Əhməd Cavadın 130 illiyi Özbəkistanda qeyd olunmaqdadır

 

Önəmli layihələrə imza atan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi əsasında bu il tanınmış Azərbaycan şairi Əhməd Cavadın 130 illiyi münasibətilə qardaş ölkədə silsilə tədbirlər və layihələr həyata keçirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi mediaya məlumat yayıb. 

Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə şairin bir sıra əsərləri tərcüməçi Şaxlo Qasımova tərəfindən özbək dilinə çevrilərək nəşr edilib. Nəşrin ədəbiyyatsevərlərin iştirakı ilə Bakıda Beynəlxalq Kitab sərgisində təqdimatı olub. 

Növbəti təqdimat Daşkənddə Özbəkistan Yazıçılar Birliyində keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzinizin sifarişi ilə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri Əhməd Cavadın əsərləri əsasında xüsusi konsert proqramı hazırlayıb. Konsert proqramında Özbəkistan Dövlət Konservatoriyasının musiqili-teatral studiyasının Xor Kapellası Azərbaycan-Özbəkistan-Türkiyə milli himnlərini ifa edilib. Tədbirdə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri Əhməd Cavadın “Can Azərbaycan”, “Türkün bayrağı”, “Şükriyyə”, “Lalələr”, Abdulla Aripovun “Men nechun sevaman O‘zbekistonni”, “Uluğumsan Vatanim”, habelə Mehmet Akif Ersoyun əsərlərini ifa ediblər. 

Dekabrın 9-da Özbəkistanda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində alim və tədqiqatçıların iştirakı ilə “İstiqlal şairlərimiz, dövlət himnlərimizin müəllifləri Əhməd Cavad, Abdulla Aripov, Mehmet Akif Ersoy” beynəlxalq konfrans keçirilib. Universitetin mərkəzi foyesində isə “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı Azərbaycan-Özbəkistan-Türkiyə sərgisi açılıb. Sərgidə Mərkəzi Asiya, habelə Qafqazların ən qədim dövr, orta əsrlər, habelə sovet dövrünə qədər tarixi xəritələri və istiqlal mübarizəsinə dair fotoşəkillər nümayiş etdirilir.

Qeyd edək ki, tədbirə Özbəkistan Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, Dövlət Konservatoriyası, habelə Türkiyə Respublikasının Özbəkistandakı səfirliyi, Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondu dəstək verib.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)