İbrahim İlyaslı: “Hər kəsin ömründə, bir dəfə də olsa, bir zalım peyda olur“ Featured

Rate this item
(4 votes)

 

 “Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda bu gün İntiqam Yaşar sizi tanınmış şair İbrahim İlyaslı ilə görüşdürəcək. Söhbət Sumqayıtda, İbrahim İlyaslının müdirlik etdiyi yaraşıqlı Poeziya evində baş tutur.

 

-Salam, İbrahim müəllim, zaman necə keçir bu səksəkəli dövrdə?

 

-Səksəkəli dövr, elə hesab edirəm ki, arxada qalıb, artıq daha rahat dövrdür. Zəfərlə bitən müharibəmiz oldu. Doğrudur, pandemiya ilə bağlı xoş olmayan xəbərlər var, ölkədə hələ də gərginlik var. Xəstələrə də şəfa diləyirəm, dünyadan köçənlərə rəhmət, qalanlar özlərini qorusunlar.

 

-Şair İbrahim İlyaslının Qazaxdan Sumqayıtacan şeir yolu uzun oldu, yoxsa kilometrlər?

 

-Şeir yolu hər zaman hər kəs üçün uzun olub. Hər ömrün bir ölçüsü var, çünki şeir yolu bir ömrün yoludur. Qazaxda mən ədəbi mühitdə tanınmamışam, çünki orta məktəb dövrlərimdə nələrsə yazmışam, amma mənim ədəbi yaradıcılıqda bütün taleyim gəncliyimdən qucağına atıldığım Sumqayıtla bağlıdır. Artıq Sumqayıt ədəbi mühitinin yetirməsiyəm mən. Ruhən Qazağa bağlıyam, hər kəs kimi doğulduğum yerə bağlıyam, bu bağlılıq bu hər kəsin yazdıqlarına da yansıya bilir. Amma mühit olaraq Sumqayıt ədəbi mühitinin yetişdirməsi hesab edirəm özümü.

 

 -Zalımın halını yenə soruşa bilirsinizmi?

 

-Zalımın halı hər zaman soruşulmalıdır, o, bütün zamanların zalımıdır. (Gülür)

 

-O şeir çox uğurlu lirik şeirlərdən idi. Səslənmədən sonra bir başqa da populyarlıq qazandı. Bu populyarlığa qiraətmi, audio-tələbatmı səbəb oldu?

 

-Deyilənlərə görə, təbii ki, yaxşı qiraətçilərin arasında bu şeirin yayğın olmasının rolu böyükdür. O şeir yazılandan sonra Xəzər Süleymanlı qiraət etmədən öncə də aşıqlarımız tərəfindən səsləndirilmişdi. Aşıqlarımızın dilində var idi, aşıqlarımız saza qaldırmışdılar bu şeiri. Aşıq İlham, aşıq Şaiq, aşıq Elməddin, aşıq Şəhriyar  oxuyurdular, aşıq musiqisi sevənlərin rəğbətini qazanmışdı. Xəzər Süleymanlının səsləndirməsindən sonra isə daha da yayğın oldu gənclər arasında. Və o şeir mənim  o şeirlərimdəndir ki, həmən Türkiyə türkcəsinə uyğunlaşdırıldı, sonra Qazax türkcəsinə, Özbək türkcəsinə uyğunlaşdırıldı, ruscaya həm tərcümə olundu, həm də o dildə səsləndirildi. Bir sözlə, taleyi gətirən şeirlərdən oldu.

 

- Son dövrlərdə səsləndirilən ən gözəl şeirlər sırasında demək olar ki, birincilərdəndir "Necəsən" şeiri.

 

-Görünür, Xəzər də yaxşı səsləndirib yaşantıları, hissləri. Auditoriyanı, dinləyiciləri ələ ala bilir, təsirləndirə bilir. Yeri gəlmişkən, onu da deyim ki, bu sual mənə çox verilir. Hər kəsin ömründə, bir dəfə də olsa, bir zalım peyda olur və ona qarşı olan o böyük hisslər uzun müddət onu tərk etmir. Yəqin bu şeir də ona görə bu qədər sevilir və uzun müddət yaddaşlarda qalacaq. Mən belə başa düşürəm. Mən, ümumiyyətlə, səmimiyyətdən kənar şeir yazmıram.

 

-Ailədə mən bildiyim qədəri ilə iki qardaş şairsiniz, Məhəmməd Aslanbəylinin də şeirlərini oxumuşam. Niyə ədəbi mühitdən uzaq durmağı seçir Məhəmməd bəy?

 

-Məhəmməd bizim çağdaş şeirimizdə irfan şeirinin ən məşhur və istedadlı nümayəndələrindəndir. Bunu təkcə mən demirəm. Bu gün bizim ədəbi tənqidin ən görkəmli və önəmli  nümayəndələri hamısı Məhəmmədin şeirlərini oxuyublar, haqqında yazıblar, bilirlər. Sadəcə, Məhəmmədin şeir ruhu da tənhalığa doğrudur. Görünür, həm də şeirlərindəki ruhu həyat tərzi olaraq yaşayır. Və buna görə mətbuatla əlaqə yaratmaq istəmir. Amma oxucuları var, indiyə qədər yazdıqlarını oxuyanlar az olmayıb.

 

-Mən “Ədəbiyyat qəzeti”ndə oxumuşdum Məhəmməd bəyin silsilə şeirlərini.

 

- Mən heç zaman şeirlərini kinəsə təqdim etməmişəm ki, yayımlasınlar. Sağ olsunlar, özləri götürüb yayımlayırlar. Məhəmməd vaxtı ilə çox çap olunub, “Azərbaycan” jurnalında, “Ədəbiyyat” və digər qəzetlərdə. Görünür, maraqlı olub jurnalistlərə ki, indi də maraqlanırlar, araşdırırlar, çap edirlər, sağ olsunlar.

 

-Şeirə hansınız daha əvvəl başlamısınız?

 

-Məhəmməd məndən yaşca çox kiçikdir, ona görə də o məndən tez başlaya bilməzdi. Amma mənə qalsa, mən hesab edirəm ki, o məndən böyük şairdir. Yəni, onun duyğu yükü, məna yükü, irfan qatı çox böyük bir arealı əhatə edir.

 

-O, sufi-dərviş ruhlu şeirlər yazır. Sizin şeirlərinizi nə dərəcədə bəyənir? Ümumiyyətlə, aranızda ədəbi müzakirə olurmu?

 

-Vaxtı ilə çox olubdur. Hətta Məhəmməd hərbi xidmətdə olanda belə biz məktublaşırdıq və orada ədəbi prosesi müzakirə edirdik.  Ona görə də, əlbəttə, şeirlə bağlı bizim çoxlu müzakirələrimiz olub. Bilirsiniz də, hər yerdə belədir, ailədə kiçik qardaşın böyük qardaşın yolunu gözləməsi, pərdəni saxlaması və s. bu bir əxlaq normasıdır. Ona görə də, ola bilsin ki, müəyyən məsələləri tam açıb söyləyə bilməmişik bir-birimizə.

 

-Bir az da Şuşadan danışaq. Şuşaya nə əhvalla çatdınız, nə əhvalla döndünüz?

 

-Birincisi, çox sağ ol, yaxşı yoldaşlıq elədiniz, biz ayrı-ayrı arabalarda mənzil başına varsaq da. Mən Şuşa ziyarətim haqda “Ədəbiyyat qəzeti”ndə də yazmışam. Mənim o yazıda ən ilginc münasibətim o idi ki, "Şuşada təəssürat olmur, Şuşada heyrət olur." Sözün həqiqi mənasında mən orada olduğum bütün günləri-saatları heyrət içində yaşadım. Oranın təkcə coğrafi məkan olaraq gözəlliyindən söhbət getmir, ora həm də bir ruh məkanıdır. Çünki, orada Azərbaycan mədəniyyətini yaradan elə şəxsiyyətlər doğulub boya-başa çatıb, yazıb-yaradıblar ki, onların ruhları dolaşır Şuşanın göylərində. Buna görə də Şuşa bizə təkcə torpaq olaraq yox, bir canlı varlıq olaraq da əzizdir. Ruhani məkan olaraq da əzizdir. Hesab edirəm ki, Şuşanı tam olaraq anlatmaq, bütün konturlarını cızıb oxucuya çatdırmaq mümkün deyil. Sadəcə getmək, görmək və bu halları yaşamaq lazımdı. Nə xoş halımıza ki, uzun ayrılıqdan və acılardan sonra Şuşa bizdədir, biz Şuşadayıq. Vaqif Poeziya günlərinin uzun müddətli fasilədən sonra geri dönüşü, prezident İlham Əliyevin orada hamımızı etkiləyən tarixi çıxışı, Heydər Əliyev Fondunun yüksək təşkilatçılığı və s.  Bilirsən,  burada sadəcə hər hansısa tədbirin təşkilatçılığından söhbət getmir. Bu tədbirin təşkilati məsələlərinə böyük bir məhəbbət qatılmışdı. Özün də iştirak edirdin, görürdün. Bu işlə məşğul olanlar hamımıza necə məhəbbətlə, sevgi ilə yanaşırdılar. Cənab prezidentin çıxışından sonra yazarlarla səmimi söhbətləri, hər kəsin sualını cavablandırması çox səmimi bir ortam yaratmışdı. Mənə elə gəlir ki, Şuşada qeyri-səmimi olmaq mümkün deyil.

 

-Böyük qələbədən sonra ədəbiyyatımızdan  gözləntiniz nələrdir?

 

-Ədəbiyyatımızdan çox boyük gözləntilərim var. Uğur gözləntilərim var. İstənilən halda uğursuzluğa düçar olan cəmiyyətin yaradıcılıq potensialı da onunla müşayiət olunur. İstər-istəməz orada yalnız kədər notları, qəm notları ola bilir. Çünki, yaşantılar bundan ibarətdir. Başqa yolu yoxdu. Yazıçı cəmiyyətdə baş verənləri, o cəmiyyətin insanlarını yazır. O insanları yazırsa,  o ağrılar da mətnə yansımış olur. Sonra biz böyük qələbə, uğur, zəfər qazandıq.  Bundan sonra insanlarımızın alnı açıqdır, başı ucadır. Yəni, bu qalibiyyət, bu ruh halı da ədəbiyyatımıza mütləq yansımalıdır.  Artıq biz bunun işartılarını görürük. Qələbəmizlə bağlı şeirlər, esselər oxuyuruq. İri həcmli əsərlər təbii ki, belə tezliklə ortaya çıxa bilməz. Hesab edirəm ki, çox ciddi romanlar da yazılacaq. Çünki, bizim qələbəmiz sıradan bir qələbə deyil. Dünya hərb tarixində çox az nümunələr var ki, onu bizim zəfərlə müqayisə etmək olsun.

 

-Bütün müsahibələrdə bir sual gənclər üçün xüsusi maraq kəsb edir. Gənclərdən kimləri oxuyursunuz?

 

-Mən dünən Gəncəyə gedirdim. Yol boyu bu mövzuya dönə-dönə qayıtdıq. Bütün ümumi gənclikdən söhbət gedirdi. İntiqam bəy, əgər bir yazar, orta yaşlı nəsildən, ağsaqqal nəsildən olsun, ədəbi gəncliyinə diqqət eləmirsə, ona dəyər vermirsə, ona yardımçı olmursa, mən sadəcə o adamı anlaya bilmirəm. Çünki, bu, bir ağacın öz qol-budağını doğramasına bənzəyir. Hər bir aydın birinci öz millətinin gələcəyini düşünər. Millətin gələcəyi də onun qurduğu mədəniyyətin davamlı şəkildə irəliyə getməyidir. Onu irəliyə aparan da həmin millətin gəncliyidir.  O gəncliyin inkişafı üçün sənin bir qatqın yoxdursa, deməli sən yoxsan. Əgər o gənclik yoxdursa, sən dünəndən mövcud deyilsən. Bu mənada mən çox ümidliyəm bizim Azərbaycan ədəbi gəncliyinə.  Həm bilirəm ki, bizim Türk toplumu öz törəsindəki kurallara, qaydalara uyur, bu millət yenə qəhrəmanlar, alimlər, yazıçılar doğacaq və doğur da. Azərbaycan ədəbi gəncliyinə mən çox ümidliyəm. Sadəcə, adlar çəkəndə deyirlər ki, kimsə unuduldu, kimsə yaddan çıxdı. Və yaxud da, biri daha çox təbliğ olunur, indi də müsahibə zamanı tez yada düşür, adı çəkilir.  O biri gənclər isə inciyirlər. Amma, çoxlu imzalar, çoxlu adlar çəkə bilərəm. Yeri gəlmişkən, Dünya Gənc Türk Yazarlar Birliyinin də fəaliyyətini çox yüksək qiymətləndirirəm. Çünki, bu təşkilat təkcə Azərbaycanı əhatə eləmir, bütün Türk ölkə və topluluqlarındakı ədəbi gəncliyinin bir-biri ilə əlaqəsində, onların dünya ilə əlaqəsində, tərəqqisində çox böyük işlər görür. O işlərdə də sizə uğurlar arzu edirəm. Elə mənim iş fəaliyyətim hazırda söhbət etdiyimiz Əli Kərim adına Sumqayıt Poeziya evi ilə bağlı olduğu üçün, ən çox Sumqayıt ədəbi gəncliyi ilə ünsiyyətdə oluram. Və onların inkişafı üçün də əlimizdən gələni edirik və edəcəyik. İndiki ədəbi gəncliyə bizim ədəbi gəncliyə nisbətən  niyə çox üstünlük verirəm, çünki siz ədəbi gənclik Azərbaycanın bağımsızlığının, müstəqilliyinin yazarlarısınız. Biz istənilən halda Sovet dönəminin içindən çıxmışıq . Düzdür, biz o zaman dissitentləri oxuyub, bilin, onların yolunu tutmaq, yazmaq, dirəniş göstərmək və sonra bunun nəticəsini Milli Azadlıq hərakatına gətirmək və s. bunları etmişik. Amma, bir də var ki, tam bağımsız bir dövlətin vətəndaşları olaraq dünyaya gələsən və gözünü açanda qürurlu bir vətəndaş olduğunun fərqində olasan. Bu sənin yazdıqlarına yansımalıdır istənilən halda. Ona görə də, nə xoş bizim müstəqillik dövrümüzün yazarlarlarının halına.  Onların yazdıqları daha uğurlu olacaq, mən belə düşünürəm.

 

-Sumqayıt ədəbi mühiti fərqli bir alan kimi diqqəti çəkir. Buradakı ədəbi mühiti necə qiymətləndirirsiniz? Bakı ilə rəqabət deməyim də, müqayisə aparsaq, necə qiymət vermək olar?

 

-Bilirsiniz, tarix, zaman göstərir ki, təbiilik, səmimiyyət, bəzən hətta səmimi bir sadəlövhlük, adətən meqapolislərdən kənarda baş verir. Yəni, bu səmimiyyət, millətin gələnəkləri daha çox ucqarlarda qorunur. Sumqayıt isə Azərbaycanın bütün bölgələrindən gələn insanların oluşdurduğu bir şəhərdir. Burada Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada anadan olmuş insan yaşamasın. Yazarlar da tərkib olaraq onlardan hasil olub. Ona görə də, bizim ədəbi nəslə mənsub olan yazarların hərəsi Azərbaycanın bir bucağından gəlib. Bizdən sonrakı ədəbi nəsil isə burada doğulanlardır. Onlar Sumqayıtlı sənədi ilə, dünyagörüşü ilə ədəbiyyata gəliblər. Ona görə də Sumqayıtın Bakıdan əsas fərqi onda ola bilər ki, burada daha səmimi bir mühit olsun. Sumqayıt həm də əvvəldən öz ədəbi ənənələri olan bir şəhər olubdur. Bu mənada rəhmətlik Əli Kərimin, Vaqif İbrahimin, Xasay Cahangirovun adlarını çəkmək istəyirəm.  Onlar zaman-zaman bu ədəbi mühitə rəhbərlik ediblər, gəncliyə yol açıblar.  Və Ustadımız Əşrəf Veysəlli, Allah canını sağ eləsin. Bunlar Sumqayıt ədəbi mühitinin inkişafı üçün işlər görüblər. Sabir Sarvan rəhmətliyi də xatırlayıram, AYB-nin Sumqayıt bölməsinə uzun müddət rəhbərlik edib. Onun da bu şəhərin ədəbi mühitində ciddi xidmətləri var. Ona görə də Sumqayıtda bir ədəbi ənənə var. Onu da xatırlatmaq istəyirəm ki, virtual aləm yaranandan sonra bu məsələlər bir az sürüşmüş haldadır. Çünki, artıq hamı virtual aləmdədir, Bakı, Sumqayıt və digər şəhərlərimiz. Çünki, zamanın tələbinə uyğun olaraq gənclik hərəkətdədir, yalnız Sumqayıt çevrəsində qala bilməzlər. Bir halda ki, virtual aləm var, tərcümə olunmaq var, bu imkanlardan da yararlanırlar. Çünki, hamısı bu zamanın övladlarıdırlar. 

 

-Təşəkkür edirəm maraqlı söhbət üçün.

 

-Çox sağ olun.  Bir daha xoş gəldiniz.