Fəxrəddin Qasımoğlunun detektivlərinin son dərəcə cazibədar olması səbəbləri

 

Detektiv janrı sirr deyil ki, tək bizim ölkəmizdə deyil, bütün dünyada ən çox mütaliə edilən janrlardan sayılır. Bu, tarixən belədir.

Hər yazılan da əsl detektiv ola bilməz. Riyazi dəqiqliklə hər şey hesablanmasa, konflikt sonadək qorunub saxlanmasa, həyəcan artan xətlə inkişaf etməsə və hadisənin çözülməsi peşəkarlıqla baş verməsə, həmin detektiv əsla sevilməz.

Fəxrəddin Qasımoğlunun indiyədək iki detektiv romanı ilə qarşılaşmışam. Hər ikisi bir-birindən gözəl. Sonadək hiss-həyəcan içində qalır, qəhrəmanların taleyini sanki öz taleyin kimi yaşayır, onlarla kədərlənir, onlarla sevinirsən.

Nədəndir onun romanlarının bu qədər təbii və sevilən alınması? Ondandır ki, Fəxrəddin Qasımoğlu hüquq-mühafizə sistemində çalışır, yazdıqları əksərən real həyatdan götürülüb. Onun yaratdığı xəfiyyə obrazının – Bəxtiyar Nəzərlinin məhz xəfiyyəliyin əlifbasını bilən şəxs tərəfindən ortaya çıxarıldığı ilk abzaslardan duyulur, burada peşəkarlıq nümunəsi hədsizdir.

Müəllifin romanlarının üstün cəhətləri onların yalnız maraqlı, cəzbedici olmasında deyil. Bu romanların cəmiyyətə faydası onların ditaktik təsirindədir. Onları oxuyan kəs cinayət törətməyin nə dərəcədə rəzil bir iş olmasını duyar, təmizlik və halallığa sövq olunar.

Bu romanların daha bir üstün cəhəti hüquq-mühafizə sistemində çalışan insanların ədəbiyyatımızda parlaq obrazlarının yaradılmasıdır. Gəlin razılaşaq ki, bu gün “yaxşı polis” obrazı demək olar ki, ədəbiyyatımızda yox dərəcəsindədir. Bizim asayişimizin keşiyində ayıq-sayıq dayanan bu insanlar, halbuki ən cəlbedici, ən oxunan romanların baş qəhrəmanları olmağa layiqdirlər. Fəxrəddin Qasımoğlu, deyək ki, bu işin öhtəsindən məharətlə gəlib. Mən şəxsən yaşlı bir qadından “Bu günlərdə “Son gecə” romanını oxudum. Oğurlanan qızın taleyi məni o qədər incitdi və peşəkar xəfiyyə tərəfindən onun xilas edilməsi məni o qədər sevindirdi ki, içimdə polisimizə hədsiz sevgi oyandı” etirafını eşitmişəm.

Ədəbiyyatın gücünün ən əyani təsviri bu deyilmi?

 

Varis,

Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)