin şerlərini öz ifalarında dinləyicilərə, “SÖZ” layihəsinin pərəstişkarlarına və geniş oxucu kütləsinə layihə təşkilatçıları YouTube platformasında və digər sosial medialarda təqdim etməyə başlayıb. Sözlü-söhbətli igidlərimiz həm də 6 oktyabrda Bakıda keçirilən  Beynəlxalq Kitab sərgisində çıxış edəcəklər.
“İgidlərin SÖZÜ” kitabında toplanan şerlərin, esselərin içərisində həm də döyüşlər gedən anda yazılanları vardır. Bizim şəhidlərimiz və igidlərimiz həm süngüləri ilə döyüşüb, həm də qələmləri ilə tarix yazıblar! Bu şerlər çox gözəldir! Bu şerlərdən güllə səsi, torpaq ətri, barıt qoxusu, qan qoxusu, Vətən qoxusu gəlir!
Xatırlamaq istəyirik ki, “İgidlərin SÖZÜ” kitabının ideya müəllifi  “SÖZ” ədəbi layihəsinin rəhbəri  Nigar xanım Həsənzadə, kitabın redaktoru isə Aida Eyvazlı Göytürkdür.
“İgidlərin sözü” kitabında aprel şəhidləri Nazim Şamaxılı, Mikayıl Vahabzadə, Mirsalam Cəfərov,  II Qarabağ şəhidləri polkovnik-leytenant  Elzamin Təhməzov,   mayor Mehman Süleymanov,  şəhid əsgərlər Şahgündüz Cabbarov, Murad Mayıl oğlu Nəbiyev, Vətən müharibəsi iştirakçıları Vüsal  Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əli oğlu , Tofiq Əhməd, Eyvaz Əyyub, Araz Əfəndi, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayevin  yaradıcılıqları yer alıb.