Başqa bir vətən axtarıram ölmək üçün - Güneyli şair Səid Muğanlının şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu dəfə sizi Güneydən gələn səslər rubrikasında Səid Muğanlının şeirləri ilə tanış edəcək. 

 

Səid Muğanlı 1974-cü ildə Muğan bölgəsinin Üngüt mahalında anadan olmuşdur. İlk təhsilatını orda başa çatdırmış, daha sonra Qum və Tehran şəhərlərində islami biliklər oxumuşdur. 1999-cu ilin əvəllərindən başlayaraq Yaşmaq Ədəbi Yayınevini yola salmışdır və Yaşmaq nəşriyyatında 400 ünvana yaxın Azərbaycan türkcəsində (quzey, güney, Türkiyə) kitab nəşr edibdir. Səid Muğanlı "Qucağın əmniyyət, gözün terrorist" və “Sənsiz yalqız qalıb Təbriz” adlı şeirlər kitabının müəllifidir. 

 

O, 2014-cü ildə AYB tərəfindən Səməd Behrəngi ədəbi mükafatına layiq görülmüşdür.

 

1.
QUCAĞIN ƏMNİYYƏT, GÖZÜN TERRORİST

Gözlərin, gözlərin, ala gözlərin...
Gözlərin Alagöz mahnı
Gözlərin ölüm ensiklopediyasıdır
Və qadınlığın
Tarixin ikinci yarısı...
Üşüyürəm
                 Məni bağrına bas
Lənət olsun o mavi gözlərinə
Sən ölümlə yaşamın
                 Dönüş nöqtəsisən!
Qucağın əmniyyətdir
Gözlərin terrorist!

 

2.
Şairin işi sevməkdir,
Sevgi gündəki işimdir.
Sevmək ən gözəl şeydir,
Sevirəm, bu mənim peşəmdir.

Şairin bir işi sevməkdir
Bir işi yalan söyləmək.
Bir işi aşiq olmaq
Bir işi tərifləmək.

- Buyur gözlərində can verim qadası
- Buyur ucaman tanrının qız qonşusu!
Şairin bir işi sevməkdir
Biri yalan söyləmək!

Şairin işi sevməkdir,
Bir işi yalan söyləmək.
Bu günlər işsizəm
Sevmirəm səni!

 

3.
SEVİRƏM SƏNİ MÜFRƏDİ-MÜƏNNƏSİ-QAYİB

...Və bir də ki,
Mənə bağışla bu eşqin kasıblığını!
Və qes əla haza...

Eşq ucuzlamış üstü örtülü qaysarada
Ağızlara daranmış alfabet analar
Sevgi aclığı etmiş İsanın anası Məryəm
Musanın öküzü mələmiş yaşıl muğan qəzetində
Xəlic şıxları bahalatdı nefti sevgi qarşısında
Və bir şair sevgi almağa pulu çatmadı
Və birdə ki, mənə bağışla bu kasıblığı
Və qes əla haza...

Suyum süzülə-süzülə netdə satıram şeirlərimi
Bazar ağzında yeralma çörək...
Daha satılmır kitablarımız,
Əlfaaaaaaaaaaaaaaatihə
Can üstədir bu şeir...
Əlmərhumol-məğfurol-şair Köpəyoğlu
Borc ödəmir şeir kitabçaları
Son şamı da habelə!
Dar ağaclarını da!..
Bağışla mənə
Bağışla mənə dar ağaclarını
Bağışla mənə bu eşqin kasıblığını
Və qes əla haza...

Sənə vurulmuşam
Sənə vurulmuşam İsanın anası Məryəm-cimmm!
Dul qalacaqmı bu şeircik?
Hansı siğə lazımdı bu felin qurtarmasına?
Sevirəm səni müfrədi-müənnəsi-qayib
Qəbeltoltəz?..
Və qes əla haza...

(Kəlb astan ələhqərol-mozneb)
Və qes əla haza...

 

4.
İlahi, dağları heç dağ görməsin,
Qəlbi vurğun kimi, hüsnü dağlarca
Köçəri şəhərlər necə sevməsin,
Dərəni dağ kimi, dağı dağlarca?!

İlahi, çayları içməyə dodaq,
Dağları sevməyə qucaq olaydı.
Şəhərin evləri yuva həyətli,
Bu şəhər dağlara qonaq olaydı.

Deyəsən dağların gözü qanayıb,
Diskinirdi günəş, gün batan çağı.
Ay xanım gecənin gözün yalayıb,
Sevişir günəşlə savalan dağı.

Dağların qibləsi hayandır görən,
Ürəyi bu qədər çılçıraqlıdır.
Bakirə bulaqlar çimişir çılpaq,
Dağların kürəyi dağa bağlıdır.

Bu dağlar allahın söykənəcəyi,
Qayalar bir aşıq mütəkkəsidir.
Bu yallar Ələsgər Səhnəbanısı,
Bu yovşan Gülgəzin toy döngəsidir.

Ucalıb günəşlə sevişur gündüz,
Gecələr kimləri qucaqlayırlar?
Tuman-köynəyini hardan aslayır,
O xanım bulaqlar, o kişi dağlar?

Qaydına qalmışıq görəsən onun,
Hər daşın dalında biz sevişmişik.
Nə qədər allaha borcumuz qalır,
Nə qədər dağların keşiyindəyik?

Məktub da göndərib qonaq çağırır,
Yolların tozuna gözyaşı calır.
Dağların yay evi hay-həşir salır,
Dağların qış evi qonaqsız qalır.

Bəs dağın günahı nədir ki, axı?!
Dağın qatilidir dağa gələnlər.
Gün olur, min dönə od tutub yanır,
Dərədə plastik, dağda gəvənlər.

Dağlar babaların döyüş səngəri,
Dağlar anaların sancı yeridir.
Dağ qızıl maydandı, dağ kəhər yabı,
Baldırı Büs-bütün qamçı yeridir.

Caddələr dağların şalvar qayışı,
Görəsən baş alıb hayana gedir?!
Bağlayıb çiyninə qarı, yağışı,
Bir ekiz körpəli gənc ana gedir.

Hər dağın dalında Əsli yuyunur,
Hər dağın dalında Kərəm can verir.
Hər dağın dalında bir aşıq ölür,
Hər dağın dalında allah ağlayır.

 

5.
ANA DİLİ GÜNÜ MÜNASİBƏTİNƏ

Buranı yox
Burda yaşaya bilmədim
Başqa bir vətən axtarıram
Ölmək üçün!

Səni yaza bilmədim
Bağışla dilim
Məni bağışla
Başqa bir dil öyrənirəm
Yaza bilmək üçün!

Dağılıram bu şəhərdə
Sevirəm, sevilə bilmirəm
Xırdaca mahna gəzirəm getmək üçün!

Bağışla anam
Səni sevə bilmədim
Başqa bir qadın axtarıram sevmək üçün!..

 

6.
Divarlar üz-üzə gəlir bu gecə,
Divarlar söz-sözə gəlir bu gecə,
Divarlar göz-gözə gəlir bu gecə,
Bu gecə divarlar arasındayam.

Qaranlıq qəlbimi əlinə alır,
Şairlik röyamı belinə alır,
Güdükçü şerimi dilinə alır,
Bu gecə ruhumun çarasındayam.

Yalqızlıq cismimi qılınclayarkən,
Röyalar fikrimi sonuclayarkən,
Kimi danlayarkən, o suçlayarkən,
Bu gecə dünyanın harasındayam?

"Baraz"-a ürəyim darıxdı ax ey...
"Ləvayi" bu gecə oyaqdı ax ey...
"Əmani" şerimə qonaqdı ax ey...
Bu gecə şerimin yarasındayam.

 

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)