“İnsanlar yaşaya, dayana, dözə, dəyişə bilsinlər deyə hər zaman onlara doğru gedərlər” – Akademik Nizami Cəfərovun doğum gününə Nərgiz Cabbarlının yazısı Featured

Rate this item
(1 Vote)

Bu gün görkəmli akademik Nizami Cəfərovun doğum günüdür. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı Nərgiz Cabbarlının “Gecikmiş yazılar” silsiləsindən “Bu imza yetər: Nizami Cəfərov...” yazısını oxucularına təqdim edir.

İstənilən dövrdə istənilən bir cəmiyyətin istinad nöqtəsi, dayağı ziyalılar, istedadlı, işıqlı insanlardır. Onlar var deyə inkişaf var. Hətta onlar var deyə cəmiyyət inkişaf edə bilmədiyi mərhələlərdə belə ayaq üstə dura bilir. Ən ağır, ən taleyüklü məqamlarda onların mövcudluğu – söz deməsi, “ağıl verməsi”, yol göstərməsi, bunlar olmadıqda, ən azından, sakitləşdirə bilməsi ümid qapısına döndərir var olduqları yeri. İnsanlar hər zaman onlara doğru gedərlər – yaşaya, dayana, dözə, dəyişə bilsinlər deyə... Tarixin istənilən dönəmində belə olub, indi də belədir, hər zaman da belə olacaq. 

Nizami Cəfərov məhz belə bir Ziyalıdır, Müəllimdir, Şəxsiyyətdir. Əlbəttə, görkəmli dilçi, ədəbiyyatşünas, tənqidçi, publisist, azərbaycanşünas, akademik və s. və i. istilahlarını da əlavə edə bilərdim bu adın qarşısına. Amma məncə, effektsizdir. Çünki Nizami Cəfərov imzasının yaratdığı təsir, obraz, şəxsiyyət tipi o istilahları yenə də kölgədə buraxacaq. O səbəbdən də mən, sadəcə, Nizami Cəfərov haqqında yazacağam bu yazını. Müəllimim haqqında...

Nə üçün “Gecikmiş yazılar” silsiləsindən olduğu sualının cavabı isə: bu, şəxsiyyətini, yaradıcılığını, fəaliyyətini örnək, hər zaman irəlidə gördüyü hədəf bilmiş bir tələbənin gecikmiş ürək sözləridir. Amma... Əsas odur ki, gec də olsa, kağıza köçdü... Düşündüklərimi tam dolğunluğu ilə ifadə edə bilməsə də...

 

***

 Dərs demək – başqa... Yaxşı müəllimlərimiz hər zaman olub. Əksi də olub – heç yalanı yoxdur. Adını belə xatırlayanda bu gün təəssüf hissi keçirdiyim müəllimlər də keçib həyatımdan. Amma... Çox dəyərli müəllimlərin yaddaşımda və taleyimdə qoyduğu izlə müqayisədə bu məqamı yada salmağı ayıb bilirəm özümə...

Bəli, dəyərli müəllimlərim olub. Amma yenə deyirəm: dərs demək başqa... Qəribə də olsa, mən həyatımda, yaradıcılığımda, seçimlərimdə rolu olan bu şəxsiyyətlərdən yazmağı, düşünməyi, həyatı, insanlara münasibəti, istedadlı insana dəyər vermək bacarığını, obyektiv olmaq istəyini (hələ bacarıq demirəm buna!) auditoriyada öyrənməmişəm, yox... Cəmiyyətdə, ədəbi mühitdə rəftarlarına baxıb götürmüşəm... Etdiyimiz söhbətlər, fikir mübadilələri zamanı görüb-götürmüşəm... Hətta kənardan-kənara belə, özlərinin xəbəri olmadan da dərs keçiblər mənə bu müəllimlər... Həm də tək mənə yox. Bu cür şəxsiyyətlərin təsir göstərdikləri o qədər insan var ki... Həyatını, insanlara münasibətini, inamını, inamsızlığını... dəyişdikləri o qədər gənc var ki...

Məsələn, Nizami müəllim bizim dekan olarkən adı dildən-dilə dolaşırdı. Zəhmətlə, tapşırıqsız, rüşvətsiz oxuyan tələbələrin istinad nöqtəsi, dayaq nöqtəsi idi bu ad (Özünü demirəm hələ!). Öz gücünə gənc yaşda professor olan bir kəndli balası... “O edibsə, biz də edərik, o öz gücünə oxuyubsa, biz də oxuyarıq...”,“O nail olubsa, biz də nail ola bilərik”,“Onun gücü çatıbsa, bizimki də çatar...”

 Həyatda kimlər üçünsə inanc, dayaq nöqtəsi olmaqdan daha böyük bir xoşbəxtlik ola bilərmi, görəsən? Həm də gəncliyinin ilk illərində...

 Amma tək bu da deyildi. Hədəf qoymaq, məqsədə çatmaq üçün mübarizə aparmaq öyrətmişdi bizə bu ad – bu imza. “Məqsədini dəqiq müəyyən et və ona çatmaq üçün çalış” qənaətini aşılamışdı...

 Bəlkə də, çox azsaylı alimlərdəndir ki, elmi zəkası, qənaətləri, yazıları şəxsən mənim üçün əsaslı mənbə olub həmişə. Öyrəndiyim, istinad tapdığım, davam etdirməyə çalışdığım qənaətlərlə hər qarşılaşdıqda o qədər sevindiyim məqamlar xatırlayıram ki: “Nizami müəllim də bu məsələdə bu fikirdə imiş ki!...” O anın sevincini ifadə etmək mümkünmü? Böyük alimin fikirlərində öz qənaətlərin üçün istinad tapmaq sevincidir bu... Heç nə ilə müqayisə olunmaz!

Onun fikirləri başqa ideyaların, düşüncələrin yaranmasına, yeni fikirlərə yön vermək enerjisi daşıyır. Hər oxu, hər tanışlıq bu enerjini də bağışlayıb mənə. Nizami müəllim tək ədəbiyyatşünaslıqda deyil, tənqiddə də yeni bir üslubiyyət formalaşdırıb. O, haqqında yazdığı yazıçılara elə bir baxış bucağından baxır ki, qarşılaşdığın hər tezis böyük bir məqalənin, təhlil mətninin ana istiqamətinə çevrilə bilir. Sanki yeni düşüncələrə yol açan bir yolgöstərən kimi... Hələ nə qədər mətnlərə ideya mənbəyi olacaq bu yazılar. Çünki böyük proseslərdə əsas xətlər, əsas cizgilər, əsas istiqamətlər yalnız mətnə (yaradıcılığa, problemə!) konseptual baxmağı bacaran Böyük Alimlərə görünə bilər. Onlarsa Azərbaycan elmində çox deyillər...

 Bir də Nizami Cəfərov elmdə iddianın və cəsarətin simvolu olub bizim nəsil üçün. “Dediyin fikir, irəli sürdüyün tezis, elmi qənaət nə qədər inqilabi səslənirsə səslənsin, nə qədər etiraz doğurursa doğursun, sən fikrini əsaslandırmağa köklən, qalan məsələlərə deyil”. Biz bunu öyrəndik Nizami müəllimdən. Cəsarət və qorxmazlıq! Onun varlığı, fəaliyyəti və əldə etdikləri bunları öyrətdi bizə...

***

 Nizami müəllim böyük ideyalar daşıyıcısıdır hər zaman. Əksəriyyətini də reallaşdırıb. 90-cı illərin əvvəllərində türk dilində danışan xalqların ortaq əlifbasının yaradılması ideyası vardı... İlk müəlliflərindən biri də Nizami Cəfərovdur. Hətta bir müddət mətbuatda bu fikri reallaşdırmağa çalışan ilk beynəlxalq qrupun yaradıldığı da bildirilmişdi. Ortaq bir əlifba layihəsidə işlənib hazırlanmışdı. Şəxsən mən o ideyanın reallaşacağı zamanı gözləyirəm. Başqa bir variant da gəlmir ağlıma. Çünki Nizami müəllimin fəaliyyəti öyrədib bunu: məqsəd varsa, nəticə də olacaq!

***

Şəxsiyyət olmağın vacibliyi və yaratdığın obrazı qorumağın əhəmiyyəti idi öyrəndiyimiz daha bir məqam. 90-cı illər ədəbi prosesi haqqında danışarkən bir dəfə apardığım müzakirədə belə bir fikir mübadiləsi yaranmışdı həmsöhbətlərimlə: Azərbaycanda Azadlıq mübarizəsi zamanı millətin, xalqın önündə gedən ziyalılar vardı: Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı... Xalq onları eşidirdi, sayırdı. Lakin sonra bir çox yazıçı, ziyalı obrazına çat düşdü. Münasibət dəyişdi. Bu gün o obraz yoxdur. Cılızlaşıb, hörmətdən düşüb. Bu gün xalqın, lap elə xalqı keçək, ədəbi ictimaiyyətin sözünə dəyər verəcək şəxsiyyət varmı? Həm xalqdan olsun, həm sözü sayılsın, həm sadə olsun, həm kəsərli düşüncə sahibi... Demək olar ki, hamı birlikdə susmuşdu. “Çətin sual oldu” – cavabı çıxmışdı dillərdən. Sonra bir-iki ad səsləndirilmişdi. İndi o adları qeyd etmək istəmirəm. Amma hansı yazıçının adı çəkilmişdisə, ya “o xalqdan deyil”, “o özünü gözdən saldı”, “daha onun sözünü sayan yoxdur”, ya da “əməli, sözü bir şəxsiyyət deyil”... fikirləri eşidilmişdi... Əksəriyyəti də haqlı idi... Amma çox keçmədən “Nizami Cəfərov” adı səsləndikdə bu dəfə etiraz edən tapılmamışdı... O qədər qürurlanmışdım ki... Həm müəllimim adına, həm də “heç olmasa, kiməsə etiraz edilmədi” deyə... Çünki o keçid mərhələsində, başın ayaq, ayaqların baş olduğu bir zamanda belə Nizami Cəfərov yeganə ziyalılardan idi ki, orta xətti tutub qala bilmişdi. Sözünün, elminin, düşüncəsinin kəsəri bir yana, bir şəxsiyyət olaraq insanlar, ziyalılar, hətta aqressiv yazıçılar tərəfindən belə sevilə bilirdi. Dil tapır, özünü, sözünü saydırırdı. Bu da təkcə elm və düşüncə məsələsi deyildi. Həm də İnsanlıq, Şəxsiyyət məsələsi idi...

***

 Nizami müəllim zəngin bir həmsöhbətdir. Mətbuatda çalışdığım illərdə dəfələrlə müsahibələrimiz olub. Hansı mövzuda desən, danışar. Hətta bir söhbətin daxilində bir məsələyə, bir mətnə müxtəlif rakurslardan verdiyi dəqiq elmi, ictimai, siyasi dəyər o qədər heyrətləndirərdi ki məni...  Yəqin ki, jurnalist dostlarımız da etiraf edərlər: o kimsəyə “yox” deməz. Söhbət üçün vaxtı uzatmaz. Ən asan razılıq aldığımız həmsöhbətdir. Amma eyni zamanda da ən “təhlükəli” həmsöhbətdir. Çünki çox məsələlərdən xəbərdardır və onun qarşısında “pis vəziyyətə” düşmək şansın böyükdür. Gərək hazırlıqlı olasan. Həm də ciddi bir şəkildə. Əlbəttə ki, sətiraltı incə ironiyanın hədəfinə çevrilmək istəmirsənsə... Dəfələrlə bunun şahidi olmuşam. Amma mənim tutduğum bu məqamı “qarşı tərəf” tuta bilməyib. Bunun üçün Nizami müəllimi bir qədər tanımaq, bir də, az da olsa, dərinliyə sahib olmaq lazımdır. Bəlkə də, elə “qorxudan” bərk hazırlaşmalarım səbəb olurdu ki, Nizami müəllim həm də ən maraqlı müsahiblərim arasında ilk sırada durur. Və bunda, təbii ki, bilik, məlumatlılıqla yanaşı, həm də onun səmimiyyəti əhəmiyyətli çəkidədir. Tələbəlikdən bəri müşahidə etdiyim və heç vaxt dəyişmədiyini gördüyüm səmimiyyəti...

 Nizami müəllimin natiqlik bacarığına hər zaman qibtə etmişəm. Təmkinli, aramla, aydın, səlis və fikrin dəqiq ifadəsi – bütün bunlar onu istənilən mövzuda etdiyi çıxışlarda da, söhbətlərdə də maraqlı bir müsahibə çevirib. Maraqla dinlənilib. Ümumiyyətlə, müsahibə elə bir janrdır ki, yaxşı həmsöhbətlə qarşılaşan jurnalist hər zaman sevinir. Bu da həmişə nail olduğumuz məsələ deyil. Bəzən daşa-divara rast gəlirik, bəzən qarşımızdakının “məmur divarları” imkan vermir səmimi bir söhbətin alınmasına, bəzən də həmsöhbətimizin təqdim edildiyi qədər də dərin olmadığının fərqinə vararaq xəyal qırıqlığı yaşayırıq. Lakin Nizami Cəfərov illərlə jurnalist işlədiyim dövrdə nadir həmsöhbətlərimdən olub ki, onunla hər söhbətdən “dolu” qayıtmışam. Hər sahədə – dilçi kimi, ədəbiyyat tarixçisi kimi, tənqidçi kimi, dost kimi, səmimi ünsiyyət sahibi kimi... Mən Nizami Cəfərovun bu xüsusiyyətini çox sevirəm...

***

 Hər dəfə uşaqların tərbiyəsi ilə bağlı tez-tez və təkrar-təkrar səslənən bir fikir var: uşaqlara nəyi necə etmək lazım gəldiyini deməyin, göstərin. Nizami Cəfərovun öz müəllimləri haqqında hörmətlə, rəğbətlə, sevgi ilə danışması hər zaman diqqət çəkib. Və bunun məhz belə olmalı olduğunu göstərib. Müəllimə hörmətlə yanaşmağı ondan öyrənmişik. Amma daha bir incə məqam da odur ki, o müəllimlərindən öyrəndiklərini rəftarında, münasibətində təkrarlayaraq daha da dərinləşdirən biridir. Sözdə deyil, əməldə.

“Xan” nəşriyyatında dərc edilən xatirələr kitabında maraqlı bir məqam diqqətimi çəkmişdi. “...Tərcümeyi-halımı varaqladıqca görürəm ki, çox adama borcluyam. Nə bilmək olar, bəlkə də, ən çox Əlövsət Abdullayevə borcluyam ki, hara gedəcəyimi bilmədiyim bir vaxtda qabağa düşdü... Və mənə “arxamca gəl!” dedi...” Aspiranturaya sənəd verərkən iki il iş təcrübəsinin tələb edildiyini öyrənərək bundan qanı qaralan tələbə Nizami Cəfərovun duyduğu “arxamca gəl!” çağırışı sonralar onun öz dilində, görəsən, nə qədər təkrarlandı? Yəqin ki, saysız-hesabsız qədər... İkisini elə mən yada sala bilərəm... Əslində, kiminçünsə xırda görünə bilən bu hadisələr mənim üçün o dərəcədə əhəmiyyətli idi ki... Hətta həyatımın axarını dəyişəcək qədər...

90-cı illər ədəbi mühitində olanlar o dövrü yaxşı xatırlayarlar: gənc, yaşlı, orta yaşlı qələm sahiblərinin əksəriyyəti siyasi qəzetlərə səpələnərək “ədəbi səhifələr” aparmaqla, ədəbi yazılar yazmaqla qonorar hesabına yaşamağa çalışırdılar. Mən də bir siyasi qəzetdə işləyirdim. Yazıçılar  Birliyində Gənclərin forumu keçiriləndə başqa bir müəllimim (Allah ona rəhmət eləsin. Həyatımda, yaradıcılığımda çox böyük rolu olub) Arif Əmrahoğlu tənqidlə bağlı məruzəni hazırlamağımı istədi. Hazırladım, çıxış da pis qarşılanmadı (Əlbəttə, narazı qalanlar da oldu! Hətta “o tənqidçi deyil, publisistdir” deyə yazılar da yazıldı forumdan sonra). Məruzələrdən sonra çıxış edən Nizami müəllim gözlənilmədən AYB sədri Anara müraciətlə belə bir təklif etdi: “Nə üçün istedadlı gəncləri dəyərləndirməyək? Məsələn, nə üçün Nərgiz kimi gənclərimiz hansısa siyasi qəzetdə çalışmalıdır, AYB orqanlarında yox?”

Əslində, bu, günün məsələsi idi. Çünki tək mənimlə deyil, bir çox yaradıcı insanla bağlı idi. Ədəbi mühitə yenicə addım atan, ilk məruzəsini səsləndirən biri üçün bu təklifin nə qədər gözlənilməz, qeyri-adi bir dəyər olduğunu deməyə isə, yəqin ki, ehtiyac yoxdur. Mən hələ onu demirəm ki, tələbəlikdə xüsusi olaraq seçilən tələbə olmamışam və Nizami müəllim məni, olsa-olsa, hansısa yazımdan xatırlaya bilərdi... Və bir neçə gün sonra başqa bir tədbirdə qarşılaşdıqda: “Nərgiz, guya ki, istədim sənə kömək edim, qaş düzəltdiyim yerdə göz çıxardım. Orda biri imkan verməyib ki, Nizaminin  adamıdır, qoymaram gəlsin”, – dedi və güldü. Adı çəkilən o nüfuz sahibi Biri, həqiqətən də, bunu etmişdi. Düzdür, mən AYB-yə işə götürüldüm. Çox çətinliklə olduğunu isə sonradan bildim. Halbuki mən bunu Nizami müəllimdən istəməmişdim... Bizim bu barədə söhbətimiz belə olmamışdı...

Amma sonra yanına xahişlə getdiyim oldu. Elmi iş götürmək istəyirdim, kənardan müraciət edən, elmi müəssisənin özündə işləməyənlərdən illik ödəniş tələb edilirdi. Bir dəfə söhbət əsnasında bunu Nizami müəllimə dedim. “Sən get, sənədlərini hazırla, o həll edilər, – dedi. – təki sən elmi iş yaz”. Mən BDU-ya yenə də çox çətinliklə – düz bir il yubanma ilə qeydiyyata düşə bildim. Bir illik ödənişi də Nizami müəllim həll etdi. Düzdür, sonra yazdığım və “Azərbaycan” jurnalında dərc edilən bir yazıya görə Akif Hüseynlinin təklifi, Bəkir Nəbiyevin razılığı və Cavanşir Yusifli ilə Arif Əmrahoğlunun zəmanəti ilə AMEA Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edildim, işə götürüldüm deyə BDU-dakı elmi işim yarımçıq qaldı. Artıq AMEA-da doktorant idim... Amma yenə də edilən yaxşılıq, yoluna tutulan işıq öz işıqlı təsirini ömrümün sonuna qədər saxlayır. Unudulmur, yaddan çıxmır. Nizami müəllimin etdiyi yaxşılıqlar kimi...

***

Həyat dəyişir, insanlar dəyişir, münasibətlər dəyişir, zaman keçdikcə həyat hər üzünü göstərir bizə... Bəzən anamdan “hər kəs közü öz qarşısına çəkir, a bala, indi başqa zəmanədir, köz verdiyin adamlar sonra ayağının altını qazırlar”, – desə də, “Mən müəllimlərimdən belə gördüm, belə öyrəndim” cavabı hazırdır dilimdə. Onlardan gördüklərimiz, öyrəndiklərimiz, bizə ötürülənlər indi bizim çiynimizdə daşınan yükdür. Amma şərəf yükü! Nə zamansa biz də kimlərəsə ötürəcəyik. Müəllimlərimiz qədər yüksəklərə qalxmağı bacarmasaq da....      

***

 Qəribə bir sanbalı var Nizami müəllimin. Özünü saydırmaq ağırlığı var. Bu da nadir insanlarda olan xüsusiyyətdir. Həm sözü, həm davranışı, həm baxışı ilə özünü saydıra bilmək... Səssiz, sədasız... Rəhmətlik babamda görmüşdüm. Hələ uşaqkən fəhmlə hiss etmişdim bunun nə olduğunu. Baxışıyla idarə edərdi hər kəsi. Artıq söz demədən.  Uzaqdan gələndə öskürərdi, hər kəs özünü yığışdırsın deyə...

 Sonralar bir dəfə Nizami müəllimin xatirələrində bir qədər də yumorla yazdığı  bir xatirəni oxudum... Hə... “Hər şeyin bir kökü var” fikri keçdi o dəqiqə ağlımdan: “Babam nəvələrinə Nizami kişi! Şahin kişi! Daşdəmir kişi!.. deyə müraciət edərdi. Ən kiçiyimizə də “Aslan kişi!” deyərdi... Bizim də kişi olmaqdan başqa çarəmiz qalmırdı”.

Doğrudan da, kök, böyüdüyün, tərbiyə aldığın mühit çox vacibdir...

 ***

Nizami müəllim uşaqlığından, böyüdüyü mühitdən danışarkən, yazarkən “belə bir dil mühitində böyüdüm” qeydini edir həmişə. Amma onun daşıdığı və yaşatdığı təkcə dil mühiti deyil, həm də o mühitin bütün incəlikləri, çalarları, ən əsası da incə yumoru, koloritidir. Nizami müəllimin ruhuna, xarakterinə hopan, onu hər kəsə sevdirən bir xüsusiyyəti... Onunla, ən azı, bir dəfə ünsiyyətdə olanlar belə kökü çox dərinlərə gedən bu incə yumorun şahidi olmamış deyillər. Bu xüsusiyyət onun yaradıcılığında, müsahibələrində, xüsusilə də xatirələrində var. Hər söhbətinin duzuna çevrilir... Hətta sonralar zərb-məsəllərə belə dönüb ədəbi mühitdə, qələm adamları arasında dildən-dilə dolaşır, yaddaşlara köçür. Bir dissertantın yazdığı, Nizami Cəfərovun sevimli müəllimi Tofiq Hacıyevin bəyənmədiyi, onunsa rəy verdiyi bir elmi işlə bağlı söylədiyi fikirlər kimi: “Tofiq müəllim, vallah oxudum,.. Fikirləşdim ki, yəqin o qədər dərindir ki, mən başa düşmədim... Ona görə imzaladım”... 

***

 Bu gün Nizami müəllimin doğum günüdür. Hər sözü, hər yazısı, hər düşüncəsi, hər söhbəti ilə Müəllimim olan (bir çoxlarının!) Nizami müəllimi təbrik edirəm! Var olsun! Bizə Müəllim kimi Müəllim qazandırdığı üçün! Həyatımıza yön verdiyi, yaxşılığa, həqiqətə, elmə inandırdığı üçün!